“Akopyan müharibəni alovlandıracaq addımlar atır, Əliyeva isə…” – “Daily Sabah”

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan erməni ordusunun işğal altındakı Dağlıq Qarabağda keçirdiyi hərbi təlimlərə qatılıb. Üstəlik, “Kalaşnikov” avtomatı ilə poz da verib. Bu, Ermənistan-Azərbaycan münaqişənin gərginləşdiyi dövrə təsadüf edir.

Müstəqil.Az xəbər verir ki, Türkiyənin ingilis dilli nəşrlərindən olan “Daily Sabah” “Anna Akopyan: sülh haqda danışan, lakin müharibəyə üstünlük verən birinci xanım” sərlövhəli məqaləsində belə yazıb.

Portal xatırladır ki, Anna Akopyan cəmi 2 il əvvəl – 2018-ci ildə özünü regionda sülhün müdafiəçisi kimi təqdim edir, azərbaycanlı xanımları da “Sülh uğrunda qadınlar” kampaniyasına qoşulmağa çağırırdı. Cəmi 2 il sonra isə o, əlində avtomatla sülhü necə “dəstəklədiyini” göstərir.

Bu ilin iyulunda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsilə bütün dünyanın diqqəti yenidən bu regiona yönəldib. Həmin vaxt Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumu iki ölkəni genişmiqyaslı müharibənin bir addımlığına gətirmişdi. Sözügedən qarşıdurma zamanı qarşılıqlı artilleriya atəşləri nəticəsində hər iki tərəfdən ümumilikdə 20 əsgər həyatını itirib. İnsidentə Ermənistan hərbi birləşmələri atəşkəsi pozaraq Azərbaycanın şimal-qərbindəki sərhəd bölgəsində yerləşən Tovuz rayonuna hücumu səbəb olmuşdu. Lakin sonda onlar Azərbaycan Ordusunun cavab həmləsi ilə çox sayda itki verərək, geri çəkilmək məcburiyyətində qalmışdılar.

Beləliklə, Ermənistanın 42 yaşlı birinci xanımı regionda keçirilmiş hərbi təlimlərə iki ölkə arasında vəziyyətin bu qədər gərgin olduğu dövrdə qatılıb. Anna Akopyan hərbi geyimdə 10-15 erməni qadınla bərabər hədəflərə nişan alıb, silahla poz verib. Akopyanın fotolarından görünür ki, o, silahı Azərbaycan tərəfə istiqamətləndirib. Halbuki, Ermənistanın birinci xanımı cəmi 2 il əvvəl azərbaycanlı qadınlardan sülhə töhfə vermələrini istəyirdi. Təəccüblü deyilmi? Axı onun Ermənistanın işğalı altındakı Dağlıq Qarabağa səfəri gərginliyi daha da artırır. Bu isə onun sülh çağırışları ilə qətiyyən üst-üstə düşmür.

Təəccüblüdür ki, Ermənistanın birinci xanımı son hərbi təlimlərdə… “Sülh uğrunda qadınlar” kampaniyası çərçivəsində iştirak edib. Başqa sözlə, o, dünyada hərbi forma geyərək “sülh kampaniyası” təşkil edən ilk şəxsdir. Halbuki, Akopyan iyulun 13-də “Facebook” səhifəsində fərqli fikirlər yazırdı: ““Sülh uğrunda qadınlar” kampaniyası qadınların müharibəyə qarşı birləşməsinə, münaqişə tərəflərinə problemin danışıqlar yolu ilə həlli yollarının tapılmasında kömək edilməsinə hesablanıb”.

Hərbi təlimə qatılan Akopyan deyir ki, “müharibədən qaçmaq lazımdır, alternativ hər zaman mövcuddur”. O, bir tərəfdən erməni əsgərlərlə hərbi geyimdə poz verir, digər yandan azərbaycanlı qadınlardan, analardan sülh təşəbbüsü tələb edir. Onun son addımı isə əslində, “sülh uğrunda savaş” ismarıcıdır.

Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi baş verənləri sakit qarşılayır. Azərbaycanın birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyeva deyir ki, “gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Ən yüksək qələbələri əldə etmək, ən böyük zirvələrə qalxmaq üçün məhz bu mənəvi dəyərlər uca tutulmalıdır”.

Dünyada Azərbaycanın təbliğatını aparan, siyasəti zənginləşdirən Mehriban Əliyeva vətəninin tərəqqisinə xidmət edir, ölkə mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanının inkişafına çalışır, sabahının qayğısına qalır. Azərbaycan mətbuatı yazır ki, Mehriban Əliyevanın 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri seçilməsi həm də Azərbaycan mədəniyyəti üçün tarixi nailiyyətdir. Bu, Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasına yeni üfüq açıb.

UNESCO çərçivəsində müxtəlif layihələr həyata keçirən Azərbaycanın birinci xanımı eyni zamanda, sivil dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu istiqamətlərdə səylərin birləşdirilməsinə çalışır. Mehriban Əliyevanın bu günədək layiq görüldüyü çoxsaylı beynəlxalq mükafat və təltiflərin bir qismi onun UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi gördüyü işlərlə bağlıdır. Eyni zamanda, o, mədəniyyətin təbliği, mədəni sahədə beynəlxalq mübadilə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə də çox sayda beynəlxalq mükafatlara layiq görülüb.

Odur ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın mövqeyi qeyd olunmalıdır. Anna Akopyanın müharibəni alovlandıracaq addımlar atdığı bir dövrdə Mehriban Əliyeva sülhə çalışır. Halbuki, Mehriban Əliyeva birinci xanım kimi, Akopyana cavab verə, işğalçı ölkənin birinci xanımı kimi instiktiv və refleksiv davranış nümayiş etdirə bilərdi. Lakin o, güclü dövlət xadimi mövqeyindən çıxış etməyi üstün tutub. Mehriban Əliyeva bu davranışı ilə güclü səbrə malik olduğunu göstərib, başqa sözlə, bu sınaqdan uğurla keçib. Bu, təkcə Azərbaycan xalqı deyil, bütün dünya tərəfindən sülh uğrunda addım kimi, yüksək qiymətləndirilməlidir.

Müstəqil.Az

mənbə:Ovqat.com

 

Share: