Ana dilim ölən deyil – Günün Şeiri

Ana dilim ölən deyil – Günün Şeiri

Kulis.az 1 avqust – Azərbaycan Dili və Əlifbası Günü münasibəti ilə şair Vaqif Kəhrizlinin “Ana dilim ölən deyil” şeirini təqdim edir.

Aylar ötür, il dəyişir,

Gedən geri dönən deyil.

Laçın könlüm pərvaz edir,

Səmasından enən deyil.

Bir dağam ki, göydə başım,

Çox qədimdir mənim yaşım.

Alovlansa, bircə daşım,

Milyon illər sönən deyil.

Azərbaycan – mənim elim,

Azərbaycan – mənim dilim

Doğransa da, dilim dilim

Başqa dilə çönən deyil

Həm Arazam, həm də Kürəm,

Axıb Xəzərə tökülləm.

Dilim ölsə, mən də ölləm

Ana dilim ölən deyil

Share: