Aləmin seyrinə gəl – Əsəd Cahangir yazır

Aləm Kəngərlinin “Naməlum adam” kitabı haqqında qeydlər

Bir vaxtlar Sədi deyirdi ki, şair gərək 30 il vətəndə yaşasın, 30 il dünyanı gəzsin və 60 yaşdan sonra yazmağa başlasın. İş elə gətirib ki, yazıçı Aləm Kəngərlinin də hekayələr və eyni adlı povestdən ibarət “Naməlum adam” adlı ilk kitabı müəllifin 60 yaşından sonra işıq üzü görüb. Onun bu sədiyanə mövqeyinin obyektiv səbəbi aydındır – Aləmin sənətdə ilk addımlarını atdığı 80-ci illərin ortalarına doğru aləmin nizamı pozulmağa başlamışdı.

Amma “Qanun” nəşriyyatı tərəfindən işıq üzü görən kitaba ön söz yazmış görkəmli yazıçımız Sabir Rüstəmxanlının dediyi kimi, məsələnin subyektiv tərəfi də var: “Aləmin ilk kitabını nəşr etdirməyə tələsməməsi daha çox onun ədəbiyyata… məsuliyyətli münasibətindən qaynaqlanır”.

***
Kitaba daxil olan hekayələr həcmcə böyük deyil. İlk oxuda onların bəzisi S.Rüstəmxanlının dediyi kimi, hətta “səthi” təsir bağışlaya bilər. Ən başlıcası, elə bil hansısa gözəgörünməz əl müəllifin yaddaşından meydan hadisələri, Qarabağ savaşı, siyasi hakimiyyət dəyişmələri, qaçqınlıq-köçkünlük problemləri ilə birgə 90-cı illəri montaj edib götürüb. Lakin özünün kiçik hekayələrini böyük mənalarla yükləyən, hər şeyi dərindən dərin, incədən incə yerbəyer eləyən müəllifin riyazi dəqiqliyi, sətiraltı eyhamlarla danışmaq məharəti, xəsis boyalarla canlı xarakterlər yaratmaq bacarığı, az sözlə çox fikir söyləmək qabiliyyəti rəğbət doğurur.

***
Kitablar klassik dövrdə Allahın, sovet dövründə Leninin adıyla açılırdısa, “Naməlum adam” “Vətən” hekayəsiylə başlayır, milli özünüdərk ideyası dini və kommunist ideologiyasını üstələyir.

“Vətən” epifanik bir böhran, daxili krizis məqamı üstündə qurulub. Gənc, yarlı-yaraşıqlı vaxtlarından ailə-uşağını atıb Rusiyaya gedən, orda yenidən evlənən Səfər kişidə illər sonra qəfil daxili işıqlanma baş verir. Qürbətdə özünü tənha, yad, gərəksiz hiss edən, arvadı və uşaqlarının etinasızlığı ilə üzləşən qocanın vicdanı “oyanır” və vətəndə unutduğu əzizləri – mərhum atası, qoca anası, qardaş həsrətli bacısı, dul arvadı, yetim böyüyən qızları… qarşısında ondan cavab istəyir. Hekayə Səfərin vətənə səfəri ilə bitir. Oxucu fikrində isə sual başlayır: vətən, doğrudanmı, ancaq ölmək üçündür?
Səfər “Kür qırağının meşələri” (Ə.Əylisli) povestinin qəhrəmanı Qədiri xatırladır – hər ikisi qədir-qiymətlərinin bilinmədiyi, insan münasibətlərinin pozulduğu yerdən səfər edirlər. Lakin bir fərqlə: Qədir vətəndən Rusiyaya; Səfər Rusiyadan vətənə. Bu təkcə iki obraz yox, həm də iki yazıçı və iki zamanın əks düşüncəsinin göstəricisidir.

“Tanışlıq” və “Qonaq”ın qəhrəmanları da “səfər problemi” ilə üzləşir. Amma oxşarlıq bununla da qurtarır, fərqlər başlayır. Yazıçının uğuru bu fərqləri iki zaman – sovetlər dövrü və çağdaşlıq arasında fərq kimi ümumiləşdirmə bilməsidir.

“Tanışlıq” hekayəsinin qəhrəmanı Fərman arvad-uşağını aldadıb, Rusiyaya beş-on günlüyə əylənməyə gedir, amma gözlənilməz komik duruma düşür. Sən demə, sosial şəbəkədə tanış olduğu, yanına əlidolu gəldiyi Mariya İvanovna qarı imiş, sadəcə, özünün feysbuk profilinə cavan, gözəl qızının fotosunu qoyubmuş. Yağışdan çıxmağa macal tapmayan Fərman qarının sözlərindən bu dəfə yağmura düşür: “Tı ne valnuysa, Fedya. U menya sasedka yest – Sveta. Ana maladaya i oçen simpatiçnaya. Ya s ney paqavarila. Ana s neterpeniyem jdyot tebya”.

