“Allah dilində danışın, nə olar…” – Allahşükür Ağa…

Sevgi dilində

(Allahşükür Ağa)

Insan dilində, adam dilində,
Çiçək dilində, badam dilində,
Mənimlə danışın, nə olar.

Mən ayrı dil bilmirəm,
Uzaqdan gəlmişəm, yadam.
Bir ağız qoşmayam,
Sevgi dolu fəryadam.
Mənimlə danışın,
Sonra barışın.

Yaz gəldi güllər açıldı,
Vaxt çatdı sirlər açıldı,
Dağlardan sellər açıldı,
Siz də söz- sözə qarışın,
Su dilində aşın- daşın,
Sel dilində barışın, nə olar.

Ağac dilində sevgi nədi bilirsiniz? –
Çiçəklər, güllər.
Sizin də sözünüz nədi, xəbəriniz var?
Qonçə kimi açılan əllər.
Uzadın əlinizi çiçəklərə,
Dərməyin amma.
Eləcə toxunun,
Çiçəklər ətri ilə oxunur,
Siz də əlinizlə oxunun,
İliq bir təbəssümlə danışın,
Çiçəklə qaynayıb qarışın,
Barışın nə olar, barışın,
Allah dilində danışın, nə olar.

Xəzər –Bakı

Göylərin balası,
Bakının anası-
Xəzər.

Dalğa – dalğa tumurcuqlar,
Dalğasından sevgi doğar,
Yayılar sahillərinə.

Göylərin balası,
Bakının anası-
Xəzər.
Göz qoyar şəhərin uşaqlarına,
Sevgi işarəsi qoyar
Yanaqlarına…

Günəş baxar Bakıya
Üzü gülər.
Xəzər bir mavi çiçək kimi
Küləklənər.
Ağ kəpənək kimi
Uçmaq istəyər
Alnından Bakı.

Əyil ürəyinə

Nəğməni, nağılı özündən uzaq,
Tutdunmu yadına düşmərəm sənin.
Şehli yarpaqları gözündən uzaq,
Tutdunmu yadına düşmərəm sənin.

Əyil, ürəyinin üstünə əyil,
Orada gör nələr döyünür, tərpən.
Əyil, əllərinin üstünə əyil,
Əyil, əllərindən boylanır körpən.

Əyil, ölənlərin ahına əyil,
Əyilsən Arazda körpü də bitər.
Əyil, ayağının ruhuna əyil,
Əyilsən dünyanın çöpü də bitər.

Qoyma ürəyindən yerə sevgini,
Ağlama, gözündən düşə bilərəm.
Qəbir şəkilində anamız yeri,
Düşdüyüm yerdəcə deşə bilərəm.

Kənd yolunda araba

Yollarda astaca – astaca gedir
Təkərlərin cırıltısı.
Atır çökəklərə atmaca, gedir.
Çıxıb maşınların yoluna
Upuzun yolları qısaca gedir.

Bir araba yonca
Yol boyunca,
Arxayınca
Gedir, gedir ləng gedir
Elə bil ki, kənd gedir.

Bir uşaq düşüb dalınca
Biri də üstüncə gedir.
Dəli yoncanın ətri
Şəhər maşınlarını
yenə yaman məst edir.

At arabası,
Ot arabası
Üstündə yabaya bax.
Arabanın işinə bax,
Arabada havaya bax.

Atın iştahası
Qaçır hərdən arxaya,
Bir az keçir yorğaya.
Arabayla bir qaçır,
Uşaqların neçəsi.
Sevindirir hər yanı
Təkərlərin nəğməsi.

Share: