Müstəqil.AZ Yetim Qacarın şeirlərini təqdim edir:
O qıza dəymə
Məni qınayanlar, düşün günümə,
Ehtiyac alıbdır əldən arımı.
Sevəni Tanrı da tez başa düşür ,
Tanrı, eşidirsən dualarımı?
O qıza dəymə…
Demirəm mənə ver, deyirəm alma,
Vüsal notlarına ayrılıq salma.
Allah, qurban olum, Allahsız olma,
O qıza dəymə…
Xoşluqla ayrılmaz zərgər zərindən ,
Bəndən bərk yapışıb şah əsərindən.
Qopar lap dunyanı sən məhvərindən,
O qıza dəymə…
Qoyma, mənə baxıb dərdim əl çala,
Qıyma yoxluquna varım alçala .
Günəşi doğrayıb, ayı parçala,
O qıza dəymə…
Demirəm düzdü, səhv mənə inandır,
Demirəm dunyaya hokmu dayandır.
Bəndən nə istəyir, sənə əyandır ,
O qıza dəymə…
Mənə sınamasın dözümdə Şəki,
Zəhərə çevrilər gözümdə Şəki .
Ölər şəhər kimi sözümdə Şəki,
O qıza dəymə…
Məni qınayanlar, düşün günümə,
Ehtiyac alıbdır əldən arımı.
Sevəni Tanrı da tez başa düşür ,
Tanrı eşidirsən dualarımı???
O qıza dəymə….
Kəlbəcərli
Bilirsənmi, nələr çəkir
Mənim şahım Kəlbəcərli.
Ah çəkirəm, şeir olur,
Mənim ahım Kəlbəcərli?
Bax, govdədən qırılsa şax,
Nə eləsən quruyacaq.
İlk istəyim həmdə ki, bax
Son tamahım Kəlbəcərli.
Qocalıb cana yığıldım ,
Ağladım, yaşda boğuldum.
Baxma Bakıda doğuldum,
Mənim ruhum Kəlbəcərli…