Mariya öz psixotipinə görə sovet dövrünün xeyirxah “babuşkası” yox, çağdaş dövrün internetdən yararlanan çevik düşüncəli, hiyləgər, fəndgir Baba Yaqasıdır. “Tanışılıq” isə Fərmanın təkcə Mariya və Sveta yox, həm də yeni Rusiya, yeni zaman, yeni psixologiya ilə “tanışlığından” danışır.
“Qonaq” hekayəsinin qəhrəmanı Allahverdi də Səfərin romantik duyğusallığından uzaqdır. Amma yazıçı buna görə onu qınamır. Çünki vətənə qayıtsa, fırıldaqçıların toruna düşüb, əldə etdiyi beş-on manatı da itirəcəyini zavallı oğlanın ata-anası kimi müəllif də başa düşür. Bu acı (nacaqlı!) durum getdikcə kapitalistləşən həyatımızın ən adi, gündəlik həqiqətidir. Bu yurdu nə qədər sevsələr də, bu torpağa qanları-canları ilə bağlı olsalar da, kasıblar vətəndə özlərini “qonaq” kimi hiss edirlər.

***
Kəngərli öz metoduna görə realist, mövzusuna görə sosioloq yazıçı, “Naməlum adam” isə çağdaş Azərbaycan sosial həyatının bədii kaleydoskopudur. Sosial gerçəkliyimiz kitabda özünün “a”dan “z”-yə qədər əksini tapıb. Yazıçı bəzi hekayələrdə problemlərin dibinə gedir və məsələnin kökünü ailə tərbiyəsində axtarır. “Velosiped”də nəvəsi Allahverdini ərköyün böyütmək nənəsi Gülsümə həyatı bahasına başa gəlir. “Fəryad”da problem ailədən məktəbə çıxır – Sevil müəllimənin nümunəvi obrazı övlad qədri bilməyən valideynlər və pedaqogikadan bixəbər müəllimlərə dərs olur. “Oğru”da isə məsələ artıq ictimailəşir – mağazadan oğurluq edən qızcığaza “canıyanmışlıq” göstərən, amma beş manat pulu qıymayan populist milli boşboğazlara tənə edilir.

“Elçilik”, “Darıxan ürəklər”, “Atasının balası”, “Qatarda” hekayələrində yazıçının qəhrəmanları artıq böyüyüb, sevib-sevilən yaşa çatıb. Bu hekayələrin əsasında bir qayda olaraq “Ailə hansı prinsiplə qurulmalıdır?” sualı qoyulur.

“Elçilik”in qəhrəmanı Nicat çox çək-çevirdən sonra anasına “Xalam qızı Nahidə üçün elçi gedə bilərsiniz” deyə fərdi seçim haqqından imtina edir. Bu durumun günahı ilk öncə Nicatın xarakterindən irəli gələn utancaqlıq, çəkingənlikdir. Otuz yaşı keçsə də, bu cəhətlərinə görə o hələ də subay qalıb. Amma qəhrəmanın bu durumunda ətrafdakıların neqativ təsiri də müəllifin iti nəzərlərindən yayınmır.
“Darıxan ürəklər”in qəhrəmanı Fərid isə, əksinə, anasının rəyinə qarşı çıxıb, qrup yoldaşı Zümrüdlə evlənməkdə israrlıdır. Lakin sonda hadisələr gözlənilməz yön alır – sevgilisinin şikəst olduğunu bilən oğlan bu dəfə özü tərəddüdə düşür: “gözlərinə inanmaq istəmirdi. Zümrüdün sağ ayağı dizdən aşağı protez idi… Nə edəcəyini bilmirdi”. Bu nədir – hər şeyə qadir məhəbbətin adi fiziki qüsur qarşısında acizliyi, yoxsa, taleyin ironiyası, böyüyün sözünə baxmamağa görə verilən cəza? Durğu işarələri arasında ən çox sualı sevdiyi hiss olunan Kəngərlinin ardınca biz də bu məsələdə birmənalı cavabdan imtina edir, məsələni oxucunun öhdəsinə buraxırıq.

Yumoristik ruha, novella finalına malik “Atasının balası” hekayəsi bir-birini sevən Babanın atası Abdulla kişi və Xədicənin atası Əbülfəz müəllimin küçədəki söhbəti üstündə qurulub. Oğul atası elçi gəlmək üçün gələcək qudasının ağzını arayır. Amma söhbətin gedişindəcə gələn qəfil xəbərdən aydınlaşır ki, elçilik-filan artıqdır – Xədicə Babaya qoşulub qaçıb!
Hekayə yenə də sualla bitir: “Əbülfəz müəllim özünü itirdi. Bilmədi nə etsin. Dönüb Abdulla kişinin üzünə baxdı, ancaq anlamadı: bu oyun onun qurmasıdı, yoxsa qızı Xədicənin”.

“Darıxan ürəklər”dən fərqli “Atasının balası”nda final sualının cavabı alt qatdan oxucuya mesaj göndərir. Qoşulub qaçmaq məsələsi nəinki Abdulla və ya Xədicənin qurması deyil, əksinə, Babanın hər cür qurmanı vurub dağıdan xarakterinin göstəricisidir. Baba öz qətiyyəti ilə utancaq, fərsiz Nicatın diametral əksidir. O, atasının balası, babasının nəvəsidir. Onun məhz Baba adlanması da təsadüfi olmayıb, qəhrəmanın genetik kimliyinə antroponimik işarədir.

Hekayənin tükü-tükdən seçən, çoxbilmiş kənd qocalarının astagəl söhbətinə uyğun ləng təhkiyəsi ilə qəfil finalı arasında açıq-aşkar təzad var. İncəliklə düşünülmüş, gözlənilməz final effekti doğuran bu təzad əsas müəlllif fikrinin bədii ifadəsinə xidmət edir. Yəni qarşılıqlı sevgi olan yerdə hansısa çək-çevirə, tərəddüdə ehtiyac varmı?

Amma hekayədə hadisənin ardından boylanan, olsun ki müəllif iradəsindən kənar olaraq mətnin öz diktəsindən doğan və oxucuya göz vuran (gizli!) bir ideya çaları da nəzərdən qaçmır: qocaların uzun-uzadı tərəddüdlərinə çox da fikir verməyin, qətiyyətli olun, bildiyinizi edin, axı, o qocalar özləri də cavanlıqda belə ediblər. Kreativlik hər yeni nəslin zaman qarşısındakı borcudur. Əgər olaylar qocaların ağır tempinin ixtiyarına buraxılsa, cəmiyyət inkişafdan qala bilər. Beləliklə, ucqar kənddə baş verən adi hadisədən danışan hekayə gənc cəmiyyətimizin ən ciddi problemlərindən biri – sosial qocalma (qıcolma!) sindromuna işarə edir.

Ailə hansı prinsiplə qurulmalıdır sualına ən dəqiq cavab isə “Qatarda” hekayəsində verilir. Hekayə “təsadüfən” tanış olan iki gəncin – tələbə Gülər və yenicə müstəntiq işləməyə başlayan Səmədin yol söhbəti üstündə qurulub. Ailə, tərbiyə, qanun, təhsil, iş… haqda söhbətlər açıq publisist tonda aparılır: “Məncə, ailə sağlam münasibət əsasında qurulmalıdır”, yaxud, “Milli sərvətimiz olan neft bizə hansı xoşbəxtliyi gətirdi ki?” Elə görünür ki, bu obrazlar müəllif fikrinin ruporu, yazıçının əlində tutduğu saplarla idarə olunan cansız kuklalardır. Hadisəyə psixoanalitik yanaşma isə heç də belə olmadığını göstərir. Hekayədə təsvir olunan ən adi, təsadüfi, boz, “maraqsız” hadisənin izahını üç qatda vermək olar: şüur, şüuraltı və şüurüstü.
Gənclərin dialoqları şüur qatındadır. Onların bol-bol istifadə etdiyi qəzet-kitab cümlələri göründüyünün əksinə olaraq heç də təsadüfi və yersiz deyil: tələbə Xədicə hələ ömrün oxumaq mərhələsindədir; Səməd tələbə skamyasından yenicə ayrılıb. Həyat təcrübəsi olmayan bu gənclərin öz fikri, öz sözü hələ tam formalaşmayıb. Onlar hələ başqalarından eşitdiklərini, oxuduqlarını təkrarlamalı, elə belə də danışmalıdırlar.

Aləmin seyrinə gəl - Əsəd Cahangir yazır

Hadisənin psixoloji izahını vermək üçün ikinci – şüuraltı qata keçməli olacağıq. İlk baxışdan bir-birinə vurulan gənclərin dil boğaza qoymaması freydist əsaslara malikdir. Dilləri ailə qurmaq prinsiplərindən, neftin ümumillli rolundan və sairdən danışan bu gənclərin, ürəkləri başqa söz deyir və publisist demoqogiya burda yazıçının naşılığı yox, əksinə, özünü naşılığa vurmaq məharətinin göstəricisidir. Çünki gənclərin coşqun dialoqlarının alt qatında onların qarşılıqlı cismani yaxınlıq istəyi, seksual meylinin sözlə realizə olunması, verbal kompensasiyası kimi şüuraltı akt dayanır.
Problem sonuncu – şüuraltı qatda tamamlanır və özünün son həllini tapır. Biz lap axırda bilirik ki, gənclərin dilə gətirdiyi, min dəfə eşitdiyimiz şablon mülahizələrin o üzündə yalnız müəllifə məlum olan və finalda qəhrəmanın cibindən çıxan taleyin yazısı var və yerdə qalan hər şey ona nəzərən məhz elə bayağı, dayaz, səthi görünməlidir: “Əlini cibinə salıb atasının verdiyi məktubu çıxardı. Gözlərinə inana bilmədi. Tale onu istədiyi ünvana aparırdı”. Sən demə, Səməd atasının onu yönləndirdiyi ailənin qızına rast gəlibmiş. Müəllifə görə, bu “təsadüf” göylərin gələcək izdivaca razılığı, səadət isə fərdi seçim üstəgəl valideyn xeyir-duası üstəgəl taleyin yazısı deməkdir. Alnımıza yazılan bir şeyi cibimizə qoya bilmərik.

“Atasının balası” kimi “Qatarda” hekayəsi də gözlənilməz finalla bitir. Amma gözlənilməzlik bu dəfə təkcə genetik yox, həm də metafizik mənşəlidir, sadəcə insan istəyi yox, həm də alın yazısından doğur. Səməd təkcə atasının yox, həm də taleyin balası, göylərin övladıdır. Onun məhz Allahın adını daşıması da təsadüfi deyil. Baba adı müəllif ideyasını açıqlamağa xidmət edən antroponimik işarə olduğu kimi, Səməd adı da teonimik işarədir.
Amma burda çözülməsi gərəkən incə bir nüans var. Birinci qəhrəmanın adını yazıçı bilərəkdən qoyub. İkinci ad isə sanki müəllif istəyindən kənar, öz-özünə doğulub və bu, məntiqidir. Çünki birinci hekayə insan iradəsi, ikinci isə nəticə etibarilə taleyin yazısından danışır.

***
Dürlü sosial problemlər arasında rüşvətxorluğun tənqidi kitabda özəl yer tutur. “Ağsaqqal” hekayəsi bank, “Putyovka” isə səhiyyə sistemindəki rüşvətxorluqdan bəhs edir. Sosial təminat sistemi işçilərinin hər addımda soyduğu təqaüdçü Cəfərxan kişinin axırda dilənməyə məcbur olmasından danışan “Dilənçi” hekayəsində rüşvətin ümummilli sosial bəlaya, taleyüklü problemə, adi, gündəlik yaşam tərzinə çevrilməsindən söz gedir. Odur ki, təqaüdçü qocanın sosial-fəlsəfi ümumiləşdirməsindən doğan sual həm də müəllifin dilindən səslənir: “Əgər bəzi idarələrdə dövlət adamları aldığı məvacibə qane olmayıb, hər gün dilənirlərsə, qəpik-quruş dalınca qaçan bu yazıqları niyə qınamalıyıq ki?… İlahi, biz nə vaxt düzələcəyik?”
Rəmzi işarələrlə zəngin “Kisəçi” hekayəsində hamam kisəçilərinin müştəriləri öz aralarında bölüşdürməsi ölkə iqtisadiyyatını zəncir kimi sıxan monopolist düşüncəyə ironiya kimi mənalanır. Hekayənin qəhrəmanı Cahangir müəllim bəzi “üfunət iyi verən” vəzifə adamlarının ümumiləşdirilmiş obrazı, hamam isə bütün eybəcərliklərin çılpaq göründüyü rəmzi-simvolik məkandır.

Müəllif bu rəmzi-simvolik işarələrlə kifayətlənib, “üfunət”in nədən ibarət olması ilə bağlı konkret açıqlamalar vermir. Əgər belə olsa, “Kisəçi” açıq-aşkar sosial məzmunlu, kəskin problematikalı bir hekayə kimi meydana çıxar, ictimai əhatə dairəsi baxımından genişlənər, ideyaca aktuallaşardı. İndki halda isə problem Cahangirin natəmizliyindən az qala havalanan arvadı Baharın narazılığı ilə başlayıb, razılığı ilə başa çatır və öz həllini ər-arvad münasibətləri çərçivəsində, ailə-məişət zəminində “tapır”: “Cahangir müəllim çimib qurtardıqdan sonra özündən razı halda hamamdan çıxdı… Bilirdi ki… Bahar xanım onu böyük sevinc və coşqu ilə qarşılayacaq”.

Amma burda üstündən sükutla keçmək istəmədiyimiz bir məsələ var – Baharın razılığı hələ müəllifin də razılığı deyil. Çünki əvvəla bir nəfərin yuyunması hələ sosial miqyasda təmizlənmə deyil. Digər yandan isə Cahangir cismən təmizlənsə də, ruhən təmizlənməyib, problem özünün daxili yox, zahiri həllini tapıb. Hekayənin sətiraltı ironiya ilə dolu son cümləsi də problemin həlli yox, mahiyyətcə həll olunmadığına işarə kimi anlaşılır. Əsas problem də, əsl hekayə də məhz son cümlənin bitdiyi, son nöqtənin qoyulduğu yerdən başlayır.
Varlı Cəbrayıl müəllim və kasılb Bəhlulun qonşuluğundan bəhs edən “İki qonşu” hekayəsi “dost dosta tən gərək, tən olmasa gen gərək” misalını yada salır. Sosial fərqlərin hökm sürdüyü yerdə hətta iki öz-özlüyündə yaxşı adam belə Bakıdan Qubaya bir yerdə istirahətə gedə bilməz. Onlar uzaqbaşı həyətdə birlikdə domino oynaya bilərlər.

“İki qonşu” həm də sovet dövrü və müstəqillik kimi iki qonşu zamandan danışır. Hekayədə Cəbrayılın “Ceep”i və Bəhlulun “Jiquli”sinə, Cəbrayılın sifariş verdiyi kabab və Bəhlulun arvadının bişirdiyi dolmaya qədər hər şey bu ikiliyi işarələyir. Yazıçı hansısa tərəfi açıq surətdə qınamaq (və ya dəstəkləmək!) fikirndən uzaqdır. Lakin o, Stendalın dediyi cansız güzgü də olmayıb, olaylara münasibətini arifə bir (iki!) işarə üsulu ilə billdirir, incə, sətiraltı eyhamlar diliylə danışır. Qar yağdığından (birinci işarə!) Bəlul və arvadı Qubanın “Qəçreş” istirahət mərkəzindən Bakıya öz “Jiquli”ləri yox, qonşunun “Ceep”ində qayıtmalı olurlar. Bəhlul iki həftə sonra maşının dalınca getmək istəyəndə yenidən, özü də “yarım metr” qar düşür (ikinci işarə!).

İki dəfə dalbadal vurğulanan qar məsələsi göstərir ki, kasıb Bəhlulun yolunu kəsən varlı qonşu Cəbrayıl yox, təbiət və onun arxasında duran, onun özünü də idarə edən gözəgörünməz qüvvədir. Dünya yaranandan mövcud olan və qiyamətə qədər sürəcək sosial təbəqələşmə, varlıya və kasıba bölünmə göydən gələn təbii (və ilahi!) qanunauyğunluqdur. Odur ki, problem bu bölgüdə yox, bərabərsizliyin doğurduğu sosial-psixoloji komplekslərdədir. Sovet rejiminin süqutundan 30 il keçib, amma – hələ də sovetin bərabərçilik psixologiyasından çıxa bilməmişik; hələ də bazar dönəmində yaşadığımızı dərk etmək istəmirik; hələ də sovetdənqalma “Jiquli”nin bizi komfort həyatın rəmzi olan Qəçreşə aparıb gətirə biləcəyinə inanırıq; hələ də qəbul etmək istəmirik ki, beş barmağın beşi də bir olmaz.

Fikimcə, Kamil Rüstəmbəyovun “Axırıncı aşırım” filminin qəhrəmanı Kərbəlayi İsmayılın ardınca “iki qonşu”nun da müəllifi də bunu demək istəyir.
“Ehsan” hekayəsində müsəlman mentaliteti üçün səciyyəvi olmayan qeyri-adi olaydan söz gedir – Maisin ehsanına gələn olmur. Bu durum insanın törətdiyi əməllərə görə aldığı layiqli cəza kimi mənalanır. Lakin cəzalandırma bununla bitmir, bu az imiş kimi üstəlik də ehsan itə qismət olur. Bu məsələnin görünən, sosioloji tərəfidir.

Alabaş obrazının hekayəyə daxil edilməsi sadəcə ibrətamiz final naminə deyil. Yamanlıqda ad çıxaran çoban itindən törəmiş Alabaş adam arasında böyüdüyündən sivil ev heyvanına çevrilib. Maisin oğlu Dilavər isə eynən atası kimi “adam olmaq istəmir ki, istəmir”. Hekayənin ikinci ideyası Darvinin təkamül təlimini həm inkar, həm də təsdiq edən bu bioloji paradoksla bağlıdır.

