AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli “Çin-Azərbaycan münasibətləri” silsilə mühazirələri çərçivəsində Çinin aparıcı elm və təhsil ocaqlarının alimləri və gənc tədqiqatçılarına mühazirə oxuyub. Çin Sosial Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə akademik İsa Həbibbəyli “Qədim İpək yolu üzərində Azərbaycan-Çin ədəbi və mədəni əlaqələri” adlı məruzə ilə çıxış edib.
Məruzədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikası ilə əlaqələrə xüsusi önəm verdiyi vurğulanıb. Azərbaycanın Ermənistan üzərində tarixi qələbəsindən sonra iqtisadi, siyasi, mədəni əlaqələrimizin daha da inkişaf edəcəyiniə ümid etdiyini bildirib. Zəngəzur dəhlizinin açılmasından sonra regionun inkişafında yeni bir mərhələnin başlanacağını xüsusi vurğulayıb. Qədim İpək yolu kimi bu dəhlizin önəmini qeyd edib.
Akademik İsa Həbibbəyli həmçinin “Nizami Gəncəvi İli” tədbirləri çərçivəsində həyata keçirilən irimiqyaslı işlərdən də söz açıb. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında Çin qızının söylədiyi “Xeyir və şər” hekayətinin təhlilinə xüsusi yer ayırıb. Klassik Azərbaycan ədəbiyyatında zəngin Çin obrazları haqqında fikirlərini çatdırıb. Eyni zamanda Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Çin mərkəzinin gördüyü işlərdən danışıb.
Tədbirə Çin Sosial Elmlər Akademiyası Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Tədqiqatlar İnstitutunun, Çin Sosial Elmlər Akademiyası Çin Mədəniyyəti Mərkəzinin, Çin Dövlət Şurasının İnkişaf Mərkəzinin, Şimal-Qərb Universitetinin İpək Yolu Tədqiqatlar İnstitutunun, Sincyanq Sosial Elmlər Akademiyasının, Çinqhua Universitetinin, Pekin Xarici Dillər Universitetlərinin alimləri iştirak ediblər.
Tədbirin sonunda çinli gənc alimlər akademik İsa Həbibbəyliyə suallar ünvanlayıblar.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
Müstəqil.Az