Altı il öncə başlayan və şərəfli tarixə çevrilən Aprel zəfəri…

Altı il öncə başlayan və şərəfli tarixə çevrilən Aprel zəfəri…

Bu gün Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən biri hesab edilən şanlı Aprel döyüşlərindən 6 il ötür. Müasir tariximizə Aprel döyüşləri kimi düşən dörd günlük şərəfli döyüş əməliyyatları heç şübhəsiz ki, qarşıdakı böyük Zəfərin, böyük Qayıdışın başlanğıcı və Azərbaycanın gələcək döyüş uğurlarının təməli idi.

Bu dörd günlük müharibəni 44 günlük İkinci Qarabağ müharibəsi üçün baş məşq sayan şəxslər də tamamilə haqlıdırlar. Ordumuz bu dörd gün ərzində son illərdə müxtəlif xarici tərəfdaşlarımızdan aldığımız ən müasir silahların döyüş qabiliyyətini, səmərəliliyini yoxlamaq baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Ordumuzun yüksək döyüş hazırlığı və ən müasir silahlanmaya malik olması 2016-cı il 2-5 aprel döyüşləri zamanı düşmənin təxribatının qarşısı uğurla almağa imkan verdi. Nəticədə uzun illərdir düşmən nəzarətində olan Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Suqovuşan istiqamətində bir sıra yollar azad olundu. Həmin günlərdə ümumilikdə işğal altındakı ərazilərin 2000 hektardan çox hissəsi düşməndən təmizləndi.
Aprel döyüşlərində qazandığımız qələbə ilk növbədə ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Eyni zamanda dövlətimizin qüdrətini, dövlət başçımızın əzmini, xalqımızın birlik və həmrəyliyini, gənclərimizin vətənpərvərliyini nümayiş etdirdi. Bu savaşdakı dik duruşumuz və uğurumuz Azərbaycanın heç vaxt işğalla barışmayacağını və öz ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Dörd günlük döyüş həmçinin bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini və eləcə də xalqımızın ədalətin bərpa olunacağına inamını əyani surətdə göstərdi.
Altı il öncə başlayan və şərəfli tarixə çevrilən Aprel zəfəri öz strateji əhəmiyyətliliyi ilə bərabər, eyni zamanda 4 il sonra baş tutacaq 44 günlük Vətən Müharibəsindəki tarixi Zəfərimizin, torpaqlarımızın işğaldan azad olunmasının və həmçinin böyük Qayıdışın təməlini qoydu. Məhz bu döyüşlər nəticəsində Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə aradan qaldırıldı və beləliklə böyük Qayıdışa start verildi.
Xalqımız Aprel şəhidlərinin xatirəsini həmişə əziz tutur. Biz xalqımıza qələbə sevinci yaşadan bütün şəhidlərimizin ruhları qarşısında baş əyir, qazilərimizlə qürur duyur, əsgər və zabitlərimizə isə həmişə qələbə arzulayırıq.
Allah şəhidlərimizə rəhmət eləsin.
Şəhidlər ölməz, Vətən bölünməz!
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri, Qarabağ qazisi
Share: