“Ana”  mahnısı necə yarandı…

Oxucuya

Mahnı xalqın poetik musiqi yaradıcılığının ən mühüm, ən populyar nümunəsidir. Mövzu və məzmun gözəlliyi onu musiqi qədər mükəmməl edir. Demək  Musiqi və Söz vəhdətindən yaranmış bu incilər necə yarandı, necə meydana çıxdı dedikdə bu məqsədlə istər nəğmənin əsasında duran şeirin, istərsə də mahnının musiqisinin  əmələgəlmə tarixini sizlərlə bölüşmək istədik.

 “Ana”  mahnısı necə yarandı…

Ah gözəl dünya, gözəlim dünya! Nədəndir axı bu? Ana deyib yaranan hər bir əsər niyə hökmən  qəmli olmalı, kədər qoxmalıdır? Niyə  ana şeirindən, ana mahnısından  nisgil, peşimanlıq süzülə gərək?

Saçının ağına-qarasına qurbanam,

Könlünün o həzin laylasına qurbanam.

Elə ki ana dedin həmən onun atributları layla yada düşür. Yox yenə var: beşik, ana borcu…

Beşiyim üstə layla çaldın

Gecələr sübhədək qadamı aldın

İsti nəfəsini həmişə yaz bilmişəm,

Olub ki, mən sənin qədrini az bilmişəm

Mahnının sözləri İslam Səfərlinin, musiqisi Cahangir Cahangirovundur. Mahnı necə yarandı deyə mövzuya girişsək də deməliyik ki, öncə söz var, mahnının sözləri. Bax, onun tarixindən, yazılma səbəbindən, yazdıran əhvalatdan başlamaq lazımdır. Bu tarix də, səbəb də xalq artistimiz, şanlı-şöhrətli sənətkarımız Lütfiyar İmanovla bağlıdır. Demək,  müğəninin dediyinə görə 1970, ya da ki, 71-ci ildir. Lütfiyar İmanovun Özbəkistanda konserti planlaşdırılıb. İndi o, böyük bir heyətlə Daşkəndə yenicə çatıb. Müğənnini təyyarə limanında qarşılayan koordinator xoş-beşdən sonra  elə buradaca ona bir xahiş çatdırır: Sizi bir evə qonaq aparsaq, özünüz görəcəksiniz ki, sizi orada ölümcül xəstə dərmanını necə gözləyirsə, sizi də eləcə gözləyirlər. Və bir az da təfərrüata varır. Nə deyirsə, təbiətən kövrək, mehriban olan müğənninin gözləri yaşarır:  “gedək, elə indicə gedək”, deyir. Konsertlər başlayanda arada vaxt olmaya bilir, indi bu gün getsək yaxşıdır, narahatlıqla əlavə edir Lütfiyar bəy. Artıq o özü dayana bilmir, onu qonaq kimi bu saat gözləməkdə olan o evə tez getməyə tələsirdi.

Konsertin koordinatoru müğənnini və ansambl ekibini gətirib mehmanxanada yerləşdirdikdən sonra “indi gedə bilərik” deyir  və Lütfiyar müəllimi götürüb bir bağçalı evə gətirir. Onu bağçanın küçə qapısında gözləyirdilər.  Üzlərdə bir sevinc, fərəh, bir az çaşqınlıq, amma hamısından artıq  bu üzlərdə aydın hiss olunan acı kədər var. Bunu necə görməyəsən?! Otağa dəvət edirlər. Yataqda bir yeniyetmə oğlan uşağı müğənnini görüb sevincdən bağırtılarla qışqırıb az qala yatdığı çarpayısını da aşıracaqdı. Demə yataq xəstəsi olan gənc bütün gününü radioya qulaq asmaqla keçirir, Lütfiyar İmanovun səsinə necə aludə olursa müğənninin demək olar ki bütün vallarını aldırtdırıb dinləyir, ounla yatır, onunla oyanır. Onun ən böyük arzusu pərəstişkarını, kumirini görmək olur.  Əlbəttə Lütfiyar bəy üçün bu görüş ürəkaçan görüşlərdən deyildi, amma gəldiyinə qətiyyən peşman deyil, hətta sözü yerə salmayıb gəldiyinə görə, bu xəstə gəncin istəyini həyata keçməsinə görə xoş bir məmnunluq keçirməkdədir.  Amma onu təsirləndirən əhvəlat hələ irəlidədir. Hələ bu qısaca vaxt ərzində xəstənin anasının öz balasına necə məhəbbətlə qulluq etməsi, hər an gözü gözündə oğlunun nə istəyəcəyi həyəcanında olması onu bərk təsirləndirsə də ananın söylədiyi sözlər onu sarsıdır. Deməli, uşaq tam sağlam doğulmuş. Ana da bütün gənc analar kimi  xöşbəxtcəsinə  çağasına baxmaqda. Lakin bir gün ehtiyatsızlıqdan uşağı əlindən yerə salır. Sağlam uşaq bir anda dönüb əlil olur. Çağalıqdan, körpəliyə, uşaqlığa, nəhayət artıq gəncliyə dolur. Amma ağır qisməti olan yataqda. Ana bunları danışdıqca  dəfələrlə bu hekayəni dinləyən gənc yenə  sevgi ilə anasına baxmaqda. Anası müğənniyə onun həm də şeirlər yazdığını və bu şeirlərin hamısının ona-anaya həsr olunduğunu söyləyir.  Oxuyurlar o şeilərdən Lütfiyar müəllimə. Göz yaşlarını saxlaya bilmir müğənni. Gəncin şeirlərində anaya zəhmətinin əvəzini verə bilməyəcək bir övlad peşmanlığı var; daha ananı günahlandırmaq, ona acı giley… heç biri yoxdur. Müğənni Bakıya dönür, bunu neçə neçə yerdə danışsa da, İslam Səfərli o xəstə gəncin şeirindəki müğənninin yadında qalan  bir-iki qırıq misralara biganə qala bilmir. Ana sevgisi, fədakarlığı kimə məlum deyil ki, o anadan hər birimizin yoxudurmu? Şeir həmən yazılır. Lütfiyar bəy özü onu sevib pərəstiş etdiyi Cahangir müəllimə verir. Bilir ki anaya lazım olan həzinliyi, onun musiqisi tam verə bilər. Belə də olur və “Ana” mahnısı belə yaranır. Deyirlər, o mahnı oxunduqca neçə – neçə evdən küsüb çıxmış başı yelli övlad dönüb təzədən sanki “gözümün nuru, canım ana, böyütdün sən məni yana-yana” deyə-deyə ana qoynuna  tələsirmiş…

Bu qəm dolu, bu nisgil saçan əhlalatı mənə Lütfiyar İmanov danışanda 2004-cü il idi. Gördüyü və ürək yandırdığı o görüşün üstündən 34 il keçmişdi demək. Amma buna  baxmayaraq  sənətkarın  qəhərli-ağlar səsi göstərirdi ki, yaşadığımız böyük sevinclər kimi böyük kədərlər də unudulmur.

Minə Xanım Təkləli-Nuriyeva

professor 

 

Share: