Amerikalı ekspert: “Ermənistan çox təhlükəli oyun oynayır”

Amerikalı ekspert: “Ermənistan çox təhlükəli oyun oynayır”

“Ermənistan 2020-ci ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə üzərinə götürdüyü öhdəliklərdən geri çəkilmək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə müttəfiqindən uzaqlaşıb Qərbə üz tutmaqla çox təhlükəli oyun oynayır. Prosesdə maraqlı olan tərəflər Ermənistanın baş naziri Nikol Paşinyanı rus ruletkası oynadığına inandırmalıdır”.

Bunu “Report”a açıqlamasında Moskvada yaşayan amerikalı politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Endru Korıbko deyib.

Onun sözlərinə görə, bu addımlar Azərbaycanı güzəştlərə məcbur etmək üçün oynanılan oyunun bir parçasıdır.

Ekspert hesab edir ki, Ermənistanın izlədiyi hazırkı yol özündə başqa bir münaqişəyə təhrik etmə riski daşıyır:

“Bu addımların yeganə ağlabatan izahı odur ki, ya Ermənistan Fransa kimi ölkələrdən qeyri-rəsmi də olsa, təhlükəsizlik zəmanəti aldıqdan sonra sülh prosesindən tamamilə imtina etməyi planlaşdırır, ya da bütün bunlar Azərbaycanı güzəştlərə məcbur etmək üçün oynanan oyunun bir parçasıdır. Hər halda, bu böyük məsuliyyətsizlikdir və başqa özündə bir münaqişəyə təhrik etmə riskini daşıyır”.

E.Korıbko qeyd edib ki, heç kim İrəvanı nəyin hərəkətə gətirdiyini dəqiq deyə bilməz.

“Hətta Paşinyanın özünün də ağlında son həmlə olmaya bilər. Ancaq bütün hallarda o, Azərbaycanla sülh müqaviləsi bağlamağın qəti əleyhinə olan ultra-millətçi Fransa və ABŞ mərkəzli erməni diasporunun marionetinə çevrilib.

Bu əcnəbi etnofaşistlər isə başqa bir müharibənin olub-olmamasına əhəmiyyət vermirlər, çünki müharibə baş versə, birbaşa təsirlənməyəcəklər, lakin Ermənistanda yaşayan “soydaşları” görünməmiş bir fəlakətlə üzləşəcəklər. Ona görə də bu ssenarinin qarşısının alınması vacibdir və bunun üçün prosesdə maraqlı olan tərəflər Paşinyanı inandırmalıdırlar ki, rus ruletkası oynayır”, – deyə siyasi şərhçi əlavə edib.

Həmsöhbətimiz Kremlin Ermənistana reallığı göstərmək üçün əlindən gələni etdiyini, lakin Ermənistanın Qərb meylinə görə, bu addımların nəticəsiz qaldığını diqqətə çatdırıb:

“Ona görə də sülh prosesini yoluna qaytarmaq üçün lazım olanı etmək Qərbin və xüsusən də ABŞ-nin üzərinə düşür. Lakin təəssüflər olsun ki, oradakı bəzi siyasətçilər erməni diaspor lobbisinin təsiri altına düşüblər və münaqişənin qeyri-müəyyən müddətə kimi dondurulmuş qalması xülyası onlara daha cəlbedici gəlir.

Ancaq bu, səhv hesablama olardı, çünki Azərbaycan onilliklər boyu davam edən bu problemi ideal olaraq sülh yolu ilə həll etməkdə qərarlıdır. ABŞ ya bütün azərbaycanlıların alqışları altında Qarabağ münaqişəsinin diplomatik yolla sona çatmasında tarixi rol oynaya bilər, ya da onların narazılığına məruz qala bilər”.

Share: