Allah bilən məsləhətdi! – Aqil Abbas yazır…

Allah bilən məsləhətdi! – Aqil Abbas yazır…

Kulis.az Aqil Abbasın “Allah bilən məsləhətdi!” yazısını təqdim edir.

İki qardaşı, özü də bir məhlədə yaşayan qardaşı bir-birinə düşmən elədilər. İndi də qırhaqırdı. ABŞ başda olmaqla NATO ölkələri və qeyri-NATO ölkələri Rusiyanı dağıtmaq üçün bütün güclərini səfərbərliyə alıblar. Rusiya da üzünə dirənib, dağılmaq istəmir. Deyir mən varam, dünya var, mən yoxamsa, dünya da olmayacaq. Hamını nüvə silahı ilə hədələyir. Təbii ki, heç kim də Putini ciddiyə almır, Bayden başda olmaqla deyirlər ki, Putin nüvə silahına əl atmaz. Dənizdə batan saman çöpündən yapışdığı kimi dünyada da nüfuzunu və dövlətçiliyini itirən Rusiya əlini nüvə silahına atar.

ABŞ və NATO dövlətləri durmadan Ukraynanı silahlandırır. Nə veclərinə müharibədə qırılan nə amerikalıdı, nə fransız, nə ingilis, qırılan ukraynalıdı və rusiyalıdı.

Nə veclərinə dağılan şəhərlər nə Parisdi, nə Berlindi, nə Londondu, Nyu-York heç deyil. Dağılan şəhərlər Donetskdi, Luqanskdı, Jitomirdi, Meriapoldu, Kiyevdi.

Ölkəsindən qaçqın düşən də nə ingilisdi, nə fransızdı, amerikalı heç deyil. Ukrayna xalqıdı.

Belə fikirləşirlər ki, müharibə uzandıqca Rusiyanın silah-sursatı da qurtaracaq. Rusiya 100 ildi nə Sovet xalqını, nə də öz xalqını xoşbəxt eləməyib. Allahın bir normal minik avtomobilini, bir normal avtobusunu düzəltməyib, əvəzinə tank düzəldib, raket düzəldib, “S-300”, “S-400” düzəldib, kosmosda hərbi baza yaradıb. Yəni Rusiyanın silah-sursatının qurtarması Volqa çayının quruması kimi bir şeydi.

Həm də Rusiyanın Ermənistan kimi güclü bir müttəfiqi var. Qoyarmı Rusiya silahsız qalsın? Hələ mən İranı demirəm, Tacikistanı demirəm.

Böyük 7-lik və Avropa İttifaqı qərar çıxarıb ki, Rusiyanın özünə birləşdirdiyi Ukraynanın beş ərazisini tanımırlar və tanımayacaqlar. Rusiyanın çox vecinədi, tanımırsız tanımayın. Abxaziya ilə Osetiyanı tanımadınız nə oldu ki, indi də nə ola?

Dünyada 800 milyon əhali aclıq çəkir, dünyanın özündən deyən ölkələrinin də vecinə deyil. Ukraynaya 100 milyard dollarlıq silah bağışlayıblar. Görən, Ukrayna dara düşüb əhalisini yedirtmək üçün Amerikadan və Avropa dövlətlərindən 2-3 milyard yardım istəsəydi verərdilər? Təbii ki, verməzdilər.

Pandemiya çıxartdılar ki, dünyada əhalinin sayı azalsın, elə bir effekt vermədi. Ona görə də dünyanın əhalisini azaltmaq üçün, “qızıl milyardlıq” əhali saxlamaq üçün dünya müharibəsinə bir ehtiyac var. Artıq ona da başlayıblar. Uduzan Avropa dövlətləri və Rusiya olacaq. Yenə də qalib ABŞ qalacaq.

ABŞ və NATO ikinci, üçüncü müharibə ocaqlarını yaratmaq üçün Yunanıstanın qoltuğuna qarpız verib Türkiyəyə hürdürür, Ermənistana da dil verib bizə hürdürür. Dil deyəndə təbii ki, pul, xəlvəti silah-sursat.

Sayın Ərdoğan 3-cü Dünya müharibəsinin qarşısını almaq üçün qollarını çırmayıb girib meydana. Bu da dünya liderlərinin xoşuna gəlmir. Ona görə də Türkiyəni təkləyirlər.

Məmməd Araz deyir:

Körpülənin ay Arazlar,

Məni qoymayın təklənəm!

Unudurlar ki, artıq Arazlar körpülənib, Türkiyə tək deyil, onun yanında Azərbaycan var. Sayın Ərdoğan da tək deyil, yanında sayın İlham Əliyev var və hər ikisinin arxasında da artıq türklüklərini başa düşmüş körpülənən Türk dövlətləri var. Və unudurlar ki, Türkiyə asqırsa Yunanıstan fırtılığının altında qalar.

Ən qorxulusu odur ki, bir tərəfdən Bayden, bir tərəfdən də Putin Allahı da bezdiriblər. Deyirlər, Allahın 40 il səbri var, indi biz 40 il gözləyəkmi?!

Bir məşhur hədisi yada salmasam olmaz. Bir kişinin oğlunu qonşunun oğlu vurub öldürür. Peyğəmbər meraca gedirmiş, kişi qarşısını kəsir, soruşur ki, Allahdan öyrən görək mənim oğlumun qatili nə vaxt cəzalanacaq?

Peyğəmbər meracdan qayıdanda sualına cavab istəyir. Peyğəmbər buyurur ki, Allahdan səda gəldi ki, 40 ildən sonra. Kişi də deyir:

– Allah bilən məsləhətdi.

Gəlir həyətə, arvadı soruşur ki, Peyğəmbər nə dedi?

– Peyğəmbər dedi ki, qırx ildən sonra cəzalanacaq.

Arvad:

– Allah bilən məsləhətdi.

Girir evə, evdəki qızları soruşur ki, ana, nə xəbər?

Ana:

– Allahdan səda gəlib ki, sənin qardaşını öldürəni qırx ildən sonra cəzalandıracaq.

Qız:

– Ana, Allah bilən məsləhətdi.

Bu vaxt qonşu həyətdən çığırtı səsi gəlir. Kişi keçir qonşuya, görür ki, oğlunun qatilini ilan vurub öldürüb. Başılovlu yüyürür Peyğəmbərin arxasınca, çatır və deyir:

– Ya Peyğəmbər, bəs, Allah buyurmuşdu ki, oğlumun qatilini qırx ildən sonra cəzalandıracaq, amma bu dəqiqə ilan vurub onu öldürdü.

Peyğəmbər təbəssümlə deyir:

– Mən sənə dedim qırx ildən sonra, sən şəkk etmədin, dedin Allah bilən məsləhətdi. Allah ona görə on il keçdi. Girdin həyətə arvadın soruşdu, ona da dedin qırx ildən sonra, arvadın da dedi, Allah bilən məsləhətdi, on il də ona keçdi. Arvadın da cavan qardaşı ölmüş qızına dedi ki, Allah qardaşının qatilini qırx ildən sonra cəzalandıracaq, qızın da dedi ki, Allah bilən məsləhətdi. Allah da gənc qızının xətrinə iyirmi il də keçdi və dərhal qatili cəzalandırdı.

Dünyanı qana çalxalayanların cəzasını Allah nə vaxt verəcək? Allah bilən məsləhətdi. Birini mən dedim, qalanını da siz deyin:

– Allah bilən məsləhətdi.

adalet.az

Share: