Hər kəlməsi bal dadır,
Şirindən də şirindir,
Həm Vətənimin adı ,
Həm də ana dilimdir.
Bu dil bizi səsləyib
Xoş günə, gələcəyə,
İgid bir sərkərdə tək
Çağırıb qələbəyə.
Dilimdəki sözlərdə
Min məna, min hikmət var,
Şanlı tarix yaşadan
Yenilməz əzəmət var.
Bu dildə ülfət qılır
Elimiz, elatımız,
Bu dil ilə qurulur
Toyumuz, büsatımız.
Tarixin o tayından
Min illərdir yol gəlir,
Dilimizin sədası
Zirvələrə yüksəlir.
Xətainin , Zakirin,
Şəhriyarın dilidir,
Füzulinin, Sabirin,
Bəxtiyarın dilidir.
Mən necə də xoşbəxtəm,
Azərbaycan elimdir,
Məni bəxtəvər edən
Doğma ana dilimdir.
Cilalayıb dilimi
Xalqımız zərgər kimi,
Biz də onu qoruyaq
Sayıq bir əsgər kimi.