2 aprel 2019-cu il. Bu gün tanınmış jurnalist, publisist, pedaqoq Akif Şahverdiyevin 60 yaşı tamam olur. Bu şad günü görmək əfsuslar olsun ki, ədibə nəsib olmadı. 2018-cil il iyunun 13 də 59 yaşında qəfil dünyasını dəyişdi. Taleyindən çox-çox uca olan yaradıcılığını isə bizə xatirə saxladı. O, ömrünün çox hissəsini Milli Mətbuatın inkişafına, dirçəlişinə həsr edib.
Akif Şahverdiyevin Azərbaycan Nəşriyyatında çalışdığı illəri “Müasir mətbuat” dövrü adlandırmaq olar. Həmin dövr millətin dirçəliş dövrü kimi tarixdə qalıb.Bildiyimiz kimi dövlət müstəqilliyinin ilk illərində mətbuat orqanları çox böyük çətinliklərlə üzləşdi. Bir tərəfdən Ermənistanın hərbi təcavüzündən qaynaqlanan iqtisadi böhran, ölkədə qarmaqarışıq durumda olan ictimai-siyasi mühit və cəmiyyətin psixoloji durumu mətbuat, söz azadlığına öz təsirini göstərməyə bilməzdi. Milli mətbuatın müstəqillik dövrünə qədəm basdığı beləçətin illərdə Akif Şahverdiyev böyük əmək sərf edir və dəqiq, düzgün,dövrün ictimai-siyasi həyatını əks etdirən məqalələri ilə cəmiyyətdəki nöqsanları oxucuların diqqətinə çatdırırdı. Akif Şahverdiyevin demokratik, açıq fikirli mətbuatın formalaşmasında böyük rolu olmuşdur. Jurnalistika sahəsininin müstəqil bir elm kimi aşılanmasında, mətbuat nəzəriyyəsinin inkişaf etdirilməsində, milli mətbuatın inkişaf və formalaşmasında onun böyük xidmətləri var.
O, Qarabağda gedən döyüş illərində bütün müharibə bölgələrində olmuş, hadisələri dəqiqliklə izləmiş, əsgər və zabitlərlə həmsöhbət olaraq təəssüratlarını hərbi vətənpərvərlik və vətənpərvərlik mövzusuna dair məqalələrində əks etdirmişdir. Onun vətənpərlik mövzusunda yazdığı məqalələri əsasən redaktoru olduğu Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin “Xəzərin keşiyində” və Azərbaycan Respublikası yenidən müstəqillik əldə etdikdən sonra ilk hərbi mətbuat orqanı kimi fəaliyyət göstərən “Xalq Ordusu” (sonradan “Azərbaycan Ordusu”)qəzetində və digər mətbuat orqanlarında çap olunurdu.
Akif Şahverdiyevin tərcümey-halına və yaradıcılıq fəaliyyətinə qısa bir nəzər salaq:
Akif Bəşir oğlu Şahverdiyev 2 aprel 1959-cu ildə İmişli rayonunda fəhlə ailəsində anadan olub. 1 sentyabr 1966-cı ildə İmişli rayon 1 saylı məktəbin birinci sinfinə gedib. 18 iyun 1967- ci ildə atasıBəşir Əsədulla oğlu Şahverdiyev 42 yaşında vəfat edir. Atasının vəfatından sonra 15 mart 1968-ci ildə ailəsi ilə birlikdə Beyləqan rayonuna köçərək 1 sentyabr 1968-ci ildən həmin rayonun 2 saylı orta məktəbində təhsilini davam etdirib.
23 iyul 1977-ci ildə təhsil aldığı Sumqayıt şəhər 49 saylı Orta Texniki Peşə Məktəbini bitirərək Sumqayıt şəhərindəki Boru-yayma zavodunda əmək fəaliyətinə başlayıb.
20 aprel 1978- ci ildə Sovet ordusu sırlarına hərbi xidmətə çağırılıb. 11 may 1980-ci ildə hərbi xidmətini başa vurub. 9 iyun 1980-ci ildə Boru-yayma zavodunda əvvəlki iş yerinə qayıdaraq elektrik montyoru və çilingər peşəsində çalışıb.
Ali təhsil almaq istəyi ilə 2 oktyabr 1981-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hazırlıq şöbəsinə daxil olub. 28 avqust 1982-ci ildə isə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olub.
17 noyabr 1983-cü il Azərbaycan Respublikası Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin Mərkəzi Komitəsinin 173 saylı əmri ilə Boru-yayma zavodunun OADKYC-na sədr təyin edilib. 1987-ci il Azərbaycan SSR OADKYC-ın VI Qurultayının nümayəndəsi olub.
15 avqust 1988-ci ildə universiteti bitirib.
13 aprel 1988-ci ildə ailə qurub.
1989-cu ilin dekabrında ona ehtiyatda olan zabit kimi “leytenant” hərbi rütbəsi verilib.
Fevral 1991-ci il 63 saylı seçki dairəsi üzrə XIX çağırış Sumqayıt şəhər Xalq Deputatları Sovetinə deputatlığa namizəd kimi qeydə alınıb.
Üç övladı var: Qorqud, Xətai, Tomris.
25 iyul 1992-ci ildə Azərbaycan Respublikası Silahlı qüvvələrinə həqiqi xidmətə çağırılıb. Elə bu ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olunub. 15 sentyabr 1992-ci ildən 9 iyun 1993-cü ilədək Milli Məclisin iclaslarında parlament müxbiri kimi iştirak edib.
1993-cü il mayın 28-də anası Gülnaz Hüseyn qızı Calalova 56 yaşında vəfat edib.
18 sentyabr 1993-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 353/RM saylı əmri ilə ona “baş leytenant” hərbi rütbəsi verilib. 17 iyul 1996-ci il Azərbaycan Respublikası Müdafiə Nazirinin 0745 saylı əmri ilə ehtiyata tərxis olunur.
13 sentyabr 1994-cü ildə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin “Xəzərin keşiyində” qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub. 4 yanvar 1996-cı ildə Müdafiə Nazirliyinin əmri ilə “Azərbaycan ordusu” qəzetinin baş redaktor müavini vəzifəsinə təyin olunub.
1997-ci ildə “Yer”, 1988-ci ildə “Ana Vətən”, “Press Əks-Səda”, 1999-cu ildə “And” qəzetində redaktor vəzifələrində çalışıb.
4 may 1999-cu il Nəsimi rayon Hərbi Komissarlığı ona Qarabağ Müharibə Veteranı Vəsiqəsi vermişdir.
31 may 1999-cu ildən Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitunun dissertantı olub. (Mövzu: “1990-2000-ci illərdə Azərbaycanda ali təhsilin inkişaf yollarının pedaqoji mətbuatda əksi ”)
1 oktyabr 1999-cu ildən 30 iyul 2001-ci ilədək “Naxçıvan” Universitetinin jurnalistika fakultəsində dərs deyib.
5 oktyabr 1999-cu ildən Cənubi Rusiya Humanitar İnstitunda baş müəllim kimi hüquq, iqtisadiyyat və tərcümə (linqvistika) fakültələrində dərs deyib.
Yanvar-may 2000-ci ildə “Ədəbiyyat” qəzetində çalışıb. 2000-ci ildə “Nyu-Media”, 2001-ci ildə “Sabah” qəzetlərində redaktorluq edib.
31 dekabr 2001-ci ildə Cənubi Rusiya Humanitar İnstitunun (Rostov filialı) mətbuat xidməti rəhbəri seçilib. 2 sentyabr 2002-ci ildən Bakı Ali Pedaqoji Qızlar Seminarıyasının jurnalistika fakültəsində dərs deyib. 1 sentyabr 2003-cü ildə Odlar Yurdu Universitetinin hüquq və beynəlxalq münasibətlər fakultəsində jurnalistika ixtisası üzrə təhsil alan tələblərə dərs deməyə başlayıb.
10 yanvar 2005-ci ildə Odlar Yurdu Universiteti Elmi Şurasının qərarı ilə “Azərbaycan mətbuat tarixi” dərsliyini hazırlamaq Akif Şahverdiyeva həvalə olunub. 25 mart 2005-ci ildə Rusiya Federasiyasının Cənubi Rusiya Humanitar İnstitunun sosial-humanitar intizam kaferdasının dosenti elmi adına layıq görülüb.
15 sentyabr 2006-cı il Bakı Avrasiya Universitetində jurnalistika ixtisası üzrə təhsil alan tələbələrə dərs deməyə başlayıb. 1 noyabr 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyində mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin maddi-mənəvi irs bölməsinin müdiri vəzifəsinə təyin edilib.
1 sentyabr 2011-ci ildən 17 avqust 2015-ci ilədək Qərb Universitetində jurnalistika ixtisası üzrə fənlərdən dərs deyib.
Mart 2003-cü il Mətbuat Şurasının təsis qurultayının, 24 aprel 2004-cü il Mətbuat Şurasının II Qurultayının, 21 may 2005-ci ildə isə Azərbaycan jurnalistlərinin (Mətbuat Şurasının) III Qurultayının iştirakçısı olub. Müxtəlif mətbuat orqanlarında 159-dan çox publisist məqaləsi, hərbi vətənpərvərlik və vətənpərvərlik mövzusunda 110-a yaxın məqaləsi, kitablar haqqında 32 rəy və resenziyası, jurnalistikaya aid 25-dən artıq məqaləsi çap edilib. Haqqında 110 məqalə işıq üzü görüb. Bədii yaradıcılığı 17 mətbuat orqanında işıqlandırılıb. 7 qəzetdə hazırlanmış xüsusi buraxılışın redaktoru olub.
1994-cü ildə Jurnalistlərin ümumrespublika yaradıcılıq müsabiqəsinin qalibi olub.
10 kitabın müəllifidir.
- Ömrə sığmayan həyat. Bakı-1988. 170 səhifə “Əbilov, Zeynalov və oğulları” mətbəəsi (Metodist müəllim Natiq Səfiyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli-bədii povest)
2.Ruhun harayı. Bakı-2000. 96 səhifə. “Təbib” nəşriyyatı
- “Jurnalistikaya giriş” fənni üzrə proqram. Bakı-2003. 7 səhifə “Odlar Yurdu” nəşriyyatı
- “Azərbaycan mətbuatı tarixi” fənni üzrə proqram. Bakı-2003 .5 səhifə “Odlar Yurdu” nəşriyyatı
- Vüsala doğru (povestlər,hekayələr,şeirlər) Bakı-2004. 154 səhifə “Təhsil” nəşriyyatı.
- “İxtisaslaşma-radio və televiziya” fənni üzrə proqram. Bakı-2005. 6 səhifə “Odlar Yurdu” nəşriyyatı
- “Radio və televiziyada ədəbi iş” fənni üzrə proqram. Bakı-2005 8 səhifə “Odlar Yurdu” nəşriyyatı
- Azərbaycan mətbuatı tarixi. Bakı-2006 252 səhifə “Təhsil” nəşriyyatı. Ali məktəb tələbələri üçün dərslik.(Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.03.2006-cı il tarixli 181 saylı əmri ilə təsdiq edilmişdir)
- Söz qalası. (Deyimlər) Bakı-2013. 120 səhifə. “Təknur” nəşriyyatı
- Güzgü. (Deyimlər) Bakı-2016. 137 səhifə. “Təknur” nəşriyyatı
Akif Şahverdiyevə ölkəmizdə jurnalistikanın inkişafındakı xidmətlərinə və bizlərə miras etdiyi əsərlərə görə minnətdarıq. Millətimizin dəyərli ziyalısını 60-cı doğum günündə sevgi və hörmətlə anırıq…
Gülər Eldarqızı
Müstəqil.Az