yaxud qələmini zamanın nəbzinə basmağı bacaran
Hüseyn Sərxanbəyli (Həbiyev Hüseynqulu Zülfü oğlu) 1948-ci il sentyabrın 4-də Cəlilabad rayonunun Əsədli kəndində anadan olub, Ləkində orta təhsil alb. Azərbaycan Pedaqoji Universitetini bitirib və 41 il müəllim işləyib. Şeirləri 1978-ci ildən mətbuatda çap olunub.
Hüseyn Sərxanbəylinin “Narahat dünyam” adlı kitabı 2014-cü ildə çap olunub. Onun 64 yaşında işıq üzü görmüş ilk kitabına xalq şairi, əməkdar incəsənət xadimi Nəriman Həsənzadə ön söz yazıb. Xalq şairi onu “qələmini həyatın müxtəlif üzündə gəzdirən, iti ucunu zamanın nəbzinə basmağı bacaran” şair adlandırır. Hüseyn Sərxanbəyli imzasına xalq şairinin verdiyi dəyər doğrudan yüksək qiymətdir. Onun şeirlərini oxuyanlar bu qənaətə gəlirlər ki, Hüseyn Sərxanbəyli imzasına hörmətlə yanaşan şairdir. Bəlkə də buna görə uzun müddət şeirlərini oxucu auditoriyasına çıxarmağa ehtiyat edib. N. Həsənzadənin sözləri ilə desək, Hüseyn Sərxanbəyli öz şeirlərində müqəddəslərin kəlamlarından, atalar sözləri, lətifə və deyimlərdən, dialekt və şivələrdən böyük məharətlə istifadə edə bilmiş və bununla da şeirlərinin dadı və tamını el dilinə yatıra bilmişdir. Necə deyərlər, Hüseyn Sərxanbəyli zəngin Azərbaycan folklorundan bəhrələnən bir şairdir, daha doğrusu, onun yaradıcılığı daha çox folklordan qaynaqlanır:
Ömrüm üçün cəfa çəkdim, bağ əkdim,
Yad əllərdə çiçəklənmiş nara bax.
Bir tərəfdə qan ağlayan bülbülə,
Bir tərəfdə məstixumar sara bax.
Dərd üstümə hücum çəkib gələndə,
Həsrətindən yandığımı biləndə,
Əğyar mənə qəhqəh çəkib güləndə
Ürəyimi yalqız qoyan yara bax.
Vurğunuydum qaranın da, ağın da,
Düzənin də, yamacın da, dağın da.
Məhəbbətin bar yetişən çağında
Yollarımda tufana bax, qara bax.
Heç qınanmır misdən qızıl qayıran,
Əl çirkiymiş könülləri doyuran.
Aman Allah, yarı məndən ayıran
Dövrana bax, dövlətə bax, vara bax.
Hüseyn Sərxanbəylinin şeirləri, əsasən, qoşma və gəraylılardan ibarətdir. Çarpaz qafiyəli şeirləri azdır. Xalq şeiri janrlarına müraciət etməsi və klassik üslubda yazması onun poeziyasının xalq yaradıcılığından qidalanan ruhu ilə bağlıdır. Hüseyn Sərxanbəyli “ölçüsüz duyğularını” qələmə alır, sevgilisinə “ay anamın xoşqədəmli gəlini” deyir. Şair məhəbbətdən və təbiətdən yazır, ictimai-siyasi mövzulara üz tutur:
Bu dünyanın köçünə bax,
Al da gedir, şal da gedir.
Üzü üzlər görənləri
Görün necə halda gedir.
Biri dindi dala durdu,
Biri dindi ara vurdu.
Biri haqqa tələ qurdu,
Adı şəkər, balda gedir.
Düşmə, babam, dilə, dişə,
Qoşalayıb zəri şeşə.
Əzrayılı çəkib keşə,
Gedir, amma dalda gedir.
Gedən var ki, şəri nazlar,
Gedən də var ağlar, sızlar.
Mənim kimi dələduzlar
Başı qeyli-qalda gedir.
Hüseyn Sərxanbəyli şeirləri olduqca rəvan oxunur. Bəlkə də bunun səbəbi həmin şeirlərin saz havalarının ovqatına köklənməsidir, gəraylı və qoşmalarda təkcə rədiflər aparıcı deyil, hər misrada, hər bənddə ahəng qanunu gözlənilir, xalq ifadələrindən daha çox istifadə olunur. Bu şeirlər həm də yaşantılarla bağlıdır, oxuduqca “Xurma nənənin xatirələri”nə baş vurursan, oğlu Rəfailə, İntiqam balasına verdiyi məsləhətlərdən bəhrələnirsən, müəllim yoldaşları ilə dərdləşməsinin şahidi olursan. Yavər Moranküllüyə yazdığı on yeddi bəndlik “Özün apardın” qoşması eyni bölgədə yaşayan iki el şairinin çəkdiyi yükü poetic dillə ifadə edir:
Mənli, sənli, buz bulaqlı dağların
Qışı mənə qaldı, yazın apardın.
Qalamışdın ürəyimdə bir tonqal,
Külü mənə qaldı, közün apardın.
Demə, qardaş, getməyimin qəmi yox,
İçindəcə ağlayan mən, hamı yox.
Toy-büsatın dadı getdi, tamı yox,
Söhbət mənə qaldı, sözün apardın.
Yanan yanır bil qovsuz da, qovlu da,
Söz var kəsir lap sovsuz da, sovlu da.
Demədimmi bardaş quraq Hovlu”da,
Bulaq mənə qaldı, gözün apardın.
Qəzəlindən verdin içdi gözəllər,
Pərən düşdü, dağdan köçdü gözəllər.
Danışmadı, süzüb keçdi gözəllər,
Əda mənə qaldı, nazın apardın.
Apardın şeirimin yanğısın, odun,
Yamanın, yaxşısın, doğmasın, yadın,
Qatığın, qaymağın, ayranın dadın,
Südün qaysaqlamış üzün apardın.
“Niyədüzün” yamacından ney səsin,
Laçın daşın kəklikotun, nanəsin,
Ləkindəki xalçaların ilməsin,
Gölündən ördəyin, qazın apardın.
Apardın bu yerin bağların, barın,
Yağışın, çiskinin, dumanın, qarın.
“Heyvalıq”, “Daşbulaq”, “Qarahamar”ın,
Enişin, yoxuşun, düzün apardın.
“Muğan yolu” boy boylayır boyunca,
“Ləclər” görsə öpər səni doyunca.
Addımımı yollarına qoyunca,
Arzumun cığırın, izin apardın.
Axı bir qalanıb, bir də yanardıq,
Keçiddə, bərədə bir dayanardıq.
Dərdin qalaqlanmış üzünə vardıq,
Çoxu mənə qaldı, azın apardın.
Səndən istəyimi ala bilmədim,
Şeirində, sözündə qala bilmədim.
Bir sevgi havası çala bilmədim,
Mizrab mənə qaldı, sazın apardın.
Bir ananın laylasını, nağlını,
Bir atanın çatma qaşlı oğlunu,
Qıfılbənddə bəndə düşmüş bağlamı,
Açıqladın çözüm-çözüm apardın.
Say, seç insanların mərdini ver get,
Tanrı əmanəti yurdunu ver get.
Dedim döyüşdəyəm, ordunu ver get,
Dedin əlli sənin, yüzün apardın.
Eşitdi xəbəri dağlar qarıdı,
Şeirin, sözün bu dağların barıdı.
Zirvədə sən, mənim yolum yarıdı,
Qalan yolu dizin-dizin apardın.
Canım Yavər, nə hikmətdi de səndə,
Qəhərləndim getməyini biləndə?!
Dadlı, duzlu misraları sinəndə
Qatar-qatar, düzüm-düzüm apardın.
Demədimmi tək rəqəmlər tərsdi ha,
Neçə bədən yırğalandı, əsdi ha.
Yadındamı əyri düzü kəsdi ha,
Sifətləri yozum-yozum apardın.
Sanma saraydasan, hər şey düppədüz,
Orda məkrliyin həddi yüzdə yüz.
Haqqı sığallama, ya düz, ya da üz,
Sən ki, özün boyda dözüm apardın.
Dur şair, bir az da əzaba qatlaş,
Dəniz kənarına en yavaş-yavaş.
Təkcə el həsrəti çəkməyi qardaş,
Hüseynə qıymadın, özün apardın.
Şeirdə bölgənin yer adları, adətləri, ənənələri poetic şəkildə qələmə alınıb. Hüseyn Sərxanbəylinin reçitativ, oynaq ovqatlı şeirlərində Cəlilabad torpağının tarixi-poetik xəritəsi çəkilib:
Coşub-daşan yaşıl dəniz
Cəlilabad düzündədir.
Qara şanı, qaralığın
Qızlarının gözündədir.
Hüseyn Sərxanbəyli yaradıcılığı ümumiyyətlə araşdırılmamışdır. Halbuki, onun qələmindən çıxan bütün şeirlər kamil quruluşa, müdrik məzmuna, milli üsluba malikdir. Şair aşıq şeirinin təsiri altında özünü layiqincə öyməyi də bacarır, çünki bu qiymətə layiqdir:
Çatıbdır sorağım ulduza, aya,
Günəşin işığı, közü məndədir.
Qoy səsim yayılsın bütün aləmə,
Elimin nəğməsi, sözü məndədir.
“Məndədir mətanət, məndədir dözüm” deyən, “qolları bükülməyən”, “vüqarı enməyən” Hüseyn Sərxanbəyli bu iddiasında haqlıdır, bircə qalır onun “alnının təri olan şeirlərini” həvəslə oxumaq!
Bilal Alarlı HÜSEYNOV,
filologiya üzrə fəlsəfə doktoru