Alabaşın bir üzü… Damət SALMANOĞLUNUN yeni hekayəsi

Alabaşın bir üzü… Damət SALMANOĞLUNUN yeni hekayəsi

( Hekayə)

Onunla dəniz kənarında gəzinti zamanı tanış olduq. Bir-birimizə bənzərliyimiz hər ikimizin nəzərindən qaçmadı. Bu bənzərlik ünsiyyətlə, ünsiyyətimiz isə dostluğun yolunu açan bir bələdçiyə çevrildi. Qısa müddət ərzində uzun illərin dostu kimi tez-tez görüşür, müxtəlif mövzularda diskussiyalar aparırdıq. Yaşımızın elə çağı idi ki, bəzən nərd oynamağımıza da rahatlıqla vaxt ayıra bilirdik. Axı niyə də olmasın? Hər ikimizin təmannasız dostluğa ehtiyacımız var.

Daha əvvəlki kimi, şərəfsizləri,yaltaqları,yersiz yerə dişlərini ağarandanları görmuruk. Bax beləcə iki dost zamanımızı səmərəli keçirməyə çalışır, təbiətin bəxş etdiyi gözəlliklərdən payımızı alırdıq. Ancaq məni hər zaman Zahid müəllimin çöhrəsini özünə yurd yeri seçən təbəssümün ətrafında məskunlaşmış kədər qonşuları maraqlandırırdı. Axı bu qədər səmimi, açıq sözlü, hər zaman haqqın yanında dayanan bir insanın çöhrəsində kədərin nə işi var?
Zahid müəllim uzun müddət rəhbər vəzifələrdə çalışıb, vəzifəsinə sui-qəsd qurmamış bir məmur olmuşdu. Hər zaman rəhbərliyi altında çalışan işçilərin yanında olub, çətin günlərində qayğıkeş ata kimi öz varlığını nümayiş etdirmişdi. Kimsəyə pislik etməyən bir insanın çöhrəsində kədər tayfasının nə işi ola bilərdi. Bir gün gəzintidən sonra şam ağacının kölgəsində quraşdırılmış skamyada əyləşdik. Bu gün özümə söz vermişdim ki, bu kədəri o nurlu çöhrəyə yerləşdirənlərin kimliyini öyrənim. Bir az söhbətdən sonra mövzunu söhbətimizə dəvət edib soruşdum:
– Zahid müəllim, neçə müddətdir nəzərimdən qaçmayan bir nüansı sizdə görürəm. Ötüb keçər deyə gözlədim, ancaq baxıram ki, öz xoşluğu ilə ötüb keçmir. Mənə de görüm, o nurlu simanı işğal edən kədər tayfası hardan peyda olub?
Zahid müəllim dərin bir köks ötürdü:
– Ehh, qardaş, onları tək-tək bir zaman çörək verdiyim, qayğısına qaldığım, çətin gündə yanında olduqlarım yerləşdirib. İndi isə qovub çıxarda bilmirəm. Çünki, təbəssümüm az, kədərim çoxdur.

Bir 1 nəfər, uşaq və köpək şəkili ola bilər
Zahid müəllimin verdiyi cavab məni çox maraqlandırdı.
– Əziz qardaş, hələ günortaya çox var, hava da gözəldir. Əgər uyğun bilirsənsə bir danış görüm nə məsələdir.
– Uzun müddət rəhbəri olduğum idarədə hər kəsə qayğı göstərib, çətin günlərində yanlarında olmaqla sanırdım ki, məni rəhbərdən çox bir ağsaqqal kimi, bir doğma kimi sevirlər. Vəzifədə olanda yüzlərcə dostlarım, salam verdikləri zaman suala dönənlər bir gün məni tanımaz hala gəldi.
– Hansı gün?
– Təqaüdə çıxdığım gün. O xəbər qəfil gəldi. Bildirdilər ki, bu gün ərizəni yazırsan, sabahdan da təhvil-təslim işlərini başladıb təqaüdə ayrılırsan. İllərdir çalışdığın idarədən bir gündə ayrılmaq o qədər də asan deyil, qardaş. Ancaq qərar bu idi. Ərizəni yazıb, evə gəldim. O gecəni sabaha qədər yata bilmədim. Həyətimdə çox sevdiyim bir “alabaşım” var. Demək olar ki, sabaha qədər onunla dərdləşdim. Arada başını ayaqlarımın üstə qoyub yatdı. Mənim isə gözlərimə yuxu getmədi. Ancaq bilmirdim ki, bu xəbər gözlənən idi və gəldi də. Əsl gözləməz hallar sabah yaşanacaqdı. Səhər idarəyə gedəndə mənə qarşı soyuqluq ruhumu titrətdi. Sanki illərdi bu insanlara qayğı göstərib, can yandırmamışam. Sanki illərdi çiyin-çiyinə bir idarədə çalışmamışıq. Təhvil-təslim üçün ikinci evim olan kabinetimə daxil olanda soyuqluğun hardan qaynaqlandığı məlum oldu. Təzə rəhbər gəlib öz işinin icrasına başlamışdı artıq. Dünən məni şam bilənlər, bu gün təzə rəhbərin pərvanəsinə çevrilmişdi. İçəri daxil olanda verdiyim salamı belə övladını şəxsi hesabıma oxutdurduğum birinci müavinim almadı. Bu qədərmi insanlar dəyişərmiş? Həm də cəmi bir günə. Bir sözlə, təhvil-təslim işini başa vurub iş otağımla səssizcə vidalaşıb çıxdım idarədən. Özümə yaxın bildiyim, bir zənginə simruq quşu kimi yanımda olan dostlarıma zəng edib, işdən çıxdığımı, bir az həmsöhbət olub fikrimi dağıdan dostlarıma ehtiyacım olduğunu bildirdim. Əfsuslar olsun ki, dost sandıqlarımın hamısı işdən çıxdığımı bildikdə müxtəlif bəhanələr gətirərək mənimlə görüşüb həmsöhbət olmaq istəmədi. O an özüm bir boşluqda hiss elədim. Çöhrəm bəmbəyaz olmuşdu. Orda sevincmi yurd salıb, kədərmi yurd salıb bilinmirdi. Evə dünüb, öz otağıma çəkilib bir daha ordan çıxmayacağıma qərar verdim. Gördüklərimi ailəm ilə bölə bilməzdim. Çünki, bu günə qədər onlar mənim çətin anıma şahidlik etməmişdilər. İndi qəfildən bu olanları danışsam hansı vəziyyətə düşəcəkləri mənə məlum idi. Qapıdan içəri daxil olanda sevimli “alabaşım” sanki illərdir məni görmürmüş kimi üstümə qaçıb həyət qapısının ağzındaca məni qarşıladı. Elə bil nələr çəkdiyimi hiss edirmiş kimi, mənə nəvaziş göstərməklə təsəlli verməyə başladı. Bir az onunla oynadıqdan sonra, gördüm ki, bu an həmsöhbət ola biləcəyim tək canlı “alabaşımdı”. Elə də elədim. Alabaş səssiz, səmirsiz məni dinləyir, arada asta səslə hürüb, dəstəyini nümayiş etdirirdi. Dərdimi “alabaşıma” söylədikdən sonra, sanki özümdə xeyli yüngüllük hiss etdim. Bu o demək deyil ki, “alabaş” mən dediklərimi anladı, ancaq hiss etdiyinə əmin idim. Və bir də, onun vəzifədə olduğum müddətdə də, çıxdıqdan sonra da eyni olduğunu görüb anladım ki, dəyişməyən üzlər də var. Çöhrəmə kədər tayfasını yerləşdirənlərin bilmədilər ki, çöhrə qəlbin aynasıdır. O qəlbə nə qədər kədər tayfası yerləşdirsələr də, “alabaşımın” sevinc qonağı özünə yurd sala biləcək qədər genişdir.
Zahid müəllimin yaşadıqları məni çox məyus etdi. Ancaq o gün bildim ki, insanların kədər gətirdikləri yerə, Allah istəsə bir heyvan vasitəsilə belə sevinc gətirməyə qadirdir.

Damət Salmanoğlu
02.06.2024

Share: