Avropa İttifaqı (Aİ) administrasiyası martın əvvəlində Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə zəlzələdən zərər çəkən Türkiyə və Suriyaya kömək məqsədilə donor konfransı təşkil edəcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Aİ Komissiyasından verilən açıqlamada Komissiya sədri Ursula von der Leyen və Aİ-nin müddətli prezidenti İsveçin Baş naziri Ulf Kristerssonun Türkiyə səlahiyyətlilərinin koordinasiyası ilə belə bir konfrans təşkil etmək istədikləri bildirilib.
Açıqlamada məqsədin Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə beynəlxalq ictimaiyyətin maliyyə yardımını səfərbər etmək olduğu və konfransın martın əvvəlində Brüsseldə keçirilməsinin planlaşdırıldığı bildirilib.
Bildirilib ki, yüksək səviyyəli konfrans Aİ ölkələri ilə yanaşı, qonşu ölkələr, BMT üzvləri, beynəlxalq maliyyə institutları və digər qurumlar üçün açıq olacaq.
Konfransa Aİ Komissiyasının məsul üzvü Oliver Varheli ilə İsveçin Beynəlxalq İnkişaf, Əməkdaşlıq və Xarici Ticarət naziri Yohan Forssel sədrlik edəcək.