Almaniya xarici işlər naziri Annalena Berbok Qəzza zolağının işğal olunmamasının vacibliyini vurğulayıb.
Almaniya mətbuatına istinadən xəbər verir ki, nazir Berbok bu barədə Lüksemburqdan olan həmkarı Xavier Bettel ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Qəzza zolağının işğalı, qovulma və ərazinin ölçüsündə azalma olmamalıdır. Eyni zamanda, Qəzza zolağından İsrail üçün artıq heç bir təhlükə olmamalıdır. Almaniya israillilər və fələstinlilər üçün iki dövlətli həll hədəfinə sadiq qalır. İsraillilər və fələstinlilər yalnız birinin təhlükəsizliyi digərinin təhlükəsizliyi demək olduqda o zaman sülh içində yan-yana yaşaya biləcəklər”, – deyə Annalena Berbok qeyd edib.
O, İsrailin özünümüdafiə hüququnun şübhə altına alınmamalı olduğunu vurğulayıb.
Xanım Berbok regionda münaqişənin genişlənməsi riskinə qarşı da xəbərdarlıq edib.
Lüksemburqun xarici işlər naziri Xavier Bettel isə İsrail ordusunun hərəkətlərini tənqid edib: “Ölənlərin 70 faizindən çoxu uşaqlar və qadınlardır. Və onların müharibə ilə heç bir əlaqəsi yoxdur. Onlar döyüşçü deyillər”, Bettel bildirib.