Ayaz Arabaçı
Gecdi,o mənasız təsəlli gecdi
Sağalmaz yarası acı günlərin,
Sən mənim dərdimə ayrı əlac gəz.
Həkim o verdiyin analginlərin,
Biri də ağrımı azalda bilməz.
Nəfəsdi,alıram-verirəm az-az,
Durma bu qəfəsə boş yerə zamin.
Sən mənə bir dənə “bomba” resept yaz,
Olum birdəfəlik İlahi-amin..
Başımı aldatma cavansan deyib,
İsrarın əbəsdi,cəhdin əbəsdi.
Hər axşam ömrümü-günümü yeyib,
Çəkdiyim ağrılar özümə bəsdi.
Yatdığım otağın pəncərəsindən,
Ölüm əl eləyib neçə yol mənə.
Kömək etməyəcək,bildim səsindən,
Yazdığın validol,karvalol mənə..
Gecdi,o mənasız təsəlli gecdi,
Söyləmə bildiyin doğrunu yanlış.
Bu ömrün sonuncu baharı keçdi,
Qəfildən qapıma dirənibdi qış.
Nə mənə şəfa var,nə sənə əhsən,
Sağalmır diləknən könül çatları.
Orda bir yara var,harama dəysən,
Sınama üstümdə aparatları..
Azalmaz könlümdən qüssə-qəm,qəhər,
Qar tutub,buz tutub iliklərimi.
Qəbirdən dururam sanki hər səhər,
Yığıb-dəstələyib sümüklərimi.
Bu pəhriz-bu məhriz nəyimə gərək,
Sən o dərmanı da tam azalt,həkim.
Elə şumlayıb ki,içimi fələk,
Boşuna söhbətdi inam-zad,həkim.
Bir yerə cəmlənib,dövlətim-varım,
Duzlara,qumlara,daşlara dəymə.
Qoy özüm-özümü yuyum qurtarım,
Gözümdən süzülən yaşlara dəymə..
Sağalmaz yarası acı günlərin,
Sən mənim dərdimə ayrı əlac gəz,
Həkim o verdiyin analginlərin,
Biri də ağrımı azalda bilməz…
Divar saatından qan damırdı…
Gecə saat beşdə durub yuxudan,
Yerimdə gah sola,gah sağa döndüm.
Göyün yaxasını sökməmişdi dan,
Bükülüb əl boyda yumağa döndüm.
Ötürdü ətrafda acı kədərlə,
Gecə quşlarının hüzünlü səsi.
Öldürdüm qaranlıq düşüncələrlə,
Canımda yatmağa olan həvəsi..
Nəsə titrəyirdi xatirəmdə dün,
Divarlar yelləndi..üstümə aşsın..
Altını-üstünə çevirdim ömrün,
Heç nə tapmadım ki,eynimi açsın..
İnlədi qəlbimdə boğuq bir kaman,
Bu nə sızıltıydı,bu nə ünüydü..
Divar saatından qan damırdı, qan,
Təqvimdə avqustun payız günüydü..
Elə bil ağzımdan alıb dişimi,
Sinəmi bir dəfə gəmirdi ürək.
Küçədə həyasız bir qadın kimi,
Saçını-başını yolurdu külək.
Əl atdım yaxama,özümü yıxdım..
Ölüm qoxuyurdu bu qəmli hücrə..
Əynimi geyinib küçəyə çıxdım,
Bir siqar yandırdım adəti üzrə..
Mübariz Məsimoğluna….
Nə qədər göynəyəcək,indən belə sən bilən,
Azadlıq həsrətiylə qəlbimiz Məsimoğlu..
Görürsənmi necə də hər yerdən yoxa çıxır,
Günbəgün aydınlığa gedən iz,Məsimoğlu..
Ömrün bəzi anında saxlayıb qolumuzdan,
Bizim də saxta tale keçib sağ-solumuzdan,
Bizə qalsa bəlkə də sapardıq yolumuzdan..
Haqdan gəlir birbaşa əmrimiz Məsimoğlu.
Yüz kişi başı gördüm bir xanım budu altda..
Bilirsənmi nə yatır o mənfur qutu altda,
Saraylarda can verən sözün tabutu altda,
Tək ikimiz qalmışıq,ikimiz Məsimoğlu..
Gərək bundan sonra da çatılmasın qaşımız,
Bir əsr yaşamışıq az deyil ki yaşımız,
Cəllad kötüyündə də dığırlansa başımız..
Soruşma,heç soruşma,nədən biz…Məsimoğlu..
Hamı yaxşı bilir ki,kimləri nə susduru..
Birindən yan ötübmü İlahinin dəsturu..
Bütə ibadət deyl ləyaqətin düsturu..
Tərtəmiz yaşamaqdı,tərtəmiz Məsimoğlu..
Şükür bu günə şükür üzmədik hər axında..
Bayquşa yer vermədik əsla,könül bağında,
Beş-üç günlük dünyada hər gədə qabağında,
Bizdən deyil enən baş,əsən diz Məsimoğlu..
Belə də davam elə,bu işıqnan,bu rəngnən..
Sınağa çox çəkildik bu illərdə çörəknən..
Gərək çox yaşayasan sən o boyda ürəknən..
Allah yardımçın olsun Mübariz Məsimoğlu..
Alnımıza basılan ləkədə yaşayırıq
Əslində heç indi də enməmişik ağacdan,
Biz bu gün də palıdda,cökədə yaşayırıq..
Şirin-şirin sulanır ağzımız nağıllara,
Cırtdanın əlindəki kökədə yaşayırıq..
Çirkimizi aparmaz girsək min yol duşa da,
Rəzalətlə barışdıq, gəlsək hər gün cuşa,da,
Kəlbəcərdə,Laçında,Xocalıda,Şuşada,
Alnımıza basılan ləkədə yaşayırıq.
Üç-dörd xoş gün görmüşdük tökdülər gözümüzdən,
Lap elə dastan qoşaq kimə nə,sözümüzdən,
Xəbər tuta bilmirik özümüz-özümüzdən.
Bəlkə ölüb getmişik,bəlkə də yaşayırıq..
Üç addımdan bir təzad,beş addımdan bir təzad..
Boyunu yerə soxum,azad boyunu,azad..
Yüz faiz həqiqətdi yarasa söhbəti-zad,
Günəşdən gizlənmişik,kölgədə yaşayırıq.
Bir şeiri yazmağa bir illik canım gedir,
Neçə yad qaşığında gedr ey,qanım gedir,
Hər dəfə eşidəndə gülməkdən qarnım gedir..
Analoqu olmayan,ölkədə yaşayırıq.