ÇARƏSİZLİK

Təranə MUSAYEVA

Hekayə

Qadının səsi evin divarlarını yarıb bayıra çıxmış, göyə bülənd olmuşdu. Böyük otaqda gedən dava-dalaşın səsi kiçik otaqda yatan uşaqları çoxdan oyatmışdı. Qorxularından yerlərinin içində  donub qalmış körpələr tir-tir titrəyirdilər.

On iki kvadrat metrlik otaqda üç çarpayı qoyulmuşdu. Otağın giriş qapısı ilə üzbəüz qoyulmuş çarpayıda evin sonbeşiyi anası ilə birlikdə, ona paralel divara yorulmuş çarpayıda ata təkcə, qapının sağ tərəfində üçüncü balaca çarpayı qoyulmuşdu. Üç çarpayının arasında qalan balaca hissəyə sərilmiş yataq yeri isə evin ikinci oğlunun idi.

Deyəsən bir-bir oyanmışdılar. Ananın çıxarmamağa calışsa da buna nail ola bilmədiyi səsi indi boğuq gəlirdi. Başını yavaş-yavaş yorğanının altından çıxaran Seyran əvvəlcə yerdə yatan qardaşına baxdı. Baş ucundakı pəncərədən süzülən ayın işığının əks olunduğu sifətində nəzəri cəlb edən ən çox qorxudan bərəlmiş gözləri və bu gözləri mənbə seçərək bütün sifətini isladan göz yaşları idi. Ürəyi sızladı. Artıq dözə bilmədi. Yerindən qalxıb qapıya döğru getmək istəyəndə yatağından dik atılan Cavid onu qucaqladı:

– Getmə! Səni də döyəcək!

Qardaşının titrəyən əlini tutub:

– Heç nə olmaz, bilmirsən hər zamanki kimi dalaşırlar. Sən yat, yat, – dedi Seyran. Sonra özü də onun yatağının yanında oturdu. Çit yorğanın altına girən Cavid bütünlüklə ona büründü. Bircə qap-qara gözləri işim-işim işıldayırdı.

– Sən yat, mən indi gəlirəm. Heç nə olmayacaq, qorxa.

Dəhlizə çıxıb ordan eyvana atladı. Ata-anasının dalaşdığı otağa bircə addım qalırdı. Sağ tərəfə bircə addım. Ata onu söhbətlərinə, daha doğrusu davalarına qarışdığı üçün döyə bilərdi. Bircə anlıq tərəddüddən sonra sola dönüb həyətə çıxdı. Tut ağacının yanından keçib bağa girdi. Başqa vaxt gecə həyətə düşməyə qorxan Seyran bağın içərilərinə doğru irəliləyirdi. Sağda, solda əkilmiş qızılgüllərin müşayətilə bir qədər də irəlilədikdən sonra böyük armud ağacının budaqlarını əyib sevimli alma ağacına çatdı. Darıxdığı, çarəsiz qaldığı, özünü tənha hiss etdiyi anlarda bu ağacın yanına gəlib onun dibinə qoyulmuş köhnə kresloda əyləşər, xəyala dalardı. Bu xəyallar adətən gələcəklə bağlı olardı, çünki bu günlərdən nə qədər istəsə də xoş bir şey gözləmədiyi üçün xəyalını belə qura bilmirdi. Yenə də belə etdi. Köhnə kresloya oturub əvvəlcə için-için ağladı. Sonra bu günkü dava-dalaşın səbəblərini axtarmağa başladı. Axı anası nə etmişdi?

…Hər axşamki kimi evə ərindən tez gəlib paltarlaını dəyişən, əl-üzünü yuyub süfrəni hazırlamağa başlayan qadın bu dəfə ərinin tez, həm də qonaqla gələcəyini bildiyi üçün ilk olaraq süfrəni hazırladı. Ən sonda çörəyi gətirib artıq hazırlanmış süfrəyə qoydu. Elə bu vaxt qapıdan deyə-gülə girən atanın yanındakı qonağının həmişə “hazır” vəziyyətdə olan iş yoldaşı olduğunu görən ananın qanı qaraldı. “Yenə içəcəklər”, – deyə fikrindən keçirsə də gülərüzlə qarşılarına çıxıb “Xoş gəlmisiniz” – dedi. Bütün gün elə ata ilə bir yerdə işləyən ananın yorğunluğu sifətindən oxunsa da gözlərindən yağan kədər onu üstələyirdi. Başına bağladığı şalının altından uzun saçlarını sancaqla bir yerə yığdığı hiss olunurdu. Tələsdiyindən iş paltarını dəyişməyən ana qonaqlara bir ctəkan çay verib o biri otağa keçdi. Ağır zəhmətin izləri paltarının ətəklərindəki palçıq qalıqlarında əks olunurdu. Paltarını dəyişib əyninə təmiz paltar geyindi, şalını açıb saçlarını səliqəyə saldıqdan sonra başını örtdü. Uşaqlar olan otağa keçib onları yoxladı. Biri qonaq olan otağn açıq qalan qapısından televizora baxır, o biri isə dərs hazırlayırdı. Körpə isə yerdə oturub oyuncaqları ilə oynayırdı. Bu evə qonaq gələndə uşaqlar görünməzdilər. Ana bir daha onlara bu qaydanı xatırlatdı və mətbəxə keçib hazırladığı yeməkləri süfrəyə gətirməyə başladı. Yalnız bundan sonra uşaqlar üçün olduqları otaqda yerə süfrə salaraq onlara yemək verdi. Onlarla bərabər özü də oturub yemək yeyən ana tez-tez yerindən qalxmalı olurdu. Ata gah su, gah yeməyin yenidən isinməsini, gah da çay istəyir, ananın oturduğu yerdən qalxmasına səbəb olurdu. Yorgunluqdan büküm-büküm olan ana bütün sifarişləri canla-başla yerinə yetirir, həm onları, həm də uşaqlarını razı salmağa çalışırdı. Süfrədəki içkinin biri bitmiş, artıq ikincisi gətirilmişdi. Siqaret tüstüsündən göz-gözü görməyən otaqda artıq neçə saat idi ki məclis davam edirdi. Artıq ana uşaqlarının yerini açmış, hərə öz yerinə girib yatmışdı. Hər nə oldusa bundan sonra oldu. Qonağın nə vaxt getdiyindən xəbəri olmayan uşaqların dava-dalaşın da nə vaxt və nə üçün başladığından xəbərləri olmadı.

“Nə oldu axı?”, “Niyə atam anamı döyür?” “Bu dava nəyin davasıdır?” – Seyran düşünürdü. Birdən ayaqlarının altındakı otların arasında nə isə tərpəndi. Canına ürpərti düşdü. Tez-tələsik geri qayıtdı. Yol elə bil bayaq gəldiyi yol deyildi, uzandıqca uzandı. Həyəcandan ürəyi ağzına çıxırdı. Eyvandan dəhlizı keçib atasıgili dalaşdığı otağa tərəf yeridi. Qapını astaca aralayıb  içəri baxdı. Atasının arxasının qapıya tərəf olması onu qapını bir az da açmağa cürətləndirdi. Ana iki ilə ilə üzünü tutub ağlayır, ata isə əllərini çəkməyini tələb edir və beləcə ancaq üzünə vurmağa çalışırdı. Nə üçünsə o həmişə belə edərdi. Ana üzünü gizlədəndə daha da hirsənər, qəzəbi birə min artardı. “Görəsən niyə məöhz üzünə vurmaq istəyir?” deyə düşünən Seyran bir gün bunun cavabını tapanda dəhşətə gəlmişdi. Başqa yerə vurulan zərbələr görünməyən izlər üzdə nəzərə çarpardı. Bəlkə də ata sonrakı günlər gördüyü işin ləzzətini duymaq üçün belə edərdi. Bu sanki ona üzünə arxayınlıq, özünə güvən, inam hissini gücləndirərdi. Qəribə burasında idi ki, ata bu iinanılmaz içi yalnız sərxoş olduğu zamanlarda edərdi. Başqa vaxt sakit, uşaqlarını sevən, qohumlarına hörmət bəsləyən, qocanın, uşağın yerini bilən, onlara məhəbbətlə yanaşan atanı içkili vaxtda tanımaq olmurdu. Belə günlər az olsa da uşaqların yaddaşında dərin və silinməz izlər buraxır, ürəklərinə sağalmaz yaralar vururdu. Səhər içkidən ayılan ata heç nə olmamış kimi hər şeyi unudar, uşaqlarını yanına çağırar, qucağında oturdub onları şirin dillə dindirərdi. Lakin bu doğma, isti qucaqda oturub qarşısındakına – analarına baxan uşaqlar onun üzündəki zərbə izlərindən utansalar da heç vaxt atalarına bir söz deməzdilər.

Ananın üzünə vura bilməyən ata onu necə itələdisə əlləri üzündə olan ana heç yerdən tuta bilməyib yerə yıxıldı.

Seyran qapını ayağı ilə sona qədər açdı. Necə vurdusa nazik taxta qapıların hər iki tayı açıldı. İçəri girib düz anasının üstünə getdi. Onu görmürmüş kimi üstündən keçib otağın baş hissəsinə doğru yeridi. Elə yeriyirdi ki, elə bil orda divar qurtarmır, yol uzanır. Mat-məhəttəl qalan ata onun qolundan tutdu:

– Dayan görüm, Seyran, hara gedirsən?

Heç nə deməyən Seyran dartınmağa başladı. Qalın köynəyinin qolu atasının əlində idi. Alnında iri tər damlaları parıldayırdı. Gözləri az qala hədəqəsindən çıxacaqdı. Yıxıldığı yerdən qalxan ana da ona yaxınlaşdı:

– Seyran… Seyran…

– Buraxın məni! Məni nənəm çağırır, mən onun yanına getməliyəm, – deyib dartınıb atasının əlindən çıxdı. Qəti addımlarla onları görmürmüş kimi qapıya tərəf qayıdıb dəhlizə çıxdı. Ardınca gələn atası qarşısını kəsdi:

– Nənən? Hansı nənən? Sənə nə deyirdi? Sən onu harda gördün?

Ata nənəsi çoxdan ölmüşdü. Seyran çox vaxt yay tətillərini nənəsinin yanında keçirirdi. Nənəyə çox bağlılığından o öldükdən sonra uzun müddət özünə gələ bilməmişdi. Bu ölüm ona mənəvi zərbə olmuşdu. Ailədəki söz-söhbəti nənəsinin yanında unudardı.

– Nənəm indicə mən yatanda yanıma gəlmişdi. Mənə dedi k, onlar səni çox incidirlər, ağladırlar. Gəl mənim yanıma. Burax məni, burax, mən gedirəm! – deyə qışqırdı.

Ata ananın üstünə qışqırdı:

– Nə durmusan, get su gətir!

Ananın gətirdiyi suyu ona güclə içirtdilər.

– Mən sizi istəmirəm. Buraxın məni! Mən nənəmin yanına gedirəm. O, məni çox istəyir. Məni çağırır, buraxın!

Seyran çırpınır, ağlayır, zarıyırdı. Bayaqdan əks cəbhələrdə dayanan ata ilə ana birlikdə onu yatağına gətirib sakitləşdirməyə çalışdılar. “Nənə, gəlirəm, gəlirəm!” deyən Seyranın artıq ağlını itirdiyinə inanmışdılar. Bir qədər sonra süst düşən Seyranın üstünə yorğan örtüb hərə öz yerinə  çəkildi. Sakitcə sabah uşağı həkimə aparmaq lazım gəldiyini bildirdilər.

Axşam baş verən hadisələrdən sonra hər kəs yorğun-arğın yatırdı. Bütün şəhəri bürüyən azan səsi onların da evlərinə dolmuşdu. Bu mübarək səslə bərabər Seyranın yorğanının altından bir səs gəlirdi:

– Allah baba, məni bağışla. Yalan danışdığım üçün, atamı, anamı aldatdığın üçün, nənəmi dilə gətirdiyim üçün. Nə edim, belə etməsəydim onlar sabahadək dalaşacaqdılar.

Ancaq bundan sonrakı davalarda çarəsizlikdən hansı çarəyə əl atacağını bilmirdi…

 

          

Share: