Söhbət təkcə “Amnesty International”ın avqustun 4-də dərc olunmuş son bülletenində Ukraynanın qeyri-qanuni müharibə təcrübələrindən istifadə etməkdə, yəni əhalinin məskunlaşdığı ərazilərdə bazalar yaratmaqda və silah sistemlərini işlətməkdə və bununla da mülki əhalinin həyatını təhlükəyə atmaqda ittiham olunduğu nöqsanlarla və qeyri-dəqiq qiymətləndirmələrdən ibarət deyil; bu, həm də təşkilatın Qarabağdakı hərbi qarşıdurma ilə bağlı qiymətləndirmələrində yol verilən eyni səhvə, yəni qurbanı cinayətkarla bərabərləşdirməsinə, başqa sözlə, “yalançı ekvivalentliyə” istinad edir.
Hesabatda nədən bəhs edilir?
“Amnesty International”ın istənilən hesabatını bir batman duzla “yeyilməli” olması onun iş rejimi ilə çoxdan tanış olanların bildiyi bir şeydir. Buna baxmayaraq, Ukraynada və onun hüdudlarından kənarda şiddətli rezonansa səbəb olan sənədin lazımi nöqteyi-nəzərdən qiymətləndirilməsi üçün tam bütövlükdə araşdırılması zəruridir.
Sözügedən hesabat aprel-iyul aylarında Xarkov, Donbas və Nikolayev vilayətlərində aparılan yerində araşdırmalara əsaslanır və onun araşdırma metodologiyasının zərbə vurulan ərazilərin yoxlanılmasından, sağ qalanların, şahidlərin və qurbanların qohumlarının müsahibələrindən, hücumlar, uzaqdan zondlama və silah analizi vasitəsilə araşdırma və peyk görüntülərindən sonrakı istifadədən ibarət olduğu iddia edilir.
Onun əsas “tapıntısı” da bundan ibarətdir ki, Ukrayna qüvvələri mülki binalarda, yəni 19 şəhər və kənddə xəstəxana və məktəblərdə yerləşərək, yaşayış məntəqələrindən zərbələr endirərək, mülki əhalinin həyatını təhlükəyə atmaqla qeyri-qanuni müharibə taktikalarından istifadə edib.
Baş katib Aqnes Kallamard və hesabatın müəllifi Donatella Roveranın ifadələrindən də aydın göründüyü kimi, “Amnesty”nin hesabatının mənəvi və hüquqi özünümüdafiəsi, görünür, iki prinsipdən asılıdır.
Birincisi, Ukrayna tamamilə qanuni bir şey edərkən, yəni özünü təcavüzə qarşı müdafiə edərkən, humanitar hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə borclu idi. Yəni xanım Kallamardın sözbəsöz bəyanatına görə, müdafiə mövqeyində olmaq Ukrayna hərbçilərini beynəlxalq hüquqa hörmətdən azad etmir.
İkincisi, “Amnesty” Rusiyanın müharibə praktikasına dair daha həcmli tənqidlərinə əsas kimi istinad edərək, ədalətli və qərəzsiz olmağa borclu olduğunu iddia edir. Xanım Rovera “German Deutsche Welle”yə müsahibəsində bildirib ki, Ukrayna hesabatı üzərində səhra araşdırmaları (yəni birbaşa döyüşlərin getdiyi ərazilərdə – red.) aparan və Kremlin hərbi taktikasını pisləyən hesabatlar hazırlayan eyni komanda çalışıb.
Bəs qanun nə deyir?
“Amnesty International” hesabatının müharibədən sonrakı tribunala bərabər, yerlərdə şəraitin ağlabatan tədqiqi olduğu iddia edilir. Təşkilat heç bir halda qəti hüquq məhkəməsi olduğunu iddia etməsə də, hesabatı hüquqi xarakter daşıyır və Ukraynanı qadağan olunmuş müharibə taktikalarına görə beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərinə etinasızlıq göstərməkdə ittiham edir.
Beynəlxalq Humanitar Hüququn 23-cü Qaydası münaqişənin hər bir tərəfinin əhalinin sıx məskunlaşdığı ərazilərdə və ya onların yaxınlığında hərbi obyektlərin yerləşdirilməsindən mümkün qədər çəkinməsini tələb edən normaya istinad edir.
Beynəlxalq hüququn müvafiq təcrübəsi iki ayrı halı fərqləndirir, yəni hücuma keçmək üçün qoşunların və ya silahların mülki obyektlərdə yerləşdirilməsi və yaşayış məntəqələrindən hərbi obyektlərin uzaqlaşdırılması.
Birincisi, əgər bu, son çarədirsə, icazəlidir. Mülki əhalinin məskunlaşdığı ərazilərdən hərbi obyektlərin çıxarılması “mümkün olan maksimum dərəcədə” aparılmalıdır. Bu normaya xüsusi qeyd-şərt qoyulmasa da, onun öz “prima facie” (ilk baxış) mahiyyəti baxılan işə tətbiq oluna bilən müəyyən yüngülləşdirici hallara səbəb olur.
“Amnesty International” öz nəticələrinə əsasən iddia edir ki, Ukrayna qüvvələri “hərbi bazalar” və “yaxınlıqda sıx meşəlik ərazilər” kimi “canlı alternativlərə” malik olsalar da, mülki əhalinin həyatı üçün təhlükə yaradan yerlərdə yerləşiblər və zəruri təxliyə və xəbərdarlıqlarla bağlı heç bir tədbir görməyiblər.
Bu iddia faktiki səhvlər, natamam sübutlarla doludur və özünümüdafiə əxlaqına uyğun olaraq, yerdəki dəhşətli vəziyyətlə birləşən zəruri şərtləri qiymətləndirmək iqtidarında deyil.
Birincisi, “Amnesty”nin özünün əlçatan olan açıq mənbələrindən müəyyən oluna bildiyi kimi, mülki binalar – xəstəxanalar və məktəblər hərbçilər tərəfindən istifadə edilməzdən əvvəl boşaldılmışdır. İkincisi, yerdəki şəraitin imkan verdiyi böyük evakuasiyanın həyata keçirildiyi bildirilir.
Üçüncüsü, praktikada tətbiq olunan mövcud özünümüdafiə tədbirlərinin işığında, bir çox hərbi ekspertlərin təsbit etdikləri kimi, açıq sahədə xeyli üstün imkanlara malik düşmənlə qarşılaşmaq intihara gedən yol idi.
Cavab axtarılan sual “bir şəhərin içində olmadan onu necə müdafiə etməli”dir. “Amnesty”nin hesabatı müharibənin daha yüksək tələbatlarını və xüsusi hərbi məqsədi nəzərə almır, müdafiə olunan tərəfə mülki əhalinin təhlükəsizliyini təmin etmək öhdəliyi fonunda qeyri-mütənasib dərəcədə həddindən artıq və qeyri-mümkün bir məsuliyyət qoyur.
Dördüncüsü, istənilən evakuasiya tədbiri təxliyə edilmiş şəxslərin təhlükəsizliyini nəzərə almaqdan ibarətdir və Ukrayna tərəfi iddia edir ki, bir çox müstəqil müşahidəçilər belə ağır şəraitdə mülki şəxslərin çıxarılmasının onların düşmən hücumuna məruz qala bilmələri ilə bağlı fikirlər səsləndiriblər.
Beşincisi, bəyanatda zərərçəkmişin, müdafiə edən tərəfin perspektivi nəzərə alınmır, bununla da bütün müvafiq amillər gözardı edilir; başqa sözlə, mətn üçün əsas kimi natamam dəlillərin götürülməsi məsələsi var.
Çox aydındır ki, sənədin hazırlanmasında xeyriyyə təşkilatının Ukrayna bölməsi iştirak etməyib, təşkilatın rəhbəri Oksana Pokalçuk hesabatın internet saytından silinməsinin və ya əhəmiyyətli dəyişikliklərin mümkün olmadığını başa düşərək tutduğu vəzifədən istefa verib. Üstəlik, Kiyevin rəsmi nöqteyi-nəzəri nəzərə alınmayıb, ona cavab üçün cəmi altı gün vaxt verilib ki, bu da onun iştirakını dar vaxt çərçivəsi səbəbindən, həmçinin Rusiya ilə müharibə vəziyyətində olduğuna görə məhdudlaşdırıb.
Bülletenin effektinin əsl təsiri, bəlkə də, istəmədən, xanım Pokalçukun etiraf etdiyi rus “narrativ”inin əlinə işləyir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova fürsətdən istifadə edərək, “Amnesty” veb-saytından “skrinşot”u “Telegram” hesabında yerləşdirərək, Moskvanın Ukrayna Silahlı Qüvvələrinin qanunsuz hərəkətləri ilə bağlı iddialarının növbəti sübutu kimi göstərib, “Bu cür pozuntular heç bir halda Rusiyanın ayrı-seçkilik etmədən hücumlarına haqq qazandırmır” sitatını rahatlıqla retuş edib.
