Akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyası çap olundu

Yeni dövrləşdirmə konsepsiyası (İsa Həbibbəyli: “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri”.
Bakı, “Elm”, 2019
 
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyası çap olunub. “Elm” nəşriyyatında işıq üzü görən kitab Azərbaycan ədəbiyyatı tarixinin elmi-nəzəri cəhətdən dövrləşdirilməsinə həsr edilmiş ilk monoqrafik tədqiqatdır.
Ədəbiyyatşünaslıq elmində ilk dəfə akademik İsa Həbibbəyli tərəfindən hazırlanmış sistemli dövrləşdirmə konsepsiyası əsasında çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələləri müəyyən edilmişdir. Elmi yeniliyi və əhəmiyyəti nəzərə alınaraq, tədqiqat işi çap olunmamışdan qabaq AMEA Rəyasət Heyətinin, AMEA Humanitar Elmlər Bölməsinin, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi şurasında və Beynəlxalq Türk Akademiyasının (Nur-Sultan) iclaslarında geniş müzakirə olunmuşdur.
Kitabda Azərbaycan ədəbiyyatı tarixinin təzkirəçilikdən elmi icmallara, ədəbiyyat tarixlərinə qədərki inkişaf yolu izlənilib təhlil olunmuşdur. Bundan başqa, Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirməsi zamanı Azərbaycan xalqının milli maraqlarından və dövlətçilik meyarlarından çıxış edilərək aşağıdakı prinsiplərə əsaslanmaq faydalı hesab olunmuşdur:
1. Azərbaycançılıq məfkurəsi; 2. Sivilizasiya faktoru; 3.Azərbaycanda ədəbi cərəyanlar. 4. Ədəbi-tarixi prosesin reallıqları;
Kitabda Azərbaycan ədəbiyyatı tarixinin on inkişaf mərhələsi göstərilmiş və hər bir ədəbi mərhələ elmi-nəzəri cəhətdən geniş şəkildə əsaslandırılmışdır.
1. Qədim dövr Azərbaycan ədəbiyyatı. Etnosdan-eposadək (ən qədim dövrlərdən VII əsrə qədər)
2. Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər)
3. İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər)
4. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər)
5. Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər)
6. Azərbaycan ədəbiyyatında maarifçi realizm mərhələsi (XIX əsr)
7. Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda sovet hakimiyyətinədək)
8. Azərbaycan ədəbiyyatında sosialist realizmi dövrü (1920-1960-cı illər)
9. Milli-mənəvi özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi. Modernizm (1960-1980-ci illər)
10. Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən)
Həcm etibarilə 450 səhifədən ibarət olan monoqrafiyada Azərbaycan ədəbiyyatının keçdiyi çoxəsrlik inkişaf yoluna dair hər bir mərhələsinin şərhi verilmiş, elmi cəhətdən və ədəbiyyatdan gələn nümunələrlə əsaslandırılmışdır.
Akademik İsa Həbibbəylinin «Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri» monoqrafiyasında milli ədəbiyyat tariximiz mərhələlər üzrə dövrləşdirilərkən uzun illər ərzində əsas meyar kimi qəbul edilmiş marksist ictimai formasiyalar nəzəriyyəsinin tətbiqindən imtina olunmuşdur.
Hələlik Müstəqil Dövlətlər Birliyi ölkələrinin heç birində, həmçinin, qonşu ölkələrdə ədəbiyyat tarixinin dövrləşdirilməsi üzrə elmi-nəzəri təsnifat aparılmamışdır.
Ciddi elmi-nəzəri əhəmiyyətə malik olan «Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri» monoqrafiyasının elmi redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Ertəgin Salamzadə, məsul redaktoru filologiya elmləri doktoru Əlizadə Əsgərlidir.
Kitab tədqiqatçılar, ali məktəb müəllimləri və tələbələri üçün faydalı mənbə ola bilər.
 
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
Share: