ABŞ ilə Türkiyə arasında münasibətlər tarix boyu demək olar ki, normal olmuşdur. Lakin bəzən müxtəlif problemlər bu əlaqələrin gərgin səciyyə daşımasına səbəb olmuş, iki ölkə arasında soyuq küləklər əsmişdir.
Narazılıqlar hər iki dövlətin səyi nəticəsində vaxtında aradan qaldırılmış, münaqişə böhran səviyyəsinə keçməmişdir.
İki ölkə arasında münasibətlərin bu gün gərgin vəziyyətdə olması hamıya məlumdur. Hər iki dövlət rəhbərlərinin dəfələrlə bir-biri üçün çox əhəmiyyətli olduqlarını bəyan etmələrinə baxmayaraq münaqişə pik səviyyəsindədir. Hər hansı tərəfdən tələsik bir addım atması sonradan düzələsi mümkün olmayan nəticələrə gətirib çıxara bilər.
Bəs bu gün soyuq müharibə zamanı stratyeji əməkdaş olmuş bu iki ölkəni müharibə vəziyyətinə gətirib çıxaran səbəblər nədir?
Təbii ki, münasibətlərin gərginləşməsində təsiri olan çoxlu faktorlar saymaq olar. Amma fikrimcə, Kürd amili indiki halda bu ölkələrin razılığa gələ bilmədiyi ən ciddi faktordur. Kürd hərbi birləşmələrinin Suriyada Amerika Birləşmiş Ştatları tərəfindən silahlandırılması Türkiyəni bu gün bütün problemlərdən daha çox narahat eden məsələyə çevrilmişdir.
Qeyd edilməlidir ki, Amerikanın regiondakı kürdlərə bu münasibəti, onları silahlandırması, 30 minlik ordu yaratmaq ideyası burada mövcud olan dövlətlərin hamısı üçün Türkiyə qədər təhlükəlidir. Türkiyənin kürdlərin silahlandırılması nəticəsində üzləşə biləcəyi təhlükə İran, Suriya, Rusiya və hətta ərəb ölkələrini də gözləyir. Sadəcə digər dövlətlər hazırda Amerika ilə bu məsələdə qarşı-qarşıya gəlmək iqtidarında deyillər və Türkiyə irəli çıxıb. Buna da əsas səbəb Türkiyənin Kürdləri öz təhlükəsizliyi üçün ciddi mane görməsidir. Bildiyimiz kimi bu ölkə 50 ilə yaxındır ki, 5000 PKK-lı ilə mübarizə aparır və bu məsələ hələ də Türkiyənin iqtisadi, mədəni inkişafını ləngidir. Türkiyə həm daxildə separatçı və terroristlərlə, həm də xaricdə bu separatçı terroristləri dəstəkləyən qüvvələrlə müharibə aparmaq məcburiyyətindədir. Təsəvvür etmək çətin deyil ki, həmin terrorçuların modern Amerika silahları ilə təchiz olunmuş 30 mini Türkiyənin və ümumiyyətlə region ölkələrinin təhlükəsizliyi üçün nə deməkdir.
Elə isə kürdlər kimdir və Amerika nə üçün onlara görə bütün region ğlkələri ilə qarşıdurmaya getməkdən çəkinmir?
Müxtəlif mənbələrə görə 30-35 milyon həndəvərində olan Kürdlər Türkiyənin cənub-şərqində, Suriya, İraq və İranda yaşayırlar. Osmanlı İmperiyasının süqutundan sonra, 20-ci əsrin əvvəllərində onlar özlərinin heç bir dövlətə malik olmadıqlarını, eyni zamanda muxtar və ya yarımüstəqil quruluşlar yarada bilmədiklərini hiss etdilər.
Elə həmin vaxtdan onlar tarixdə buraxdıqları səhvi düzəltməyə girişdilər. 1923-cü ildə Türk Respublikası yarandıqdan sonra onlar bir neçə dəfə qiyama cəhd etdilər. Lakin Abdullah Ocalan 1970-ci illərin sonunda səhnəyə çıxmayana qədər Kürd millətçiliyi ciddi qüvvə halında formalaşa bilməmişdi.
PKK
1978-ci ildə Öcalan Marksist-Leninçi və Kürd millətçi ideologiyalarının birləşməsindən yaratdığı ideya əsasında Kürdüstan Fəhlə Partiyasını (PKK) formalaşdırdı. Türkiyədə fəaliyyət göstərə bilməyəcəyini dərk edərək,növbəti il o, qonşu Suriya torpağına keçdi və orada Başər Əsədin atası o zamnkı prezident Hafiz Əsəd tərəfindən Türkiyəyə qarşı müharibəsində hərtərəfli yardım almağa başladı.
Qeyd etmək yerinə düşərdi ki, Hafiz Əsəd öz ölkəsində olan kürdlərlə insan kimi davranmır, onları qaraçı statusunda saxlayırdı. Kürdlər ölkə vətəndaşı hesab olunmur, onlar heç bir yerdə qeydiyyata alınmırdılar. Buna baxmayaraq Hafiz Əsəd PKK-ya qucaq açmışdı. Məqsəd məlum idi: Türkiyəyə qarşı istifadə etmək. Bu gün Türkiyə dövləti və şəxsən Ərdoğanın Başər Əsədə nifrətinin kökündə fikrimcə, məhz bu faktor dayanır.
Ocalan 20 ilə yaxın bir müddət ərzində suriya ərazisindən plasdarm kimi istrifadə edərək Türkiyəyə qarşı PKK-nön hücumlarını həyata keçirdi. O Suriya Kürdlərindən də istifadə edərək onların Suriyaya qarşı olan qəzəbini Türkiyəyə yönəldə bildi.
Bu müddət ərzində narkotik daşımasından və xarici dövlətlərlə əlaqələrindən istifadə etməklə əldə etdiyi silah- sursat vasitəsi ilə Öcalanın PKK-sı 30 mindən çox Türk vətəndaşının həyatına son qoydu, məktəb müəllimlərini oğurladı, kürdlər yaşayan ərazilərdə dövlət əmlakını dağıtdı. Bu ərazilərin bu gün Türkiyənin digər ərazilərindən daha zəif inkişafının səbəbi məhz orada PKK-çıların at oynatmasıdır. Sonralar Kürd millətçiləri bu faktordan da Türk dövlətinə qarşı istifadə edəcəkdi.
Türkiyənin İsrarlı tələbindən və hətta müharibə ilə hədəsindən sonra Suriya Öcalanı ölkədən çıxardı və çox çəkmədi ki, o, İmralı adasında ömürlük həbsə atıldı. PKK bir neçə illiyinə aktivliyini nisbətən azaltdı. Bəs sonra?
Öcalan həbsxanada cəzasını PKK-nın fəxri lideri kimi çəkməkdədir. Lakin ondan sonra çox çəkmədi ki, təşkilat özünü toparladı. Onun yuxarı eşalonunda ciddi kadr dəyişikliyi baş verdi. 2013-cü ildə PKK-nın da daxil olduğu Kürdüstan Cəmiyyətləri Birliyi (KCK) İcra Şurası təşkilatın idarə olunması üçün həmsədrlik institutu yaratdı. Həmsədrlərdən biri təşkilatın yaradıcılarından olan Cəmil Bayık, digəri isə Tunceliden olan ələvi kürdü Büse Hozat seçildi. KCK-nın digər qurucusu Murat Karayılan PKK-nın silahlı qanadı olan Xalq Müdafiə Qüvvələrinin (HPG) rəhbəri oldu.
Amerika və Türkiyənin baxış bucağı.
ABŞ-ın PKK-nı terror təşkilatı adlandırmasına baxmayaraq hərbi sahədə zərurət yarandığı hallarda o bu təşkilatdan istifadə etməkdə tərəddüd etmirdi. Realda isə o Türkiyəni” Kürd Məsələsini” həll etməyə çağırırdı.
2011-ci ildə Amerikanın qoşunlarını İraqdan çıxarması ərəfəsində Türkiyə dövləti fürsətdən istifadə edərək Öcalanla danışıqlar başladı. Hətta hərbi əməliyyatlarda iştirak edən PKK-lıların həbsxanalardan buraxılması məsələsinin də müzakirəyə çıxarılacağı gözlənilirdi. Lakin Türkiyə Parlamenti danışıqları davam etdirməyin əleyhinə çıxdı. Bu hadisədən sonra Qərb dairələri PKK məsələsinə yeni yanşma sərgiləməyə bşladılar. Terror təşkilatı yavaş-yavaş demokratiya uğrunda mübarizə təşkilatına çevrildi.
Danışıqlar dalana dirəndi. Türkiyədə indi Kürd probleminin hərbi yoldan başqa digər həll yolunu görmürlər.
YPG və PYD
PKK ABŞ-ın terrorizmə qarşı müharibəsindən istifadə edərək digər ölkələrdə filiallarını yaratmağa girişdi. Suriyada o Demokratik Birlik Partiyası (PYD) və onun hərbi qanadı olan Xalq Müdafiə Birliyini (YPG) yaratdı. Bu təşkilatlar hər ikisi Kürdüstan Cəmiyyətləri Birliyinin (KCK) çətiri altında fəaliyyət göstərirlər və birbaşa PKK-ya tabedirlər. Onlar Türkiyənin sərhədi boyunca Suriya ilə demokratik konfederativ respublika qurmaq istəyirlər.
Amerika bu Suriya Kürdlərinə İŞİD-ə qarşı müharibədə əvəzsiz qüvvə kimi baxır və Türkiyədən YPG qarşı düşmənçiliyi kəsməyi dəfələrlə tələb edib. Digər tərəfdən Kürdlər 2014-cü ildə İŞİD silahlılarını Kobanidən məhz türklərin və ABŞ-ın yardımı hesabına çıxartdılar. Deməli, Amerika İŞİD üzərində qələbə qazanmaqda Kürdlərə yardım edir və sonra onları göstərdiyi xidmətin əvəzində mükafatlandırmağı digərlərindən tələb edir. Amerika məqsədli şəkildə Kürdləriin nüfuzunu qaldırmağa çalışır.
ABŞ eyni zamanda kürdlərdən yerüstü əməliyyatlarda istifadə edir. Amerikalıların vuruşmalı olduqları sahələrdə kürdlər döyüşür. NATO üzvü olan Türkiyənin milli təhlükəsizliyi məsələsini qulaqardına vuran ABŞ kürdləri maliyyələşdirir, silahlandırır və məlumatlandırır.
Türkiyə Amerikanın Suriya ilə sərhədlərdə YPG-li silahlılardan ibarət 30 minlik sərhəd qoşunları yaratmasına qarşı çıxır. Amerika isə hələ də iddia edir ki, hazırki dövrdə Kürdlərlə əməkdaşlıq ən əlverişli variantdır. YPG-nin PKK ilə münasibətdə olması və onların Türkiyəyə qarşı düşmən mövqedə dayanması isə Amerikanı əsla maraqlandırmır.
Türkiyə tərəfi sübut edir ki, 2016-cı ilin 17 fevralında , 2013-cü ilin 13 martında Ankarada; 2016-cı ilin 27 aprelində Bursada, 2016-cı ilin 24 noyabrında Adanada; 2016-cı ilin 10 dekabrında İstanbulda baş verən partlayışlar Suriyadakı YPG düşərgələrində təlim keçən terrorristlər tərəfindən törədilmişdir.
Türkiyə 2018-ci ilin yanvar ayında Afrini YPG/PKK silahlılarından təmizləmək üçün Suriya ərazisində hərbi əməliyyatlara başladı. Amerika Türkiyəni Amerikanın hərbi kontingenti və YPG-lilərin də daxil olduğu Suriya Demokratik qüvvələrinin qərar tutduğu Mənbicə hücum etməməyə məcbur etmək istəyir. Türkiyə isə sona qədər getməkdə qərarlıdır. Münasibətləri normallaşdıracaq ortaq məxrəcin axtarışı davam edir.
Əlimusa İbrahimov
Politoloq