Bir dəfə də yaşamışdım bu ağrını , o üzdən özümü onu bağışlamayacağıma , yumşalmamağa məcbur edirdim. Belə cəzalandırmaqla “bəlkə ailə həyatımıza düşən çatı qurtara bilərəm” deyə azacıq ümid yaradırdım özümdə . 2013 – cü il idi, bir illik cəza ayrılığından sonra yenə ocağımdan qopa bilmədən qayıtmışdım yuvamıza … amma daha evimiz yox idi!
Məndən xəbərsiz evimiz satılıb, əşyalarım başqa bir ünvana daşınıb üst – üstə necə gəldi qalaqlanmışdı. Ürəyim ağrıyırdı, üstünə toz belə düşməyə qıymadığım əşyalarımın zibilliyə oxşar hala düşməsinə.
…Ondan 5 il ötməsinə baxmayaraq ailə həyatımızda hər şey yenə darmadağın idi… onun on aylıq məhbus həyatı bitmiş, mən yenə evdən çıxıb gedərək hər şeyi ona buraxmışdım. O yanına bir qadın alaraq mənim cehizlərimin içində həyat sürürdü. Mən də adada yaşayaraq, kirayədə qalırdım, zavodda işləyirdim. Yenə də yazırdı…bu dəfə neçə telefon nömrəsi dəyişdikdən sonra daha nömrəmi tapa bilmədiyindən, fasebookdakı profilindən profilimin mesencerinə yazırdı. Yenə eyni dialoqlar davam edirdi… o həmişəki yalanlarına inandırmağa çalışırdı məni, mən də adətim üzrə yalan olduğunu bildiyimdən qəzəbimi saxlaya bilməyərək əsəbi cavablar yazırdım. Boşanmaq üçün yalvarırdım. O isə həmişəki kimi heç vaxt və heç bir məhkəməyə gəlməyəcəyini söyləyirdi. Buna baxmayaraq beşinci dəfə boşanmaq üçün ərizə ilə yenə də məhkəməyə müraciət etmişdim . Oktyabrın 15 – də nəhayət məhkəməmiz olub bitəcəkdi, qanuni şəkildə 24 illik evliliyimizə son qoyacaqdıq. Son yazışmamız hələ də durur, ikimizin də profilində… ürəyində kəskin ağrılar başladığını, ayağının tutulduğunu, yeriyə bilmədiyini söyləyib sızıldayırdı. Bu dəfə dözmədim, danladım, həkimə getməsini, təcili müalicəyə başlamasını tələb etdim.
-“İstəmirəm , gecələr yata bilmirəm, sənə çəkdirdiklərimdən vicdan əzabı çəkirəm. Sənə yaşatdıqlarımdan üzünə baxmağa üzüm yox, ölmək istəyirəm. Ölüm qurtulum, canım qurtarsın can əzabından, məhkəməyə də gəlməyəcəm . Yorulmuşam, mən səni boşamayacam , məhkəmə necə boşayır özü getsin boşasın” – dedi…
İndi düşünürəm… o zaman ona son şansı versəydim , bağışlasaydım, bəlkə ölməzdi, indi sağ idi – deyərək 23 aydı özümə vicdan işgəncələri yaşadıram , məni həyatda maddi və mənəvi çətinliklərlə baş – başa buraxmağına baxmayaraq!
Əslində “bəlkə daha düzəlib, barışım “-deyə biraz düşündüm də, ürəyim ağrıyırdı həm ona , həm özümə …ən gözəl illərimizi bərabər yaşamışdıq …ən gözəl!
Olanları düşünüb amansızcasına yenə qəddarlaşdım, “bitməli” – deyə hökm verdim!
Etiraf edim ki, o qərar üçün sonralar nə qədər göz yaşı tökdüm…”keşkə bağışlasaydım, ömrünün son 20 günündə yanında, başının üstündə olsaydım”- deyə nə qədər yanıb töküldüm…
Sentyabrın 30 -u idi, saat 6 -ya qalırdı. Gecə növbəsində işləyirdim, iş növbəmin vaxtı idi. Çantamı götürərkən telefonuma zəng gəldi, bacım idi.
– “Bacı, indicə zəng edib xəbər verdilər, Vaqif infarktdan dünən vəfat edib, bu gün basdırıblar Biləcəridə, anasının yanında” -mən bunların zarafatmı, doğrumu olduğunu anlaya bilmirdim. Bütün işıqları söndürüb dəli kimi evin içində dörd dolaşırdım, “ola bilməz, o ölə bilməz” – deyə öz – özümə danışaraq ağlımı qaçırmaq üzrəydim. İndi də anlaya bilmirəm, hansı qüvvə və nə məni o gecəki intihardan qoparda bildi, səhəri mənsiz ölən , mənsiz dəfn olunan, bu gündə yas mərasimlərində oxşamağa dilim gəlməyən, gizlinə keçib ağladığım 24 illik həyat yoldaşımın yasına gedərkən saçımı daramaq üçün güzgüyə yaxınlaşanda aynada gözlərimi tapa bilmədim. Şişmiş ət parçasının içində itib batdığından gözlərimə qara eynək taxmağa məcbur qalmışdım. Amma yol boyu “bəlkə barışmaq üçün özünün ölüm xəbərini düşünüb” – deyə özümü son ümidə inandırırdım. Axı adət etmişdim, bütün həyatımız söylədiyi yalanlarla keçmişdi, ömür boyu o qədər yalan danışmışdı ki…