Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə mübarizə tədbirləri davam etdirilir.
Ağdaş Rayon Polis Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Rəşid Musayev AZƏRTAC-a bildirib ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhər sakini, 1962-ci il təvəllüdlü Məmmədov Tofiq Məmməd oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsində olan xiyar istixanasında aqrotexniki qaydada qulluq edilmiş ümumi çəkisi 12 kiloqram, uzunluğu 53 santimetrdən 2,15 metrədək olan 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Bundan əlavə, polis əməkdaşları Tofiq Məmmədovun qardaşı, rayonun Malay kənd sakini 1958-ci il təvəllüdlü Məmmədov Tacəddin Məmməd oğlunun yaşadığı evin həyətindəki paxla sahəsinə baxış keçirərkən oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və çəkisi 2 kiloqram, uzunluğu 1 metr olan 4 ədəd narkotik tərkibli çətənə kolu aşkar edərək götürüblər. Tofiq Məmmədov narkotik yetişdirdiyinə görə əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsinin təhqiqat qrupu tərəfindən araşdırma aparılır.