AKADEMİK İSA HƏBİBBƏYLİNİN İTALİYADA MONOQRAFİYASI NƏŞR OLUNUB

AKADEMİK İSA HƏBİBBƏYLİNİN İTALİYADA MONOQRAFİYASI NƏŞR OLUNUB

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin “La letteratura Azerbaigiana di inizio novecento” (XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı”) monoqrafiyası Romada nəfis tərtibatda nəşr olunub.

Monoqrafiyada akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatı tarixində zənginliyi ilə seçilən XX əsrin əvvələrində yaşayıb-yaratmış görkəmli ədəbiyyat xadimlərinin, yazıçı və şairlərinin həyat və yaradıcılıqları haqqında portret oçerklər təqdim edilib.

XX əsrin əvvəlləri Azərbaycanın ictimai fikir tarixində mühüm mərhələ olmuş, “Molla Nəsrəddin” və “Füyuzat” kimi ədəbi məktəblər yaranmışdır. Akademik İsa Həbibbəylinin “La letteratura Azerbaigiana di inizio novecento” (XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı”) monoqrafiyasında Azərbaycan ədəbiyyatında maarifçi realizm, tənqidi realizm və romantizm ədəbi cərəyanlarının görkəmli nümayəndələri haqqında portret oçerklər müvafiq bölgü əsasında təqdim edilib. Əlavə olaraq bu dövrün ədəbi-tənqidi fikrinin formalaşmasında mühüm rol oynamış görkəmli fikir adamları ayrıca fəsildə verilib.

“Giriş”də XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı xüsusi ədəbi mərhələ kimi təqdim edilib və bu tarixi mərhələnin səciyyəvi xüsusiyyətləri şərh olunub. Monoqrafiyanın sonunda dövrə dair ədəbiyyatı özündə əks etdirən biblioqrafiya və akademik İsa Həbibbəylinin bioqrafiyası oxuculara təqdim edilib.

Kitabın üz qabığında “Molla Nəsrəddin” jurnalının birinci sayının üz qabığı verilib. Eyni zamanda, kitabın içiərisində hər bir yazıçı və şairin fotoları, onların heykəllərinin və ev muzeylərindən şəkillər maraqlı tərtibatda oxuculara təqdim edilib.

“Sandro Teti” nəşriyyatında çap olunan kitabın tərcüməçisi Giorgia Felici, redaktoru Giorgia Susannadır.

Akademik İsa Həbibbəylinin İtaliyanın paytaxtı Roma şəhərində çap olunan “La letteratura Azerbaigiana di inizio novecento” (XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı”) kitabı Azərbaycan ədəbiyyatının dünyada təbliği baxımından əhəmiyyətli elmi mənbədir.

“Sandro Teti” nəşriyyatının nəşr etdiyi kitab Azərbaycan-İtaliya elmi-ədəbi əlaqələrinin yeni bir səhifəsidir.

 

AMEA Ədəbiyyat İnstitutu

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Müstəqil.Az

Descripción no disponible.

Descripción no disponible.

Share: