Martın 28-də saat 21:10 radələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birlikdə Ağdaş rayonu Ləki kəndi ərazisində Kərimli Şirin Nizami oğluna məxsus 99HX408 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə satış üçün Bakı şəhərinə gətirilən 534 kq istehlaka yararsız ət aşkar olunub.
AQTA-dan verilən məlumata görə, vətəndaşa məxsus avtomobilə baxış zamanı avtomobilin yük yerində 3 baş mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkarlanıb. İlkin baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqonoleptik görüntülərinə əsasən istifadəyə yararsız olduğu müəyyən edilib. Ümumi çəkisi 534 kq olan ətin insan sağlamlığı üçün təhlükəli, ölmüş heyvanlara məxsus olduğu ehtimal edilərək ondan nümunələr götürülüb.
Nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.
Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək.
Müstəqil.Az