Almaniyada yayımlanan və nəşr olunan KİV-lərin rəhbərlərinə
Hörmətli xanımlar və cənablar!
Bildiyiniz kimi, sentyabrın 27-də yenidən Azərbaycanla Ermənistan arasında müharibə başlayıb. Buna cavab olaraq, Azərbaycan rəhbərliyi əks-hücuma keçilməsi ilə bağlı qərar qəbul edib və hazırda 14 gündür ki, müharibə davam edir.
Almaniyanın, Fransanın, Niderlandın və digər Avropa ölkələrinin nüfuzlu nəşrləri və KİV-ləri Azərbaycanla Ermənistan arasında davam edən müharibəni müsəlman azərbaycanlılarla xristian ermənilərin münaqişəsi kimi təqdim edr.
Bu Avropa ölkələrinin hər birində dini dözümlülük və tolerantlıq formalaşıb, xalqların, millətlərin öz dini etiqadlarında sərbəst və azad seçiminə şərait yaradılıb. Avropa həm də müsəlmanların daha ç̧ox immiqrasiya etdiyi məkana çevrilmişdir. Bu gün İngiltərə Milli Statistik Təşkilatının məlumatına görə, ölkə əhalisinin 5,3 faizini, Almaniya Daxili İşlər Nazirliyinin məlumatna görə əhalinin 5,7 faizini, Fransa əhalisinin 8,9 faizini, Hollandiya Statistika Bürosunun məlumatına görə əhalinin 5 faizini müsəlmanlar təşkil edir.
Azərbaycan Respublikasında da din dövlətdən ayrıdır. Ölkədə müsəlmanlar çoxluq təşkil etsə də digər dinlərin nümayəndələri öz dini etiqadlarını azad və problemsiz şəkildə icra edirlər. Bu gün Azərbaycan ordusunda təkcə müsəlmanlar xidmət etmir. Ölkə vətəndaşı olan çoxsaylı xristiyanlar da xidmət edir. Hətta Bakının mərkəzində erməni kilsəsi bu gün də qorunaraq saxlanılır. Ermənistanda isə müsəlman məscidləri xarabalığa çevrilmişdir.
Azərbaycan və Ermənistan arasında baş verənləri dinlər arası müharibə kimi təqdim etmək yolverilməzdir. Bu müharibə Ermənistan tərəfindən işğal olunmuş ərazilərin işğaldan azad olunması, ədalətin bərpa olunması, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlıdır.
Avropa ölkələrinin davam edən müharibəyə belə münasibəti bütün müsəlmanlara, o cümlədən Avropa ölkələrində yaşayan müsəlmanlara fərqli yanaşmadır, ayrı-seçkilikdır, onların aşağılanmasıdır. Belə yazılar və ya məlumatlar cəmiyyəti ümumi insani yanaşmadan uzaqlaşdırır, xristianların başqa, müsəlmanların isə bir başqa olmasını beyinlərə yeridir, xristianlığı islama qarşı qoyur.
İnsan hüquqları ilə bağlı bütün əsas beynəlxalq sənədlər dövlətlərə dini mənsubiyyətinə görə ayrı-seçkilik hallarına yol verməməyi, bütün dinlərə bərabər yanaşma vəzifəsini qoyub.İnsanları dini mənsubiyyətinə görə fərqləndirməmək hüquqi dövlətin əsas əlamətlərindən sayılır.
Hər gün Azərbaycanın müsəlman ölkəsi olması və onun xristian ölkəsi ilə müharibə etməsi xəbəri bizi də bir müsəlman və azərbaycanlı olaraq narahat edir, hətta bəzi müsəlmanları dinindən imtina etməyə yönəldir. Biz müsəlman olduğumuz üçün Almaniyada ilk dəfə narahat olmağa başlamışıq.
İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 14-cü maddəsi ayrı-seçkiliyi qadağan edir. Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.
Buna görə də biz, bu müraciətə imza atan Azərbaycanlılar sizlərə müraciət edir, bu münaqişənin arxasında heç bir dini faktorun dayanmadığını, belə yazıların isə ayrıseçkiliyə xidmət etdiyini bildirir və qeyd olunanları nəzərə almanızı xahiş edirik.
Hörmətlə:
1. Əlövsət Əliyev – hüquq müdafiəçisi, Almaniya
2. Orhan Araz – yazıçı, Almaniya
3. Ataxan Əbilov – hüquqşünas, Hollandiya
4. Elvin Cəbrayıl – hüquqşünas, Almaniya
5. Elmin Həsənli – jurnalist, Almaniya
Müstəqil.Az