Aləm Kəngərlinin dili də var, hünəri də…

Aləm Kəngərlinin dili də var, hünəri də…

Adətən, xalqın canlı danışıq dilində işlənən “Filankəsin dili də var, dilçəyi də” ifadəsini “Kovid-19” pandemiyasının yaratdığı “Evdəqal” fürsətindən istifadə edib, Aləm Kəngərlinin “Qatarda 18 əhvalat” (Bakı, Qanun nəşriyyatı, 2019) kitabını oxuyandan sonra xatırladım və bu ifadənin müəllifə tam uyğun gəldiyini yəqinləşdirdim. Kitaba yazıçının 18 hekayəsi daxil edilmışdır.

Birinci hekayəni – “Qəfil görüş”ü oxumağa başladım: “Sanki quşlar həmişəkindən daha canfəşanlıqla cəh-cəh vururdular. Səhər yenicə açılırdı. Taleh pəncərənin şüşəsində oynaşan yaz günəşinin işartılarını görüb, ehmalca yerindən qalxdı…”
Bu hekayənin ilk cümləsi məni necə tutdusa, kitabı əlimdən yerə qoya bilmədim: “Hava işıqlanmağa başlamışdı. Səhərin sayrışan al şəfəqləri pəncərədən Murada əl eləyirdi. Telefonun zəngli saatı hay-küy salmamış Murad gözlərini açmışdı…” Bir zaman başımı qaldırdım ki, artıq on dördüncü hekayəni oxuyuram. Hekayələrin sürətlə oxunmasını təmin edən əsas amil onların bədii dilidir. Bədii dilin üslubi imkanlarından məharətlə bəhrələnməsi təhkiyənin yüksək səviyyədə olmasına, dialoqların təbiiliyinə imkan vermiş, şərait yaratmışdır. Hekayələrdə təsvir olunanlar gündəlik həyatda rast gəldiyimiz, müşahidə etdiyimiz adi hadisə təsiri bağışlasa da (“33 il sonra” hekayəsi istisnadır), hekayələrin şirin və deyərdim ki, gözəl bədii dili onların oxunaqlığını tamamilə təmin etmişdir. Hadisələr həyatdan götürüldüyü üçün təbii görünür, eyni zamanda surətlərin danışığı, dialoqlar da sünilikdən uzaqdır. Bu, daha çox yazıçının həyati müşahidələri nəticəsində yaranan bədii prosesdir.
Aləm Kəngərlinin bəzən ciddi ideyaya, o qədər də əhəmiyyətli görünməyən süjet xəttinə malik hekayələri də bədii dilin gücü sayəsində həvəslə oxunur. Bir var dil, bir də var dildən istifadə bacarığı. Aləm Kəngərlinin hekayələrində dilimizin zərifliyi, fikri dəqiqliklə ifadə etmək imkanları, bir sözlə, doğma dilin bütün gözəllikləri əks olunub. Hekayələrdə məcazlardan, təşbehlərdən, qısası, bədii təsvir və bədii ifadə vasitələrindən məharətlə istifadə edilmişdir. Aləm Kəngərlinin bütün hekayələrində onun dilə yanaşma tərzi, dilin gözəlliyini qorumaq bacarığı, dildən məqsədəuyğun formada istifadə etmək qabiliyyəti açıq-aşkar hiss olunur ki, bu da sözsüz ki, oxucuları razı salır.
Yzaıçınin hekayələrində diqqətçəkən bir məqam onun dialoq yaratmaq bacarığıdır. Əlbəttə, bədii əsərlərdəki dialoqlar da dil faktıdır, daha dəqiqi, əsərdəki surətlərin danışığı, yəni, yazıçı tərəfindən qurulan dialoqlar vasitəsiz nitqin bir formasıdır. Və bu dialoqlarda canlı danışıq dilinin əlamətləri, yeri gəldikcə surətlərin fərdləşdirilmiş dil xüsusiyyətləri də öz əksini tapa bilir.
Aləm Kəngərlinin hekayələrindəki dialoqlar təbiidir, canlıdır; yazıçı tərəfindən ustalıqla yaradılmışdır. Əlbəttə, bədii əsərlərdə verilən dialoqlar da, qeyd etdiyimiz kimi, dil faktina əsaslanır və bu fakt nə qədər öz təbiiliyi ilə seçilə bilsə, əsərin bədii dil silqətinə o qədər müsbət təsir etmiş olar. Hekayələri oxuduqca bu qənaətə gəlirsən ki, A. Kəngərli dialoq yaratmaq ustasıdır. Onun yaratdığı dialoqlarda hətta xarakterlər açılır, surətlərin mənəvi-psixoloji dünyası aşkarlanır, hətta qalmaqallı məsələlər məharətlə yaradılan dialoji nitq prosesində müsbət həll olunur. Adətən, bir qızı iki oğlan (dost) sevəndə münaqişə baş verir, dava-dalaş, düşmənçilik və s. bu kimi xoşagəlməz hadisələr törəyir. “Səninləyəm” hekayəsində isə Aləm Kəngərlinin bədii sözün qüdrətinə güvənərək yaratdığı uğurlu dialoq, başqa sözlə, Muradla Fərid arasında olan səmimi söhbət onların əl sıxaraq dost kimi ayrılmasına səbəb olur; oxucu yenə də razı qalır.
Bəlli olduğu kimi, bizim cəmiyyətdə müraciət etiketi formalaşmayıb. Aləm Kəngərlinin hekayələrində də müraciət forması kimi “müəllim”, “qağa” “qardaş” və s. bu kimi sözlərdən istifadə olunur. Müəllim sözü həm də müəllif təhkiyəsində özünü tez-tez göstərir: “Sıra şirkət rəhbəri işləyən Cəbrayıl müəllimə çatanda səs-küy bir qədər səngidi…” (“Qaş düzəldən yerdə”), “Əbülfəz müəllimin hər şeydən xəbəri var idi” (“Ənənə”) və s. Çox yaxşı haldır ki, yazıçı öz təhkiyəsinə “bəy”, “xanım” sözlərini də daxil edir: “Anası Nərgiz xanım onu hey danlayırdı…” “Seçim”), “Sevil müəllim (burada “müəllim” həqiqi mənadadır – A. İ.) İlkinin valideynləri Vüqar bəy və Sevinc xanımla söhbət zamanı onların yüksək intellektə sahib olduqlarına heyran qalmışdı” (“Missiya”). Həmin sözlərə “Velosiped sevdası” (Yaqub bəy, Şölə xanım), “Səninləyəm” (Nadirə xanım), “O olmasın, bu olsun” (Ülkər xanım) hekayələrində də rast gəlirik, lakin bu sözlər dialoqlarda müraciət forması kimi qətiyyən görünmür. Bunun əksinə olaraq “müəllim” kəlməsi bədii mətnin həm monoloji, həm də dioloji nitq formalarında gen-bol işlənir. Bir qədər də “qağa” haqqında. Aləm Kəngərlinin hekayələrində müraciət formasında işlənən “qağa” (həmçinin “qardaş”) sözü surətlərin fərdi-üslub nitq səciyyəsindən kənardır, bir növ, kütləviləşib. Surətlərin nitq-danışıq üslubunu fərdləşdirmək daha çox yazıçının həyati müşahidələrinə əsaslanmaqla bədii ifadəsini tapır. Görünür, müəllif “qağa” müraciət formasının həyatda işlənmə məqamlarını tam müşahidə edə bilməmiş, ona görə də sözgəlişi ifadəsinə yol vermişdir. Bu arada kiçik bir haşiyə çıxmaq istərdim. Mənim bir dostum var. Çox səmimi, ürəyiaçıq, saf bir insandır. Naxçıvan Dövlət Universittinin pedaqogika üzrə dosentidir. O, həmişə yaxın dostlarına “qağa” deyə müraciət edir. Onun dilində “qağa” sözü o qədər səmimi səslənir ki, həmin dostumu “qağa”sız təsəvvür edə bilmirəm. Fikir verin, çoxsaylı dost-tanışın içində yalnız onun danışığında “qağa” müraciət forması əbədi yer tutub, sabitləşib.
Yazıçı məhz həyatdakı belə danışıq formalarını müşahidə etməklə yalnız bir ədəbi qəhrəmanın nitqini fərdləşdirə bilər.
Bədii ədəbiyyat təkcə həyat hadisələri içərisindəki təzadları, sosial problemləri əks etdirmir, həm də bu proseslərə təsir göstərir. Mən həmişə bu qənaətdə olmuşam ki, hər hansı bədii əsərin mütləq tərbiyəvi əhəmiyyəti olmali, oxucuların, xüsusən də gənclərin özünütərbiyəsinə təkan verməli, həyat hadisələrindən düzgün nəticə çıxarmaq üçün onları (oxucuları) müəyyən mənada istiqamətləndirməli, yol göstərməlidir. Bu baxımdan A. Kəngərlinin hekayələri qənaətimizi doğruldur. Misal üçün, “Qəfil görüş” hekayəsində uzun ayrılıqdan onra keçmiş sevgililər – Taleh və Könül qarşılaşırlar. Özünü həyatda tənha və bədbəxt sayan Könül aqressivləşir, qucaqlaşmaq, öpüşmək, lap gənclik illərində olduğu kimi sevişmək arzusuna düşür. Əlbəttə, belə istək ailələrin dağılmasına gətirib çıxara bilər. Bu hekayənin məhz tərbiyəvi əhəmiyyəti orasındadır ki, gözlənilən neqativ hadisə baş vermir.
Qazanc dalınca qürbətə üz tutanların sonrakı peşmanlığı, milli dəyərdən uzaqlaşmağın yaratdığı mənəvi aşınmalar, Vətən həsrəti və bu həsrətə son qoymaq (“Qürbətdə”), fiziki qüsurun həqiqi sevgiyə mane olmaması (“Səninləyəm”), əsl müəllimin öz peşə vəzifəsini dərindən dərk etməsi, uşaqlara sevgi və qayğısı (hazırda uşaqları sevmək pedaqogikanın əsas tələbidir – A. İ.) “Missiya” qeyd olunan hekayələrin əsas ideyasını təşkil edir. Bu ideyalar ətrafında dolanan hadisələrin mərkəzinda isə insan dayanır; o insan ki, yanlış hərəkətlərə yol versə də, vətənini sevir, o insan ki, saf məhəbbəti ilə maneələrə qalib gəlir, o insan ki, dərs dediyi uşaqları sevir, öyrədir, tərbiyə edir. Bir sözlə, Aləm Kəngərlinin hekayələrinin dil və üslub xüsusiyyətlərindən, ideya-məzmunundan çox danışmaq, xeyli tərifəlayiq sözlər demək olar…
Bir arzumu da bildirmək istəyirəm. Elə cümlələr, ifadələr var ki, bədii ədəbiyyatda həddindən çox işlənib, demək olar ki, köhnəlib. Aləm Kəngərlinin hekayələrində rastlaşdığımız heç də qüsur sayılmayan “Qaş düzəltdiyi yerdə vurub göz çıxarmaq”, “Yaramı təzələmək istəmirəm”, “əhdi-peyman bağlamaq”, “göz bəbəyi kimi qorumaq”, “ərə getməmişəm, gora getmişəm”, “gözləməkdən gözümün kökü saraldı”, “burnumun ucu göynəyir” və s. belələrindəndir. Aləmin yaradıcılıq hünərinə, dilimizin bədii üslubundan istifadə bacarığına artıq bələd olduğumdan düşünürəm ki, o, belə ifadələri yeniləşdirmək, onların qarşılığını tapmaq iqtidarındadır. O, bədii ədəbiyyatda, bir növ, daşlaşmış olan həmin cümlələri yeniləşdirməyi sadəcə olaraq düşünməyib (Əlbəttə, söhbət dilimizin lüğət tərkibindəki frazeoloji (sabit) birləşmələrdən, idiomatik ifadələrdən getmir).
Türk dünyasının adlı-sanlı yazıçısı, dünyaşöhrətli Çingiz Aytmatovun belə bir fikrini xatırlatmaq yerinə düşər: “Hər kəsin (oxu: yazıçının – A. İ.) öz xalqı qarşısında bir oğulluq borcu var: öz dilinin zənginliyini qorumaq, onu daha da zənginləşdirmək”.
Nüfuzlu və ciddi alim, həm də istedadlı tərcüməçi, professor Cavanşir Yusiflinin Aləm Kəngərlinin “Qatarda 18 əhvalat” kitabına yazdığı ön sözü o deməkdir ki, hörməli Cavanşir müəllim onu bir yazıçı kimi qəbul edir, həm də sayılıb-seçilən bir elm adamının, ədəbyiyat bilicisinin Aləm haqqında söz deməsi yazıçının yaradıcılıq məsuliyyətini daha da artırır. Tamamilə əminəm ki, Aləm Kəngərli bədii yaradıcılıq fəaliyyətini genişləndirəcək, yeni əsərlərini oxuculara təqdim edəcəkdir.
Akif İmanlı
Professor, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi
Share: