Albert Eynşteynin auksionda 3 milyon dollara satılan məktubu-Araz GÜNDÜZÜN tərcüməsində

Albert Eynşteynin auksionda 3 milyon dollara satılan məktubu-Araz GÜNDÜZÜN tərcüməsində

Albert Eynşteyn ömrünün son illərində

 2018-ci ilin 4 dekabrında, Nyu-Yorkun Kristi auksinonunda, Albert Eynşteynin Priston universitetində işləyən yəhudi əsilli alman filosofu Erik Qutkində yazdığı məktub satışa çıxarılmış və üç milyon, daha dəqiq desək, 2892500  dollara satılmışdır. Məktubun belə baha qiymətə satılması yalnız dahi fizikin irsinə olan böyük diqqətlə bağlı deyildir, həm də “Allah haqqında məktub” adı ilə tanınan bu məktubun məzmunu ilə əlaqəlidir. Dahi alimin ölümündən təqribən bir il öncə, 3 yanvar 1954-cü ildə yazılmış bu məktubu, onun ömrü boyunca müəyyən dəyişikliyə uğramış Allah və din, həmçinin özünün yəhudi mənsubiyyəti ilə bağlı düşüncələrinin faktiki yekunu hesab edilə bilər.

Məktubun yazılma səbəbi Eynşteynin, holland riyaziyyatçı və filosofu Leytzen Brauerin məsləhəti ilə, Erik Qutkindin “Həyatını seç: Bibliyanın üsyana çağırışı” kitabını oxuması olmuşdu.

Erik Qutkind (1877-1965) 1952-ci ildə çap edilmiş bu kitabında iudaizmə yeni düşüncə tərzi ilə yanaşmağa çalışır, hər şeydən öncə isə, mötədil dini etiqada və liberalizmə qarşı laqeyd mövqe tutan, daha konkret və dinamik təlim axtarışında olan gənc nəslə yol göstərmək məqsədi güdürdü. Qutkind ümumbəşəri mövcudluğun mənasını vurğulayaraq iudaizm və yəhudiliyin onun bütün dəyərlərini açıqladığı fikrini irəli sürürdü. Onun sözünə görə, iudaizm maksimum humanizm daşıyıcısıdır, yəhudi təfəkkürü isə özündə ali xeyiri təcəssüm etdirir.

O iudaizmdə özünü göstərən liberal cərəyanı tənqid edir, onları Tövratı aşındırmaqda və dinlər arasındakı fərqi aradan qaldırmağa çalışmaqda günahlandırırdı. Qutkind bibliya hekayə və personajlarının “ultra-reallığını” qeyd edir, onların insanlığı mifoloji təfəkkürdən azad etdiyini bildirirdi.

O yəhudi inancının qırılmaz şəkildə, bütövlüyü ilə fərqlənən yəhudilərin seçilmiş xalq olması ilə bağlı olduğunu qeyd edir və xalqın malik olduğu bütövlüyün, ayrı-ayrı fərdlərdən fərqli olaraq, onun toplu şəkildə müqəddəsliyə çata bilməsinə imkan yaratdığını bildirirdi.

Kitabında Eynşteyni də xatırladan Qutkind iddia edirdi ki, Eynşteynin təqdim etdiyi kainatda təbiətin riyaziləşməsi, insanlığı illüstrativ (əyani) düşüncə tərzindən ayıraraq onu həqiqi idraka, ciddi mücərrəd təfəkkürə yaxınlaşdırır və Qutkindin fikrincə, məhz elə bu da, yəhudiləri insanlığın yerdə qalan hissəsindən ayıran başlıca xüsusiyyətdir.

Eynşteyn Qutkində yazdığı məktubda həyata və insana münasibətdə onunla uyğun gələn müəyyən fikirlərinin olduğunu göstərsə də, ancaq mahiyyətcə, Qutkindin baxışlarına birmənalı və kəskin fikir bildirir.

Aşağıda oxuyacağınız bu məktub, insanlıq tarixində ən böyük təfəkkür sahibi olmuş şəxslərdən birinin inanc və dini baxışlara münasibətini öyrənmək baxımından çox maraqlıdır.

Əziz mister Qutkind!

Brauerin təkidli məsləhətindən sonra mən son bir neçə gündə sizin kitabınızın çox hissəsini oxudum. Kitabı mənə göndərdiyiniz üçün sağ olun. Burada xüsusi ilə belə bir cəhət diqqət çəkir: həyata və insan cəmiyyətinə faktiki münasibətdə biz əhəmiyyətli dərəcədə biri-birimizə bənzəyirik: bu özünü daha çox, eqosentrik arzulardan qurtulub fövqəlşəxsi ideala canatmada, həyatı gözəl və nəcib etmək üçün çalışmaqda, ömrümüzdə sırf insani dəyərləri vurğulamaqla cansız predmetlərə yalnız vasitə kimi yanaşmaqda, onların heç bir halda üzərimizdə ağalıq etməsinə yol verməməkdə göstərir (Bu nöqteyi-nəzər, özünün antiamerikan mövqeyi ilə bizi daha da yaxınlaşdırır).

Ancaq hər halda, Brauerin məsləhəti olmasaydı mən heç vaxt sizin kitabınızı oxuyub öyrənmək istəməzdim, çünki o mənim üçün anlaşılmaz olan bir dildə yazılıb. “Allah” sözü mənim üçün insani zəifliyin məhsulu və bunun ifadəsindən artıq heç nə deyil, Bibliyanı isə – çoxlu sayda hörmətə layiq, ancaq həm də primitiv əfsanələrin toplusundan başqa bir şey hesab etmirəm. Onların istənilən, ən bacarıqlı yozumu belə məni bunun əksinə inandıra bilməz. Bu cür incə və nəfis yozumlar, təbii şəkildə, biri-birindən çox fərqlidir və Bibliyadakı orijinal mətnlə demək olar ki, heç bir əlaqəsi yoxdur. Mənim üçün həqiqi yəhudi dini, bütün başqa dinlər kimi, bəsit bir xurafatın təcəssümündən ibarətdir. Mənsubluğumdan məmnunluq duyduğum yəhudi xalqı və onun mentaliteti mənə çox doğmadır, ancaq istənilən başqa xalqla müqayisədə, bütün bunları hansısa xüsusi ləyaqət hesab etmirəm. Təcrübəmə əsasən deyə bilərəm ki, yəhudilər heç də başqa insan qruplarından yaxşı deyildir və yalnız böyük gücə sahib olmamaq onları ən pis eyiblərdən xilas edir. Onların “seçilmiş” olması planı ilə bağlı başqa heç bir cəhət görmürəm.

Sizin imtiyazlı mövqe ilə bağlı iddia qaldırmağınız və onu zahirən ümumbəşəri baxımdan, daxilən yəhudi olaraq iki təkkəbbür divarı ilə əhatəyə alıb müdafiə etmək istəyiniz mənə çox mənfi təsir bağışladı. Ümumbəşəri mövqedən siz, ümumi qəbul edilmiş səbəbiyyət hadisəsindən müəyyən dərəcədə azad ola bilməyin mümkünlüyünü iddia edirsiniz; daha sonra, yəhudi olaraq, monoteizmin xüsusi imtiyazı olduğu fikrinə gəlirsiniz. Bizim görkəmli soydaşımız Spinozanın hadisələrin dərin qatlarına vararaq bildirdiyi kimi, məhdudlaşdırılmış səbəbiyyət ümumiyyətlə ssəbəbiyyət hesab edilə bilməz. Həmçinin, təbiətlə bağlı yaranan animistik dini konsepsiyalar, dini sahənin monopoliyaya alınması ilə aradan qaldırıla bilməz. Bu cür divarlar ucaltmaqla biz hansıssa özünüaldatmalara keçə bilərik, ancaq bunlar bizim əxlaqi səylərimizi ilhamlandıra bilməz, daha çox, bunun əksinə olan hadisələr törədər.

İndi mən sizə səmimi olaraq bizim intellektual mövqelərimizdəki fərqləri göstərəndən sonra, buna baxmayaraq, mövqelərimizin mahiyyətcə, məhz insan davranışları ilə bağlı sahədə çox yaxın olduğunu da qeyd etmək istəyirəm. Freydin dili ilə desək, bizi ancaq intellektual çərçivələr, “rasionallaşma” biri-birimizdən ayırır. Və düşünürəm ki, əgər biz konkret şeyləri müzakirə etsəydik, daha yaxşı razılığa gələ bilərdik.

Minnətdarlığımı və ən xoş arzularımı yetirirəm.

Sizin, Albert Eynşteyn.

 

 

 

 

 

 

 

Share: