“Son dövrlər sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində Vəkillər Kollegiyasının üzvü tərəfindən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının qəbul etdiyi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Qərardadında nümayiş etdirilmiş hüquqi mövqelər təhrif edilib, habelə Ali Məhkəmənin hakimlərinin nüfuzuna xələl gətirən ifadələr yayılıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ali Məhkəmə vəkil Əkrəm Həsənovun məhkəmə barəsində səsləndirdiyi fikirlərə cavab olaraq bildirilib.
Qeyd olunub ki, Ali Məhkəmənin Mülki Prosessual Məcəllənin 418-1-ci maddəsi əsasında qəbul etdiyi qərardadlar vəkilin yazısında istinad edildiyi kimi araşdırılan sahə üzrə təcrübədə olması ehtimal edilən bütün hüquqi məsələlərin deyil, məhz kassasiya qaydasında konkret işin həlli baxımından əhəmiyyətli olan və ayrı-ayrı məhkəmə tərkibləri arasında fikri ayrılığı doğuran hüquqi məsələyə dair izahın verilməsini tələb edir:
“Qəbul edilən qərardadda da, qanunun tələbi baxımından yalnız icraatda olan konkret işin həlli üçün mühüm olan məsələlərə qiymət verilib. Xüsusilə vurğulanmalıdır ki, məhkəmə təcrübəsinin vahidliyini təmin edən bu qəbildən olan qərardadların qəbulu zamanı hər zaman mübahisəli hüquqi məsələ Ali Məhkəmənin internet səhifəsi vasitəsilə hüquq ictimaiyyətinin diqqətinə çatdırılır və qərardadların qəbulunadək daxil olan bütün rəy və təkliflər diqqətlə təhlil edilir.
Hazırkı qərardadın qəbulu zamanı da eyni prosedura riayət edilərək, 2022-ci ilin 13 aprel tarixində (https://supremecourt.gov.az/post/view/1418 ) elan verilməklə yazılı formada əsaslandırılmış rəylərin (amicus curiae rəyi) təqdim edilməsi üçün şərait yaradılıb. Bir sıra hüquqşünas və qurumlar tərəfindən məsələyə dair münasibət bildirilsə də, hazırda qəbul edilmiş qərardadla bağlı çıxış edən vəkil tərəfindən mövzu üzrə Ali Məhkəməyə hər hansı rəy və yaxud müraciət təqdim edilməyib”.
Açıqlamada qeyd olunub ki, qərardadın məzmunu ilə bağlı qeyd edilənlərə münasibətdə isə bildirilməlidir ki, bu məlumatlar həqiqəti əks etdirməyərək, qərardadın məzmununu təhrif etməklə qərəzli şəkildə ictimaiyyətin diqqətini çaşdırmağa yönəlib:
“Belə ki, Qərardadda ipoteka predmetinin təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilməsinə dair nümayiş etdirilmiş hüquqi mövqe, bu əldə etmənin ipoteka predmetinin dəyəri ilə bağlı qarşılıqlı hesablaşmaların aparılması şərti ilə həyata keçirilməsini istisna etmir. Qərardadın 59 və 60-cı bəndlərində bu məsələyə aydınlıq gətirilərək xüsusi olaraq vurğulanmışdır ki, hərrac təşkilatının protokolu imzalamaqdan imtinasının və yaxud yayınmasının qanunsuzluğu ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyi halda mümkündür, habelə buna dair qəbul edilmiş məhkəmə aktında da əmlakın ipoteka saxlayan tərəfindən hansı şərtlərlə əldə edildiyi dəqiq göstərilməlidir.
Göründüyü kimi, Qərardadda ipoteka saxlayanın hərrac protokolunun qarşılıqlı hesablaşmaya dair şərtlərə cavab verən qaydada imzalanmalı olmasına hər hansı əks hüquqi mövqe bildirilməyib.
Qərardadla bağlı yazıda ifadə edilmiş və heç bir hüquqi əsası olmayan digər fikirlərə dair münasibətin bildirilməsinə lüzum görülməyərək, bir daha vurğulanmalıdır ki, Ali Məhkəmənin hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə Qərardadları müvafiq kollegiyalara daxil olan bütün hakimləri tərəfindən mübahisəli hüquqi məsələnin nəzəri və praktik tərəfləri təhlil olunmaqla, habelə digər instansiya məhkəmələrinin hakimləri və bu sahədə tanınmış alimlərin rəy və təklifləri nəzərə alınmaqla, səs çoxluğu ilə qəbul edilir”.