On ildən artıqdır ki, “Amnesty”nin hesabatlarını yaxından izləyən britaniyalı jurnalist Neil Vatson hesab edir ki, ədalət, ayrı-seçkilik və mənəvi əsaslandırma bəhanəsi ilə təşkilatın ədalətsiz olaraq qurbanı və təcavüzkarı müəyyən etməsi Kreml tərəfindən təşkil edilən nəhəng təbliğata uyğun görünür:
“Mən heç vaxt ”Rusiya müdaxiləçilərinin” təhriflərlə bağlı diqqətlə maskalanmış işdə iştirakının mümkünlüyünü gözardı edə bilmərəm”.
Qarabağla paralellər
“Amnesty”nin Ukrayna ilə bağlı son hesabatı İkinci Qarabağ müharibəsi və regiondakı sonrakı hadisələrlə bağlı verdiyi qiymətləndirmələrlə təəccüblü oxşarlıqlar kəsb edir.
Ukrayna hesabatında olduğu kimi, Azərbaycan-Ermənistan məsələsində də öz suveren ərazisində beynəlxalq hüquq çərçivəsində özünü müdafiə edən tərəflə eyni normaları pozan tərəf arasında fərqi ayıra bilmir, başqa millətin beynəlxalq səviyyədə tanınmış ərazilərində fəaliyyət göstərir. Eyni “yalançı ekvivalentlik” Bakı ilə İrəvan arasında hərbi qarşıdurma ilə bağlı öz qiymətləndirmələrini “qurban-təcavüzkar” fərqi olmadan müəyyən edib.
Daha konkret bir səviyyədə “Amnesty”nin Qarabağ hesabatı müharibə zamanı və ondan sonra dəfələrlə Azərbaycanı Xankəndidəki “mülki obyektləri hədəfə almaqda” ittiham edərək, erməni tərəfinin qarşı tərəfə hücumlar üçün kilsə, xəstəxana və məktəblərdən istifadə etdiyini, bununla da yaxınlıqdakı mülki əhalinin həyatını təhlükə altına aldığını heç cür diqqətə çatdırmır.
Burada ironiya ondan ibarətdir ki, çətin vəziyyətlərdə özünümüdafiə ilə məşğul olan Ukrayna məsələsində müdafiə edən tərəfdən onun beynəlxalq humanitar hüquq məqsədlərinə uyğun olmasını təmin etmək tələb olunur, halbuki Qarabağ hesabatlarında işğalçı güc heç vaxt lazımi təxliyələrin həyata keçirilməməsində günahlandırılmadı, bu həm mümkün, həm də praktiki idi; Bunun əvəzində “Amnesty” Bakını hərbi məqsədlər üçün istifadə edilərək qorunan statusunu itirmiş mülki obyektləri hədəf aldığına görə ittihama davam etdi.
“Amnesty” heç vaxt ermənilərin mülki əhalidən canlı qalxan kimi istifadə etməsinə barmağını belə qaldırmayıb ki, bu da beynəlxalq hərbi cinayətin ayrı bir formasını təşkil edir. Təşkilatın Qarabağla bağlı press-relizlərində zərərçəkmiş ərazilərdən qeyri-döyüşçülərin təhlükəsiz təxliyəsinin həyata keçirilməməsi ilə bağlı qiymətləndirmələr də yer almayıb.
Oxşar şəkildə, Ukrayna hesabatı Rusiyanın müharibə zamanı qanunsuzluqlarını təsbit edən geniş araşdırmaya istinadla əsaslandırılır, onun Qarabağla bağlı hesabatlarında da bir tərəfin öz ərazi bütövlüyünü qanuni olaraq bərpa etdiyi, digərinin isə beynəlxalq hüququ pozduğu nəzərə alınmadan, hər iki münaqişə tərəfinin bərabər məsafədə olduğu iddia edilir.
“Amnesty” son onilliklər ərzində diqqətlə inkişaf etdirilən bütün dünya miqyasında tanınan brendinə baxmayaraq, insan hüquqları elementlərini ehtiva edən geniş spektrli işlərin ədalətli araşdırılması ilə məşğul olan qərəzsiz hüquqşünaslar qrupu deyil. Bu, daha çox, daha geniş amilləri nəzərə almadan, müəyyən vəziyyətin humanitar aspektlərinə diqqət yetirən araşdırmalar aparan, dar baxış bucağına malik olan bir təşkilatdır.
Hər zaman beynəlxalq hüquqa davamlı istinadlara baxmayaraq, onlar məhkəmə orqanı deyillər və onların qiymətləndirmələri məhkəmənin hökmü deyil.
Yerdəki faktların və vəziyyətin doğurduğu fövqəladə halların qiymətləndirilməsində yanlış ekvivalentlik və qüsurlar “Amnesty”nin Ukrayna ilə bağlı son hesabatında, İkinci Qarabağ müharibəsi və sonrakı hadisələrlə bağlı çoxsaylı qiymətləndirmələrində əks olunur.