Bu ilin oktyabr ayı Almaniyada 2001-ci ilin rekordunu təkrarlayıb.
Məlumata görə, oktyabrda respublikada orta temperatur 12,2 dərəcə Selsi olub.
Bu, alman klimatoloqları tərəfindən bu ay üçün 1961-1990-cı illər arasında qeydə alınan orta göstərici kimi müəyyən edilmiş iqlim normasından 3,5 dərəcə yüksəkdir. Ölkədə orta aylıq temperaturla bağlı müşahidələr 1881-ci ildən aparılır.
Ən isti gün oktyabrın 28-i olub. Belə ki, Frayburq yaxınlığındakı Mülheymdə 28,7 dərəcə isti qeydə alınıb. Ən soyuq gün isə oktyabrın 20-də müşahidə edilib. Həmin gün Almaniyanın şimalındakı Karlşagen şəhərində termometr mənfi 2,3 dərəcəyə düşüb.
Qeyd edək ki, Almaniyada anomal istilər iyulun ortalarında – avqustun əvvəllərində də müşahidə olunub. İyul ayında ölkənin bəzi rayonlarında havanın temperaturu 40 dərəcəyədək yüksəlib.
Mənbə: TASS