Ağıllı çərənləmə – Könül Nuriyevanın  hekayəsi

Ağıllı çərənləmə – Könül Nuriyevanın  hekayəsi

Əhəmiyyətli hadisələrin səbəbləri, ağır cinayətlərin sirri, isti münasibətlərə buz parçalarının düşməsi bilirsiniz nə ilə bağlıdır?

Detallarla.

Xırda , kiçik çox kiçik detallarla.  Siz pul sayan insanın simasına onun xəbəri olmadan baxsanız, acgözlüyün, hərisliyin sifətə həkk olunmuş ifadəsi ilə üzləşərsiniz. Sizə çox can yandıran insanın gözlərinə diqqətlə baxdıqda, dərinlikdəki ifadəni tuta bilsəniz,  bu hekayədəki qadının həyatını dəyişən kiçik nüansları düzgün analiz edə biləcəksiniz. Bir də ki, ” düzgün?” Bu kimə lazımdır, harda işə yarayır ki.

***

Mən Leylayam. Hə, bilirəm o dəqiqə düşüncəkəsiniz, bütün Leylalar gözəl olur,  üstəlik məni ələ keçirmək üçün ” Leylalar ağıllı olurlar” deyəcəksiniz.

Çox eşitmişəm, özümü yorğunluğun  final səhnəsini oynayan aktrisa kimi hiss edirəm.

Nənəmdən başlayım. Onunla birlikdə yaşayıram, yersiz iradlarından kitab yaza bilərdim, həvəsim olsaydı. Dondurma yeməmək  üçün saatlarla söylədiyi mühazirənin mənə xeyri olmadığını görəsən bilir?

İyirmi səkkiz yaşım var. Anam ölüb və öldüyü gün mən universitetin yataqxanasında qızlarla idim.  Ertəsi gün onun mənə zəng etmədiyini fərq edəndə , “yaxşı ki, bu gün baş- beynimi dəng etməyib” düşünürdüm. Birdən- birə özümü azad, çox azad hiss etdim,  may ayı idi, ətrafda kəpənəklər üçüşürdu. Həmin gün azadlığıma müdaxilə baxımından mənim o kəpənəklərdən fərqim yox idi. Hələ deyəsən  qollarımı da yana açmışdım.

Bu gün axşama kimi mənə zəng etməsə, “hardasan , yemək yedin, tərlədin?” kimi darıxdırıcı suallar verməsə , məni mütləq zəng etmək məcburiyyəti kimi öhdəliklə yükləməsə, anama meyvəli tort almağı da düşünürdüm.

Dərsimin bitməsindən dörd saat keçmişdi, mən Bayıl tərəfdə dəniz kənarında gəzirdim, əyləşirdim, dondurma yeyirdim. Tullanmağım gəlirdi, bunun əvəzinə velosiped sürürdüm. Hər halda ətraf mühafizəkar insanlardan xali deyildi.

Mən balaca olandan anam daimi dalımca gizlincə gəlirmiş, bunu sonralar özü mənə dedi. Üstündən illər keçsə də, çox əsəbləşdim. Adət başında qalmışdı, böyük qız idim,  məni qorumaq üçün  pullu izləyicilər tuturdu.  Olan- qalan son pulunu belə axmaq işlərə xərcləyən biri mənim anam ola bilməzdi. Guya mənə kimsə sataşar, zorlayar, çantamı alıb , qaçar, nəhayətdə oğurlayarmış. Yeniyetməlik illərimdə arxamca gölgə kimi gəzən saxta cangüdənlərdən elə yorulmuşdum ki, tez – tez binaların arxasında gizlənirdim ki, izimi itirsinlər. Sonra daha ağıllı tədbirlərə əl atdım,  konq- fu kurslarına yazıldım. Xasiyyətimdəki soyuqqanlılıq və cəldlik sayəsində  məşqləri tez qavrayırdım, özümü müdafiə  etməyi yaxşı bacarırdım.

Anam bununla da qane olmadı.  Mən onunla  gah səbrlə, gah uca səslə hər cür söhbətlər apardım . Belə etməməsini xahiş etdim, izahlar söylədim, öz şəxsi qorxularını mənə aid etməyinin faydasızlığını başa saldım,  xeyri olmadı.

Dünən isə arxamca düşən anamın sifarişli cangüdəninin gözündən güclə yayınmışdım. Elmlər Akademiyası metrosundan cəld çıxıb, daha doğrusu qaçıb,  yaxınlıqdakı  dükanların arxasında gizlənmişdim. Simasından axmaqlıq yağan kişi hər tərəfə baxsa da, məni tapmadı, gözlədi, gözlədi , çıxıb getdi.

” Ahh, azadlıq!” …

Gecəni evdə keçirtmədiyim üçün bu gün məni izləyən yox idi, üstəlik zəng də gəlmirdi.

Axşama kimi dolaşdım, qərara aldım ki, yenə qızlardan birinin evində gecələyim.   Zoya gilə getdim,  o qapını açdı,  çox sevindi, məni qapıdan itələyib bayıra atdı, qoluma girib yaxınlıqdakı ərzaq dükanından   çipsi, suxari, tum,  rakı aldıq.  Zoyanın film siyahısında maraqlı filmlər çox olurdu,  açıq- saçıq səhnələrə mühafizəkar münasibət göstərmirdi. Sərhədlər qoymurdu, sərbəstliyin hər qatını yaşayırdıq.

Rahat ev paltarında, musiqili, filmli , zarafatlı gecə, gəncliyin qayğısızlığı, damarlardakı çılğınlıq.. həqiqətən gözəl gecə idi. Və deyim ki, anamın ucbatından mənim iyirmi beş illik həyatımda belə günlər az olmuşdu.  O məni on səkkizinci əsrin üzü pudralı, saçı parikli, süni ədalara malik xanım- xatını kimi böyütmək istəyirdi.

***

Səhəri gün evə getmək lazım idi deyə getdim. Amma heç istəmirdim, həm də iki gecə idi ki , evdə gecələmirdim.

Qapını açdım, anam yox idi. Yuxarl mərtəbəyə qalxdım, onu qəhvəyi örtüklü taxtında üzüqoylu tapdım. Ağzının kənarından qan axmışdı, çox deyildi, bir damcıdan bir az artıq. Əlində məktub vardı. Mən həyəcanlandım desəm yalan olar. Ağlamağım heç gəlmirdi. Nə gizlədim, içimdə indiyədək duymadığım, ya da ki, bu evdə duymadığım qəribə, xoş yüngüllük hiss etdim. Xalama zəng etdim. Gəldilər, ağlaşmalar, müzakirələr, mərasim hazırlığı … Bütün bunlar mənə necə yad idi. Zoya da gəldi. Biz balkonda oturmuşduq. O təəccüblə gözlərini geniş açaraq mənə baxırdı.

– Niyə belə baxırsan, nə olub?

–  Heeç, Leyluş.

– Niyə ağlamıram deyə, maraq səni boğur?

– Düzünü deyim , hə.

Səhərdən əsən külək yerini yağışa vermişdi. İldırım da çaxırdı, axşam tərəfi idi, dünya nə gecə , nə gündüzün rəngində deyildi. Dünya şimşəyin rənginə bürünmüşdü.

-Bilirsən, Zoya insanlar həqiqi hallarını gizlədirlər. Anamın ölümü mənə rahatlıq gətirib. Həm də o bədbəxt idi, ölmək ona yaraşırdı.

– Axı əziz idi sənə, axı içində kədər olmalı idi, axı onu itirmisən. Bir daha olmayacaq axı!

– Ehh..

Mən söhbəti kəsdim. Zoya da söhbətcil olmadığımı bildiyi üçün susdu.

***

Soruşa bilərsiniz ki, iyirmi beş yaşım var, niyə hələ universitetdə oxuyuram? Məktəb vaxtı nə illah edirdilər , dərs danışmırdım. Valideynə şikayət , sinifdə danlamalar xeyir vermirdi. Məktəb təhsilimi bir – iki illik dondurmağa məcbur oldular. Buna görə gecikdim. Əslində mən insanlarla danışmaqdansa susmağı üstün tuturdum. Onsuz da fərq etmirdi.

İki mərtəbəli evimizi satdım. Anamın ölümündən sonra yeganə varis mən idim, məsləhət edəcəyim ,  şərik olacaq kimsə yox idi.   Ən böyük arzularımdan  birinə çatmışdım. Bir mərtəbəli, həyəti arko formasında yaşıllıqla bəzənmiş həyət evi aldım. Bəzəkli əşyalardan, təm- təraqdan uzaq, sadə dizaynlı, rahat vanna otağı olan evdə gecələr səhərə kimi işıq yansa da,  duşdan su damcılasa da, küçə qapısı açıq qalsa da  məni danlayan yox idi.

Deyəsən, xoşbəxt olurdum…

***

Hə,  hekayəmin əvvəlinə qayıdaq. İyirmi səkkiz yaşındayam. Lənətə gəlmiş türmədən təzə çıxmışam. Üç il idi orda idim. Anamı öldürməkdə ittiham olunmuşdum. Əhvalat belə olmuşdu.

Təzə aldığım evdə qaranlığın işıqla sevişməsindən,  həyətimdəki ağacların evimin pəncərələrini qucaqlamasından elə təzə – təzə zövq alırdım ki, düşündüm iş tapmalıyam.   Tapdım , ingilis dilini gözəl bildiyim üçün  çətinlik çəkmədim.

Müdir hündürboylu, sarışın adam idi. İlk gündən mənə qayğı ismarıcları ötürürdü. Mənim vecimə deyildi, mənasız gəlirdi. Hələ də düşünürəm ki, kişilərin mənim nəyim xoşlarına gələ bilər?  Soyuq üz ifadəm vardı,  qadın incəliyimdən söhbət gedə bilməzdi. Əynimdə don ya ətək görməzdiniz. Həmişə şalvarda , yaxası bağlı  köynəklər geyinirdim. Saçım qulaqlarım bərabərində kəsilmişdi. Mən bu dünyanın adamı deyildim. Olanlar məni həyəcanlandırmırdı. Qızların duyğulu şeriləri niyə sevməsini anlamırdım. Kimisə sevmək mənə qəribə gəlirdi. Həqiqətən bunu anlamırdım, anlamaq istəyim də yox idi.

Müdirin az qala ağzına girəcək sarı bığlarını hər gün görmək belə, mənim buz təbiətimin reaksiyasına səbəb olmurdu.

O mənə ailəsi olduğunu, amma bura gəldiyim ilk gündən mənə vurulduğunu demişdi. ” Hə, nə olsun?”  sualı ilə üzünə mattım- mattım baxmışdım. Uzun müddətli çiçəklərinə,   rəngli not kağızlarına cavabslzlığım onu dəliyə döndərirdi. Özüməinamım elə güclü idi ki,  onun hərəkətləri mənə təsir etmirdi. İşə gedirdim, gəlirdim, öhdəmə düşəni edirdim.

Evim üçün tələsdiyim axşamların birində qapımda polis işçiləri gördüm. Əlimi bağlayıb , bölməyə apardılar. Anamı öldürməkdə ittiham etdilər.

– Ananı sən öldürmüsən?

– Xeyr.

– Həmin gün evdə idin?

– Xeyr.

– Ananın ölümü sənə pis təsir etdi?

– Xeyr.

– İşləyirsən?

– Bəli.

– Mudirinlə aran necədir?

– Normal.

– Sevdiyin var?

– Xeyr.

-Səni ananı öldürməklə gunahkar bilirik.

– Siz bilərsiniz. Mən etməmişəm bunu.

– Bəs onda niyə yas mərasimində  ağlamadın?

– Ürəyimdən gəlmədi.

– İzah edin.

– Çox şeyin izahl yoxdu.

– Anan sənə məktub ya vəsiyyətnamə qoydu?

– Hə, amma oxumamışam.

– Tfu!! Lənətə gələsən!!

Nə etmişdim ki, o  qəzəblənmişdi. Ümumiyyətlə insanlar niyə əsəbləşir? Niyə mənim sakit halım onları özündən çıxarır? Niyə mən onlar kimi deyiləm deyə, narahat hallarını mənə aqresiyya kimi nümayiş etdirirlər?

Nə vaxtsa baxdığım bir filmin qəhrəmanın gününə düşmüşdüm.

***

Mən uşaq olanda bizim  məhəllə narkomanlarla dolu idi. Hər tində iylənən, hətta arvadına damarına iynə  vurmaq əmri verən kişilər vardı. Anam məni psixoloqa aparanda  onlara görə qeyri- normal davranışımın səbəbi məhəllə imiş. Özümə qapanmağımın səbəbləri haqqında düşünmürdüm. Nə fərq edirdi.

Bir ya iki dəfə qonşu uşaqları ilə oynadım, mənasız idi. Onların aşırı sevinci mənə   dənizdən ayrı düşmüş qağayının halını xatırladırdı. Su axtarır, dən axtarır, amma qumla qarşılaşır. Kənara çəkilib onlara baxırdım. Ya da gizlənqaç oyunlarında gizləndiyim yerlərdən saatlarla çıxmırdım. Sidiyə getməyim gəlməsə idi, axşama kimi orda oturardım. Susurdum, saatlarla..

Vaxt keçdikcə  bu vəziyyətimdə özümü daha  rahat hiss edirdim.

Daha uşaqlara qarışmadım. Elə bilirsiniz kitab oxudum?

Yoox!

Filmlərə baxırdım, bu ən sevdiyim məşğuliyyət idi. Anamın məni həmsöhbət kimi görmək arzusunu puç etdiyimi xatırlayıram. Yaşarmış gözləri ilə ”  bu həyatda bəxtim nə anamdan , nə ərimdən , nə uşağımdan gətirmədi”.

Nənəmlə küsülü idi, atam da    dövlət tərəfindən müxalif mövqeyinə görə həbs edilmişdi, uzaq şəhərlərin birinə sürgün edilmişdi.

Mən uzun uzadı vəkillə söhbətlərə, məhkəmə proseslərinə səbrlə dözdüm desəm, düz olmayacaq. Çünki, mən onlardan uzaq , özümün sakit dünyamda idim. İnsanlara baxırdım, amma görmürdüm. Üç il həbsdə qaldım. Həbsxana həyatım daha sakit , daha təhlükəsiz keçdi. Sonra məlum oldu ki, müdirim mənim onu narahat edən kimliyimi, daxili halımı sındırmaq üçün anamı öldürmək planını qurub, polisə xəbər verib. Uzun müddət gözləyib ki, mən kimsəsiz vəziyyətimlə bağlı olaraq, ona ağız açıb, kömək istəyərəm. Mənim sükunətim onu daha da özündən çıxarıb, bunun şər olduğunu, əsl niyyətini etiraf ederek , uzaq şəhərlərin birinə gedib. Deyilənlərə görə başı havalanıb,  danışığını bilmirmiş, idarə işlərinin öhdəsindən gəlməyi mümkünsüz imiş . Deyilənlərə görə.. Gülümsəyirəm. Mən deyilənlərə nə vaxt əhəmiyyət verdim ki?..

Yadımdan tamam çıxmışdı, mən olmayan müddətdə nənəm evimə gəlib, həyət- bacaya , ev- eşiyə sahib durub. Unutduğum bir şey də var , anamın məktubu. Söz verirəm, oxuyan kimi sizinlə bölüşəcəyəm. Hərçənd bilirəm ki ,  məktub ” qızım yola tək çıxma, yan- yörənə bax, bir az istiqanlı ol” kimi cümlələrlə başlayır.

***

Evimdəyəm. Nənəmlə film izləyirik. Danışmırıq, demək olar ki , gün uzunu vacib kəlmələrdən başqa.  Ekranda ”  Mata Xati” gedir.   Növbədə ” Sakit Don” var…

Günlər keçir. Mən başqa işə düzəlmişəm. Saçlarım uzanıb. Atamdan məktub almışam. Məni Rusiyaya , heç olmasa bir dəfə onunla görüşə çağırır, görmək istədiyini yazır. Məktubu qısadır, əzizləmələr, ehtiyatlı olmaq haqqında cümlələr yoxdu. Bu cəlbedici görünür.

**

Yol sərgüzəşti danışan adam olsaydım, jurnalist ya yazıçı olardım.  Bəlkə də səyyah. Amma siz məni tanıyırsınız.

Atamla görüş alıram. Hündür boylu, iri sümüklü kişidir. Gözləri qıyıqdır, yekə əlləri var. Böyük əlləri olan insanlar vəhşi əcdadlarına müəyyən mənada yaxındırlar. Bu sadəliyin əlamətidir, çoxbilmişliyi bildirmir.

-İşləyirsən, Leyla?

– Bəli.

-Ananın ölüm səbəbi nə oldu?

– Bilmirəm.

-Vətəndə insanlar çoxmu kasıb yaşayır?

– Kasıblıq şəxsi keyfiyyətlərlə bağlıdır.

-Dövlət gənclərə qayğı göstərirmi, əlavə imtiyazlar, ev, təhsil , səhiyyə sahəsində?

– Gənclər dünyanın hər yerində məqsədə çatmaq üçün vasitədir. Gənclərin xeyrini düşünən yoxdur, gənclərdən xeyir götürməyi düşünən çox.

– Ədalətli hakimiyyətə inanırsan?

– Ədaləti olan insan hakimliyə gələn yolda, ədalətsizlərin qurduğu tora düşür. Buna görə də ədalət və hakimlik əbədi arzulanan, amma baş tutmayan xülyadır.

-Gələcəyinlə bağlı nə düşünürsən, Leyla?

– Keçmiş olmadığı kimi gələcək də yoxdur. Hər ikisi indini bizə unutdurmaq üçün yaradılmış mənasız sözlərdir. Keçmiş və gələcək məfhumları şairlərə bir də deyingən qadınlara lazımdır.

-Mən yadına düşürdüm , qızım?

-Görmədiyim fəsli necə xəyal edə bilərəm?

Atam susdu.

Gözləri isə hələ danışırdı. Ən çox isə əlləri.

Dəmir barmaqlıqlara söykənmiş əlləri bayraq tutmaq, vətənə aid şüarlar yazılmış plakatları sərgiləmək,   sosial rifaha, ictimai birliyə həsr olunmuş söhbətlər gedən otaqların qapısını açmaq üçün səbirsizlənirdi.

 

 

 

Share: