Ağıllı və layiqli olmağın resepti – Kamal Səlimov

Ağıllı və layiqli olmağın resepti – Kamal Səlimov

“Ağıllı” ol

Ata döyə, söyə, bir yerini sındıra, təhdid edə, qısnaya hətta təcavüz də edə bilər. O, evin kişisi və sənin sahibindir. Qardaş da ata kimi, sənin ikinci sahibindir. Atan ipini buraxanda o tutur.

Ana döyə, təhqir edə, aşağılaya, bütün etdiklərini boşa çıxara, yarım qalan xəyallarının, əzablarının hirsini sənin üstünə tökə bilər. Çünki ana müqəddəsidir. Çünki ananın vurduğu yerdə gül bitər. Çünki ana nə deyirsə, düz deyir.

Məktəbdə müəllim, direktor səni təhqir edə bilər. Lap səni döyər də… Çünki ətin onun, sümüyünsə valideyinlərinindir.

Məktəb direktoru səni öz otağına çağırıb “düz yola” çəkmək üçün “yubkan qısadır, onu uzat” deyə tənbehləyə bilər. Çünki o böyükdür. Onun əlində salahiyyət var və sən ona qarşı getsən, səlahiyyətlərindən sui-istifadə edər.
Ağıllı və layiqli olmağın resepti

Məktəbdə oğlanlar səni qısnaya bilər. Burda da günahkar sənsən. Əgər sən “ədəbli” geyinmirsənsə, ehtiyaclarını ödəmək üçün tənəffüsü sinifdə yox, dəhlizdə, bufetdə keçirirsənsə, adını əxlaqsıza çıxara bilərlər.

İdman dərsində hansısa oyunda aktiv iştirak etsən, ya dar idman şalvarı geyinsən, məktəbdəki oğlanlar sənə göz də qoya bilər. Axı sən özünü onlara göstərirsən. Əgər bunun baş verməməsini istəyirsənsə çox qaçma, oynama, bağrın çatlasa da, tənəffüsdə dəhlizə çıxma.
Küçədə istənilən adam sənə söz ata, maşını saxlayıb sataşa bilər. Hətta irəli gedib maşına da basar. Səni qaçırmırsa, deməli, çox vicdanlı insandır və sən buna görə ona minnətdar olmalısan.
Küçədə başına nəsə gəlibsə, demək, nəsə etmisən ki, diqqəti özünə çəkmisən. Axı sən niyə qısa, uzun, dar, boş, açıq, qapalı, qalın, nazik geyinirsən ki, başına da iş gəlsin? Axı sən necə səhər, günorta, ya gecə küçədə gəzə bilərsən?

Deməli günah səndədir

Hətta sən geyinəndə qarşı cinsin “zövqünə” xitab etməyəndə də günahkarsan. Gah qısa geyinib “müasirlik ilə əxlaqsızığı dəyişik salırsan”, gah şalvar geyinib özünü kişiyə oxşadırsan, gah uzun geyinib “sıxıcı” qadın olursan, gah hicab taxıb konservativ, gah da çadra taxıb İranın köləsi olursan. “Ağıllı olsan”, olmayan orta nöqtəni tapıb həm təhlükəsizlikdə olarsan, həm qınanmazsan, həm də “ali cinsin” gözünü oxşayarsan.
Sənə avtobusda, ya da metroda toxunub narahat edirlərsə, yenə günahkar sənsən. Axı sən qadınsan. “Əxlaqlı olsaydın”, heç o qədər kişinin olduğu nəqliyyata yaxınlaşmazdın. İşinin- gücünün adı nədər? Otur gözlə, boş avtobus gələndə minərsən.
Evdə ərin səni döyürsə, demək nəsə “zibil qaynatmısan”. Yoxsa kişinin damarına basmasan niyə durub səni döysün? Yeməyini vaxtı-vaxtında versən, dadlı bişirsən, evi tər-təmiz etsən, uşaqları yaxşı susdursan, hər dediyinə səs çıxarmasan, xəyanətini etiraz etmədən qəbul etsən, evin kişisini çox xərcə salmadan pulu idarə etsən, küçəyə evə ərzaq almaqdan başqa səbəb üçün çıxmasan, telefonla icazəsiz danışmasan, “əxlaqlı” geyinsən, axı bu bədbəxt kişi səni niyə döysün? Demək sən yaxşı dözmürsən, ağıllı at deyilsən ki, səni qamçılayırlar. Qabiliyyətin yoxdur. Elə yaxşı dözmədiyinə görə də döyülməyə, söyülməyə, təhqir olunmağa layiqsən.

“Layiqli” vətəndaş ol

Sən başa düşsən ki, vəzifəcə səndən yuxarı şəxslərin dediyinə əməl etməlisən, qabağına nə atılırsa, onunla da kifayətlənməlisən, onda rahat da “sürünəcəksən”. Heç kim aparıb səni dama basmayacaq.
Vaxtı-vaxtında məktəb müəllimlərinə, direktora rüşvət versən, onlar da övladınla yaxşı rəftar edər. Sənin uşağına maneə yaradırlarsa, incidirlərsə, demək sən pis valideyinsən. Çünki ağzını açıb gözləyənlərin yemini vaxtı-vaxtında vermirsən. Onlar da nə etsin? Çarəsiz qalıb başlayırlar uşaqları gəmirməyə…

Universitetin illik ödənişini ödəyə bilmirsənsə, qovulmağa məhkumsan. Axı təhsil sənin haqqın deyil. Şansın gətirdi, bank krediti ilə pulu ödədinsə, müqabilində yenə normal təhsil ala bilmirsən. Kəs səsini otur. Əsas odur sənə heç nə qazandırmayan universiteti bitirib “layiqli” övlad olasan. Aldığın diplom onsuz da ixtisasın üzrə olmayan hansısa işdə, masanın laxlamaması üçün ayağının altına qoymaqdan başqa heç nəyə yaramayacaq.

Sənin yaxınların xəstəxanada normal səhiyyənin, savadlı həkimin, ya da lazım olan keyfiyyətdə dərmanın olmamasından ölürsə, bu da sənin günahındır. Yaşadığın ölkədə niyə də normal səhiyyə olmalıdır? Kimin sənə borcu var? Canın çıxsın, sən də oğurlamağın, rüşvətin bir ucundan tut, tala, yaxınını apar ya özəl xəstəxanaya, ya da xaricə, müalicə etdir.
Dövlət xəstəxanasında insanlığına tüpürmüş “yazıq” həkim, onkoloji xəstələrdən pul qazanan deputat nə etsin?

Bu baş verənlərin fonunda depresiyaya, boşluğa düşürsənsə də, axmaqsan, zəifsən. Sən kifayət qədər bacarıqlı və əzmkar kölə deyilsən. Hələ mühakimə edirsənsə öndərlərinə, qabağına yal atanlara qarşı gedirsənsə, heç “lazımlı” vətəndaş deyilsən. Sən elə ölsən yaxşıdır.
Sorğulama. Qəti sorğulama. Sadəcə sus və xidmət et. Xidmət et ki, yuxarıdakılər baxıb daha da ləzzət alsın. Ləzzət alanda bəlkə ovcundan bir az da sənə yem düşər və bundan faydalanarsan.

Müqəddəslər naminə sus!

Səndən başqa hər kəs, hər şey müqəddəs, toxunulmazdır. Mühakimə edilmir. Ana, ata, böyük bacı, qardaş, müəllim, direktor, hökümət, sistem. Onlar vaxtı ilə istedadlı kölələr olub və günümüzdə sənin sahibindir.

Yaxşı kölə özünə qamçı vurdurmaz. Sən yaxşı kölə olsan polis döyməz, içgəncə verməz. Cibindən sənə aid olmayan əşya çıxmaz. Sən yaxşı, əzmkar, istedadlı kölə deyilsən. Ona görə də davamlı döyülməyə, olmayan azadlığının əlindən dönə-dönə, sonuna qədər alınmasına məhkumsan.

Biz, bir qrup gənc də hələ bacarıqsız kölələrik. Sayımız artmadıqca, birləşmədikcə də döyülməyə, söyülməyə, təhdid və hər növ təyziqə məruz qalmağa məhkumuq.
Müəllif: Kamal Səlimov
Share: