Müstəqil.Az qürbətdə yazıb yaradan Rizvan Cəfərlinin şeirlərini təqdim edir:
Ağrımadı gözlərimdən axan yaş
Əzab mənim, ağrı mənim canımda,
Ağrılarla doğmalaşdım beləcə…
Bir həyatın nəhrəsində çalxanıb,
Gilə-gilə yağmalaşdım beləcə…
Ağrılar da cürbəcürdü nədənsə,
Ağrının da doğması var, yadı var…
Ağrı var ki, məhəbbətdən yaranır,
Ağrı da var, kin-kidurət dadı var…
Ağrıları çox sevirəm nəsə mən,
Ağrılarda saf dünyamı tapıram…
Yaşadıqca nəfəsində ağrının,
O əyilən səf dünyamı tapıram…
Mən ağrını səmalarda görürəm,
Ağrı mənim günahımın güzgüsü..
Qılınc-qalxan nə edəcək de mənə?
Ağrılardı öz ruhumun süngüsü…
Yol-cığırın nə günahı qardaşım,
Məm ağrını izlərimdə yaşadım…
Ağrımadı gözlərimdən axan yaş,
Mən ağrını gözlərimdə yaşadım…
Bəlkə son məktubum sənə yetərdi
Mən sənə bir məktub yazmışdım onda,
Gizlədib başımın altına qoydum…
Ünvanı sən olan son məktubumu,
Ruhumun ən dərin qatına qoydum…
Hər gecə yastığın altında xəlvət,
Bir məktub göyərdi, məktub cücərdi…
Mənim o məktubum vüsal yerinə
Həsrətdən bar verdi, həsrət becərdi.
Bilirsən, hər gecə yuxularımda,
Məktub çiçək açar, məktub bitərdi.
Yollara düzsəydim məktublarımı,
Bəlkə son məktubum sənə yetərdi.
Bu dünya Allahı unudub çoxdan
Bilmirəm dünyaya niyə gəlirdim,
Mənim bu dünyada nə işim vardı…
Bu dünya mən gəzən dünya deyil ki,
Burda hakim olan dövlətdi, vardı…
Burda iblislərə mələk deyirlər,
Burda mələkləri tora salırlar…
Burda günahlılar cənnət bağında,
Burda düz olanı qora salırlar.
Bu dünya Allahı unudub çoxdan,
Bu dünya bütlərə sitayiş edir…
Bu dünya qurdların kökünü kəsib,
Əsilsiz itlərə sitayiş edir…
Müstəqil.Az