Harda zidiyyyətlər ortaq məxrəcə gəlir və paradoks doğulursa, orda reallıq bitir və mistika başlayır. Bu üzdən hekayənin üçüncü ideya planı mistik qata gedib çıxır. Göyüş kişi səhər-səhər Alabaşın hay-küyünə oyanır və itin bu hərəkəti nəsə məşum bir şeydən xəbər verir. Hadisə, doğrudan da, baş verir – aydınlaşır ki, qonşu Mais gecəylə canını tapşırıb. Heç kəsə səsini çıxarmayan Alabaş atasının ölüm xəbərini gətirən Dilavərə cumur və bu, günün ikinci qəribə hadisəsi olur. Nəhayət, Maisin ehsanının itə qismət olması mistik qatdan reallığa sızan üçüncü işarə olur.

“Ehsan”ın altyapısında həyat-ölüm, dünya-axirət modeli durur. Bu iki əks qütb arasında mediator isə ehsandır. Ehsan zamanı edilən dualar mərhumun ruhunun axirətə keçməsinə mənəvi dəstəkdir. Kənd camaatının Maisin ehsanına gəlməməsi onu axirətə gedən yolda bu dəstəkdən məhrum edir. Ehsanın itə qismət olması isə bu yolun ümumən kəsilməsinə işarədir. Alabaş qədim Misir mifindəki Anubis, yaxud yunan mifindəki Serber adlı qorxunc köpək kimi axirətin qapısı ağzında durub, mərhumun ruhunu içəri buraxmır. Pis əməl sahibi öz ölümü ilə təkcə dünyasını yox, həm də axirətini itirir. Hekayədən aldığım yekun informasiya budur.

“Qatarda” və “İki qonşu” hekayələrindən sonra “Ehsan” öz müəllifinin metafizik sınırlara növbəti yaxınlaşma cəhdidir. Amma “Qatarda” hekayəsində yazıçı metafizikanın işıqlı, “Ehsan”da isə infernal, qaranlıq tərəflərindən mesaj alır. Bu üzdən birinci mətn həyat, ikinci isə ölüm enerjisiylə yüklənib.
Bir iqtisadi sistemdən digərinə keçidin doğurduğu sosial-psixoloji problemlərdən bəhs edən “İki qonşu” hekayəsi isə bu üçlükdə sözün bütün mənalarında aralıq mövqe tutur. Burda müəllifin düşüncəsi təbiətin bitdiyi, metafizkianın başladığı neytral zonaya, aralıq xəttə qədər gedir. Ona görə “İki” qonşu nə “Qatarda” qədər komik, nə də “Ehsan” qədər tragik yox, tragikomik ovqata köklənib.

***
Kitabdakı gözlənilməzliklərdən biri detektiv janrdakı “Naməlum adam” povestidir. Povestin qəhrəmanı konkret olaraq qatili axtarır, müəllifin məqsədi isə başqadır. Amma bu məqsəd Eko, yaxud Pamukun romanlarında olduğu kimi qətlin ümumbəşəri fəlsəfi mənasını tapmaq deyil. Bəs, “Naməlum adam”ın müəllifi kriminal aləmdə nə axtarır?

Povestdə janrın tələbi ilə bağlı oxucu bir neçə dəfə “aldadılır”. Parkda skamyada oturduğu yerdə ürək tutmasından “ölən” Aydın müəllimin əslində ödürüldüyü məlum olur. Gecələr bağda mərhumun arvadı Dilbərin gözünə görünən “kabusun” real adam – ərinin keçmiş sürücüsü Məhərrəm kişi olduğu üzə çıxır. Öncə qulluqçu Simuzərin qətllə bağlı olmasından şübhələnsələr də, sonda bu şübhələr dağılır və qətli tördənlərin qonşulquda kirayə qalan Zamirə və onun daxil olduğu cinayətkar dəstə olduğu üzə çıxır.

Məhərrəm kişinin təmənnasız köməyi sayəsində mərhumun oğlu Amil və sistem işçiləri cinayətkarları yaxalayırlar. Müəllif cinayətin açılmasında məntiqi nəticə çıxarma üsulundan istifadə edir. Amma, bizcə, Simuzərin qətllə əlaqədar olmasına dair aldadıcı məntiqi mülahizələr üzərində geniş dayanmaq olardı və bu, əsil həqiqətin üzə çıxmasından doğan təsiri artırardı. Finala doğru tələsən müəllif, təəssüf ki, bu şansı qaçırır.
“Naməlum adam” povesti müəyyən mənada D.Braunun məşhur “Da Vinçi kodu” romanıyla səsləşir. Romanda olduğu kimi povestdə də portret məsələsi və qadın-kişi söhbəti var. Amma feminist ruhlu amerikan yazıçısının tam əksinə Kəngərlini başqa məsələ maraqlandırır.
Povestdə cinayət “qadın” üstündə baş verir – Aydın müəllimi onun evindəki məşhur “Tənha qadın” portretini oğurlayıb satmaq üçün öldürürlər. Ərinin ölümündən sonra Dilbər xanım özü “tənha qadına” çevrilir. Bir qadının – Simuzərin cinayətlə əlaqədar olmasından şübhələnib, başqa bir qadını – Zamirəni cinayət başında yaxalayırlar.

Bütün bunlar yazıçının antifeminist mövqeyindən xəbər verir. Bunu görmək üçün bir-birilə daxili bağlılığı olan, amma ilk baxışdan diqqəti çəkməyən iki fakta nəzər salmaq yetərlidir. Povest bir kişinin – Aydın müəllimin öldürülməsi ilə başlayıb, ikinci kişinin – gözətçi Nəriman kişinin qətli ilə başa çatır. Əsər kişinin öldürüldüyü yerdə qadının Dilbər kimi şəklə, yaxud Zamirə kimi caniyə çevrilməsindən danışır. Klassik qadın idealı indi yalnız sənətdə – “Tənha qadın” portretində qalıb, amma onu da oğurlayıb satırlar. Ən paradoksu isə budur ki, bunu edənlərin arasında qadın da var.
Müəllifə görə, hər cür sosial xaosun ibtidasında kişinin ölümü durur. Təkcə sədaqətli Məhərrəm kişi yox, qadınlı-kişili ümumən adamlıq indi naməlumdur. Pul qadını qadınlıqdan, kişini kişilikdən çıxarıb. Biz sözün bütün mənalarında naməlum adamlarla dolu qorxulu zamanda, kriminogen erada yaşayırıq və öldürmək instinkti bu eranın əsas özəlliyidir! Kriminal süjetin altından boylanan başlıca müəllif ideyası, məncə, budur.

***
Kitabda ikinci – daha ciddi gözlənilməzlik “Robot 50 KDK 101” hekayəsidir. Hekayədəki olaylar fantastik gələcək zamanda, nömrələnmiş robotların işlədiyi “Reaktor” müəssisəsində baş verir. “Reaktor” Y.Zamyatinin “Biz” antiutopik romanında nömrələnmiş qəhrəmanların çalışdığı “İnteqral”ı xatırladır. Lakin rus mühacir yazıçısının sovet insanına işarə edən personajlarından fərqli, Kəngərlinin çağdaşlarımızı işarələyən robotları öz taleyindən razıdır. Narazı olmağa elə bir səbəb də yoxdur. İnsan deyillər ki, narazı olalar, robotdurlar.

Müəssisə direktorunun öz işçiləri ilə söhbətlərindən məlum olur ki, Yer kürəsi adamlarının mənəviyyatsızlığı, aramsız müharibələr və insanın öz sağlamlığı qeydinə qalmaması üzündən bəşər tarixi bitmək üzrədir, robotlar erası başlayır. Divin sözü olmasın, mətndən postadam iyi gəlir.
Hekayədə Yer kürəsinin robotları uzaq Qasr planetinə kosmik peyk göndərir. Olaylar də məhz peykin gedib-gəldiyi bir həftə ərzində baş verir. Qasrda cəmiyyətə nəzarət mexanizmi dərin intellekt və mədəniyyətə malik robotların əlindədir, əhali zəngin mənəviyyyatı ilə seçilir, rüşvət, korrupsiya yoxdur və yalnız biliyi, bacarığı olanlar irəli çəkilir. Qasrlılar spirtli içki içənlərə ruhi xəstə kimi baxır, onları özəl qəsəbələrdə məskunlaşdırır, bundan nəticə çıxarmayanları həbs edirlər.

Bir sözlə, müəllif utopik Qasrı antiutopik Yerə qarşı qoyur. Maddi rahatlıq və mənəvi rifah içində yaşayan yadplanetlilər Yerə “işgəncə planeti” kimi baxırlar. Amma yazıçının məqsədi Yer kürəsində də Qasrda olduğu kimi tezliklə robotların hökmranlıq edəcəyinə dair elmi-fantastik fikrin təsdiqi deyil. O mənəvi dəyərləri itirən insanın öz yaşam haqqını da itirməsindən, qırmızı kitaba düşməsi təhlükəsindən danışır. Bu cür insan olmaqdansa, eləcə robot olmaq yaxşıdır. Çünki robotlar daha ağıllı, daha vicdanlı, daha duyğusaldır. Müəllifin əsas ideya vurğusu əvvəldən sonacan bu fikrin üstünə düşür.
Hekayədə gizli bir “məhəbbət xətti” də var. “Reaktor”da çalışan 50 KDK 101 nömrəli robot öz müdirindən ona bir “qulaq yoldaşı” tapmasını xahiş edir və hadisələr “sevimli işçi” üçün qadın göndərilməsi ilə bitir.
Bu xətt hesabına utopik janr üçün səciyyəvi olan statika aradan qalxır, süjet dinamizm və bitkinlik qazanır. İkincisi, “xilaskar” qadın motivi hekayəni antiutopik janr ənənəsi ilə bağlayır. Nəhayət, müəllif hətta duyğusuz robotun belə sevgiyə ehtiyacını vurğulamaqla, bu ali hissi itirən insanlara sətiraltı tənqidi münasibət ifadə edir.
“Robot 50 KDK 101” hekayəsinin daxil edilməsiylə kitabda bir-birinə bir-birinə əks iki qütb yaranır:

zaman baxımından: indi / gələcək
məkan baxımından: Azərbaycan / kosmos
metod baxımından: realizm / fantastika
qəhrəman baxımından: insan / robot

Amma, təəssüf ki, bu iki antiqütb arasında körpü yoxdur və məsələ bundadır ki, müəllifin bu körpünü salmaq imkanı var idi. Əgər 50 KDK 101 nömrəli robota “qulaq yoldaşı” Qasrdan göndərilsəydi, bu Yer və Qasr, indi və gələcək, robot və insan, reallıq və fantastika arasında körpü olar, nəticədə hekayə bütün varlığı öz cazibəsində saxlayan kosmik məhəbbət enerjisi haqda fantastik sevgi himninə çevrilərdi.
Sevimli robota qadının Yerdən göndərilməsi onun göstəricisidir ki, Kəngərlinin düşüncəsi vertikal yox, horizontal istiqamətlidir və o, gələcək mövcudluğun davamını kosmik yox, planetar miqyasda görür.

Bu, hardasa başadüşüləndir. Kəngərli amerikan, yaxud avropalı yox, azərbaycanlıdır. Hər insan kimi hər yazıçı da öz mühitinin yetirməsidir və görünür, Azərbaycan insanının hazırkı fəlsəfi, elmi, siyasi, sosial, bədii düşüncəsi hələki buracan gedə bilir. Otuz il öncə özünün “İdeal” romanındakı kosmizm ilə təkcə milli yox, dünya bədii fikrinin öncüllərindən biri olduğunu sübut edən Muğanna isə bütün dahilər kimi sadəcə bir istisnadır.

***
Vaxtilə Xəyyam yazırdı ki, “əlimdə oslaydı əgər iqtidar, bu köhnə fələyi kökündən yıxar, təzədən elə bir aləm qurardım, ki hər kəs yaşardı azad, bəxtiyar”. Bu sözləri istənilən fantastik əsər kimi Kəngərlinin də hekayəsinə (və ümumən kitabına!) epiqraf vermək olar. Çünki fantastika reallığın insanı qane etməməsindən, onu söküb, yenidən, öz ürəyincə qurmaq istəyindən doğur. Özünün kiçik hekayələrində böyük həqiqətlərdən danışan Kəngərlini də nə reallıq, nə də realizm qane edir. Onun fantastik janra müraciəti burdan doğur. Əgər bir cümlə ilə ifadə etmək lazım gəlsə, “Naməlum adam” kitabı haqda fikirlərimizi belə ümumiləşdirmək olar: yazıçının sosioloji hekayələri reallığın tənqididir; detektiv povesti reallığa çıxarılan hökmdür; fantastikası isə bu reallığı başqa yerdə axtarmaq cəhdinin ifadəsidir.

Amma klassiklərdən, məsələn, Nizamidən fərqli olaraq fantastik xoşbəxtlər ölkəsi haqqında düşüncələr Kəngərli üçün inanc yox, daha çox ədəbi-bədii priyom, metaforadır. Ona görə yazıçının robot qəhrəmanına qadın kosmosdan yox, Yerdən göndərilir. Ona görə fantastik mövzuda yazdığı hekayədə də yazıçının fikrini məşğul edən real həyatdır. Ona görə yazıçı öz sevimli robotları ilə birlikdə kosmosdan dünyaya baxır və “aləmin seyrinə gəl, gör nə nə qədər zilləti var” deyir.

Ona görə yazıçının bədii-kosmik odisseyasından sonra da təqaüdçü Cəfərxan kişinin sualı öz qüvvəsində qalır: “İlahi, biz nə vaxt düzələcəyik?”
Amma bu bədbin suala baxmayaraq “Naməlum adam” kitabından pessimist ovqatla ayrılmıram. Çünki Aləm Kəngərlinin timsalında 60-70-ci illər nəsrində qoyulan mövzu, problem, ideyaları istedadla davam və inkişaf etdirə biləcək naməlum bir romançı görürəm. Çünki yaradıcılıq möcüzədir, möcüzə olduğu üçün də gözlənilməzliklərlə doludur. Bu üzdən Cəfərxan kişidən fərqli mənim sualım nikbindir. Bəlkə, müdrik Sədi haqlıdır? Bəlkə, Aləm özünün romanlarını hələ bundan sonra yazacaq?…

Share: