Ana olmaqdan imtina elədi, qocalar evində yaşadı, evinə buraxmadılar – Neft milyonçusunun qızı haqqında maraqlı faktlar

Ana olmaqdan imtina elədi, qocalar evində yaşadı, evinə buraxmadılar – Neft milyonçusunun qızı haqqında maraqlı faktlar

Bu gün Azərbaycan diasporunun tanınmış nümayəndəsi, neft milyonçusu Şəmsi Əsədullayevin nəvəsi Züleyxa Əsədullayeva-Veberin anım günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.

Züleyxa Xələf qızı Əsədullayeva 1916-cı ildə Bakıda neft sənayesinin görkəmli nümayəndələrindən və xeyriyyəçilərindən olan Şəmsi Əsədullayevin nəslinə mənsub ailədə anadan olmuşdur.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Züleyxa xanım 1922-ci ildə kiçik yaşlarında valideynləri ilə birlikdə İstanbula köçmüşdür. O, 1943-cü ildə İstanbul Universitetinin tarix və ədəbiyyat fakültəsindən məzun olmuşdur. Sonrakı dövrdə Türkiyə Silahlı Qüvvələrində tərcüməçi olaraq çalışmışdır. 1952-ci ildə Amerika Birləşmiş Ştatlarına köçən Züleyxa xanım, amerikalı mühəndisə ərə getmiş, Virciniyada orta məktəbdə tarix və coğrafiya müəllimi işləmişdir. O, bir müddət Braziliyada yaşamış, müəllimlik etmiş, sonra yenə ABŞ-a qayıtmışdır.

Türk, ingilis, fransız, alman, rus və portuqal dillərini sərbəst bilən Züleyxa xanım müəllimlik və tərcüməçiliklə yanaşı, müxtəlif neft şirkətlərində çalışmışdır. O, 1995-1997-ci illərdə “Mobiloyl” şirkətində, 1997-ci ildən ömrünün sonuna qədər isə “Pennzoyl” şirkətində işləmişdir.

Azərbaycan diasporunun tanınmış nümayəndəsi Züleyxa xanım 2002-ci il iyulun 20-də Türkiyənin İstanbul şəhərində ömrünün 87-ci ilində vəfat etmişdir. 2002-ci ilin iyul ayının 25-də Züleyxa xanımın cənazəsi Azərbaycana gətirilmiş və Bakının Əmircan qəsəbəsində babası Şəmsi Əsədullayevin yanında dəfn olunmuşdur.

Bakıda neft sənayesinin görkəmli nümayəndələrindən biri olan Züleyxa xanımın babası Şəmsi Əsədullayevin adı həmişə Nobel qardaşlarının adı ilə qoşa çəkilirdi. Şəmsi Əsədullayev neftin Rusiyaya daşınmasında buxar gəmisindən ilk istifadə edən milyonçu olaraq tarixə duşmüşdür.

Azərbaycan diasporunun formalaşıb inkişaf etməsində dünyanın müxtəlif ölkələrində yaşayan fəal Azərbaycan qadınları da yaxından iştirak edib. Müəyyən sahələrdə fəaliyyət göstərən azərbaycanlı qadınlar bu yolla Azərbaycanı dünyada təbliğ etməyə müvəffəq olublar. Belə şəxsiyyətlərdən biri də Züleyxa Əsədullayeva idi. Züleyxa xanımın ictimai fəaliyyəti də səmərəli olmuşdur. O, Amerikada yaşayan azərbaycanlılar arasında fəal iş aparmış, onların bütün tədbirlərində yaxından iştirak etmişdir.

Xaricdəki mühacirlər arasında nüfuzlu xadim kimi Züleyxa xanımın Azərbaycan haqqında, tariximizin əhəmiyyətli hadisələri və faciəvi səhifələri, o cümlədən 1918-ci ildə baş vermiş soyqırım haqqında reallıqların Amerika və dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətləri olmuşdur.

Taleyinə şirinli-acılı günlər düşmüş, həyatın ağır sınaqlarına sinə gərmiş Züleyxa xanım harada olursa-olsun, ürəyində həmişə Vətən sevgisini gəzdirmiş, Azərbaycanın problemləri onu daim düşündürmüşdür. Azərbaycan öz dövlət müstəqilliyini qazandıqdan sonra doğma vətənlə sıx əlaqə yarada bilmiş Züleyxa xanım ömrünün son dövrlərində sanki tələsir, Azərbaycan üçün daha çox işlər görməkdən ötrü hər fürsətdən istifadə etmək üçün əlindən gələni əsirgəmirdi. Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələri ilə, bir çox qeyri-hökumət təşkilatları ilə səmərəli münasibətlər quran Züleyxa xanım soydaşları tərəfindən daim doğma insan kimi gülər üzlə qarşılanırdı.

Yetmiş ilə yaxın bir müddətdə Vətən həsrəti ilə yaşamış Züleyxa xanıma, nəhayət, 1990-cı ildə Azərbaycana gəlmək qismət olmuşdur. O, Amerika Birləşmiş Ştatları Konqresinin üzvü Cim Mudinin Azərbaycana səfəri zamanı onu müşayiət etmişdir. Bu ilk səfərdən sonra Züleyxa xanım tez-tez Azərbaycana gələrək, qaçqın düşərgələrində, uşaq evlərində dəfələrlə olmuş, onlara humanitar yardımların çatdırılmasına və həyata keçirilməsinə şəxsən rəhbərlik etmişdir.

Xalq yazıçısı Elçin Əfəndiyev müsahibəsində qeyd edir:

“Mən Şəmsi Əsədullayevin üç qız nəvəsini tanıyırdım, üçünün də yaşı səksəni adlamışdı və üçü də dünyanın müxtəlif öləkələrində, bir-birindən min kilometrlərlə uzaqdakı böyük şəhərlərdə yaşayırdılar: Ümm-ül-Banu Parisdə, Züleyxa Əsədullayeva-Veber Vaşinqtonda, Məryəm xanım Əsədullayeva Moskvada. Elə bil, tale qlobusu əlinə götürüb, fırladaraq, sərt, hətta amansız bir qələmlə Yer kürəsində bir-birindən uzaq o qürbət şəhərlərin üzərinə nöqtə qoya-qoya bu azərbaycanlı qaçqın qızların yaşayacağı yerləri müəyyənləşdirmişdi. Mən 1989-cu ildə ABŞ səfərim zamanı ilk dəfə Züleyxa xanımla Vaşinqtonda görüşdüm və o səfərdən bir müddət sonra 1990-cı il 20 yanvar hadisələri baş verdi və bu hadisələrin obyektiv səbəbləri və nəticələri ilə biləvasitə tanış olmaqdan ötrü ABŞ konqresmeni Cim Mudini, fürsətdən də istifadə edərək, onunla birlikdə Züleyxa xanımı «Vətən» Cəmiyyəti xətti ilə Bakıya dəvət etdim. Konqresmen Cim Mudi yalnız ABŞ deyil, ümumiyyətlə Qərbin ilk rəsmi nümayəndəsi oldu ki, «Şəhidlər xiyabanı»nı ziyarət etdi, 20 yanvar hadisələrinə obyektiv qiymət verdi – ancaq bu, başqa bir yazının mövzusudur – Züleyxa xanım isə az qala yetmiş illik ayrılıqdan sonra ilk dəfə Azərbaycana gəldi və Bakını küçə-küçə gəzdi.”

Azərbaycanın ABŞ-dakı sabiq səfiri Hafiz Paşayev “Bir səfirin manifesti” kitabında Züleyxa xanım ilə bağlı xatirələrində yazır:

“Evə çatıb yenicə rahatlaşmışdıq ki, Züleyxa xanım Veber-Əsədullayeva zəng etdi. Səsində qəhər və sevinc hissləri bir-birinə qarışmışdı. İnana bilmirdi ki, Azərbaycan müstəqil bir dövlət olaraq Vaşinqtona səfir yollamışdı. Ertəsi gün bizimlə görüşməyə gəldi. Züleyxa xanım Azərbaycanın neft baronlarından olan Şəmsi Əsədullayevin nəvəsi idi. Bakıda bolşevik hökuməti hakimiyyətə gəldikdən sonra öz vətənindən didərgin düşmüş, əvvəlcə Türkiyəyə, uzun səfərlərdən sonra isə Amerikaya köçmüşdü. Bakını kiçik yaşında tərk etsə də, xatirələri canlı idi. Çox şeyi təfərrüatı ilə yadında saxlamışdı. Böyük müsibətlərə düçar olmuş Züleyxa xanım həmişə bolşevikləri və rusları günahlandırardı. “Azərbaycan” sözü daima təmiz məhəbbətlə ürəyindən gələrdi. Bir neçə dildə, o cümlədən rusca sərbəst danışardı. Uzun zaman Türkiyədə yaşadığı üçün Azərbaycan dilində də türk ləhcəsi ilə danışardı. Övladı yox idi. Həyat yoldaşı vəfat etmişdi. Təkbaşına qocalar üçün ayrılmış pansionda yaşayardı. Özünün söylədiyinə görə, həyat yoldaşı vəfat etdikdən sonra, olan qalan var-dövlətini bir ailə dostu ilə sərmayə yatırmış, amma təəssüf ki, iş baş tutmadığı üçün hər ikisi müflis olmuşdular. Ona görə də, köçüb qocalar evində yaşamaq məcburiyyətində qalmışdı. Yadımdadır, bir dəfə söhbət zamanı ailə taleyi ilə maraqlandım. Cavabı çox qəti və sərt oldu. Sən demə Bakıdan ölüm təhlükəsi altında qaçıb çıxdığı günləri heç vaxt xatirindən silə bilməmişdir. O zaman kiçik yaşlı uşaq olduğu üçün bu xatirələr yaddaşında dərin iz buraxmışdır. Və daima övladı olarsa, onun da başına müsibətlər gələ bilər qorxusundan xilas ola bilməmişdir. Bunun üçün də dünyaya övlad gətirmək fikrindən imtina etmişdir. “Mənim gördüklərimi heç kəsin görməsini rəva bilməzdim, səfir bəy” cavabı məni çox sarsıtmışdı. Əslində, çox şən bir qadın idi. Daxilində həyat ruhu güclü idi. Zarafatlarından əl çəkməzdi. Bəlkə də doxsandan çox yaşı vardı, amma öz həmyaşıdları ilə vaxt keçirməkdən zövq almazdı. Daima gənclər arasında olmağı üstün tutardı. Təsadüfi deyil ki, həftə sonu bütün gənclərə zəng edib gözəllik salonundan yenicə qayıtdığını bildirər və onlara yığışıb əyləncə mərkəzlərindən birinə getməyə dəvət edərdi. Bütün davranışı və həyat tərzində müsibətlərə qatlaşmış güclü bir qadının həyata qarşı üsyan etdiyini hiss etmək olurdu. Bu üsyanın çılğıntısında vətənə məhəbbət və əqidə sarsılmaz idi. Həyatının son illərini Bakıda keçirməyi üstün tutardı. Bakıya isə heç vaxt əli boş getməzdi. Səfərə hazırlaşan Züleyxa Əsədullayeva qapı-qapı düşüb dost-tanışdan pal-paltar yığar, Bakıya çatar-çatmaz qaçqınlara paylayardı. Taleh elə gətirdi ki, Bakıya səfərlərindən birindən qayıdarkən ona ilk sığınacaq vermiş qardaş Türkiyədə vəfat etdi. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncamı ilə cənazəsi bir vaxt didərgin salındığı, amma həsrətini qəlbindən çıxara bilmədiyi Bakıya gətirildi. Züleyxa xanım babasının yurdunda, Əmircan qəsəbəsində dəfn olundu. Züleyxa xanıma hörmətimiz heç vaxt təkcə onun öz şəxsiyyətinə olan hörmətlə kifayətlənməzdi. Züleyxa xanım həm də Əsədullayevlərin, Tağıyevlərin yadigarı idi. Nəcib bir ailədə dünyaya gəlmiş, tarixin fırtınalarım yaşamış, onu yurdundan didərgin salmış millətinə nifrət deyil, məhəbbət hissi ilə yaşayan bu məğrur qadına münasibətimizdə Azərbaycan xalqının tarixi və irsinə bəslədiyimiz hörməti duymamaq qeyri-mümkün idi.”

Məşhur Türk yazıçısı Orxan Aras isə araşdırmalarında yazır:

“Qurban Səid (Əsəd bəy) haqqında tədqiqat apararkən təsadüfən Züleyxa Əsədullayeva ilə bir reportaja rast gəldim. Əslində, Züleyxa xanımın soyadı Əsədullayeva deyil, Meylamovadır. Çünki atasının adı Xələf Meylamovdur. Anası Ağabacı Əsəddullayeva Şəmsi Əsədullanın qızıdır. 1920-ci ildə Qızıl ordunun Azərbaycana hücumundan sonra Xələf Meylamov bolşeviklər tərəfindən həbs edilir. Xanımı Ağabacı Əsədullayeva və uşaqları Türkiyəyə qaçmağı bacarırlar. Züleyxa Əsədullayeva bir amerikalı ilə evlənərək Amerikaya köçür. Anası Ağabacı Əsədullayeva az sonra Türkiyədə vəfat edir. Oğulları Əsəd, Hidayət və Səməd isə Türkiyədə yaşayırlar. Bu ailəni araşdırmağımın səbəbi Züleyxa Əsədullayevanın qardaşı Əsəd Meylamovdur. Banin “Qafqaz günləri” əsərində tez-tez Əli və Əsəd Meylamovlardan danışır. Digər tərəfdən, Züleyxa Əsədullayeva da müsahibəsində Əsəd Bəylə (Qurban Səid) qardaşı Əsədin çox yaxın dost olduqlarını deyir.”

Züleyxa xanım 1999-cu ildə Bakıya səfərində “Azerbaijan International” jurnalına çox maraqlı müsahibə vermişdir. Sözügedən müsahibəni oxuculara olduğu kimi təqdim edirik:

Züleyxa Əsədullayeva uşaq vaxtı Bakıda çox dəbdəbəli həyat tərzi keçirmişdi. Atası və babası regionda neft sahibləri olduqları üçün varlı olmuşlar. Züleyxanın həyatı Qızıl Ordu şəhəri ələ keçirən zaman bir gecədə dəyişdi (mart 1920). Digər varlılar kimi Züleyxanın ailəsi də evini elə həmin gün tərk etmişdi.

Sovet dövründə onların malikanəsi general, professor və hakimlərin məskunlaşması üçün çoxlu sayda mənzillərə bölünmüşdü. Bu ev hələ də durur və orada bir neçə ailə yaşayır. Vaşinqton şəhərində yaşayan Züleyxa xanım burada bizə 79 il sonra Bakıya qayıdaraq böyüdüyü evin otaqlarını gəzərkən keçirdiyi hisslərdən danışır.

Müsahibə 1999-cu ilin iyununda “Azerbaijan İnternational” jurnalının redaktoru Betti Bleyer və Züleyxa xanım arasında vaxtilə Züleyxa xanımın ailəsinin yaşadığı malikanənin üçüncü mərtəbəsində, indi isə İraq səfirinin yaşadiğı evin qonaq otağında aparılmışdır. Səfirin həyat yoldaşı böyük iltifatla Züleyxanı içəri dəvət etdi və Bakıda təzə olduğundan binanın tarixi ilə maraqlanmağa başladı. Təəssüflər olsun ki, digər mənzillərdə yaşayan azərbaycanlılar onu evlərinə dəvət etmədilər.

“Neçə illər bundan əvvəl böyüdüyüm evi təzədən görəndə çox qəribə hisslər keçirirəm. Ailəmlə birgə ömrümün ən əziz, ən qayğısız və gözəl anları bu evlə bağlıdır. Ona görə bu gün mən burdayam. Heç bilmirəm sevinim ya kədərlənim. Bir həqiqəti bilirəm ki, bura baxdıqca Sovet İttifaqına daha çox nifrət edirəm. Onlar ailəmizdən hər şeyi aldılar, iki şeydən başqa – ana dili və mədəniyyətimiz.

Bu cür qəriblikdə yaşamağıma baxmayaraq, inanırdım ki, gün gələcək, mən geri dönüb buranı təzədən görəcəyəm. Etiraf etməliyəm ki, böyüyüb-başa çatdığım binanın o biri otaqlarını görməyə icazə verilməməsi məni ağırdır.

Ev tamamilə dəyişib: iri bir malikanənin yerində indi ayrı-ayrı mənzillər var. Deyəsən indi bu üç mərtəbəli binanın hər mərtəbəsində müxtəlif ailə yaşayır. Buranın pilləkənləri ağ, divarlar isə qara mərmərdən idi. Pilləkənlərdə dekorativ ulduzlar var idi—indi çoxdan sökülüb. İndi həmin gözqamaşdırıcı mərmər də yoxdur, vaxtilə gözoxşayan freskaları olan divar isə başdan-başa bir rənglə-çəhrayı rənglə rənglənib. Əsas dəhliz hədsiz dərəcədə çirkli və səliqəsiz görünür. Biz yaşayanda bura belə deyildi.

İlkin xatirələr…

Babam Şəmsi Əsədullayev varlı neft maqnatı olub. Kasıb ailədə doğulduğundan neft biznesində öz yerini tapmaq üçün inanılmaz dərəcədə gərgin işləmişdi. Qızı Ağabacı Əsədullayeva (anam) ərə gedəndə Rokoko tipli bu malikanəni cehizin bir hissəsi kimi ona bəxş etmişdi. Babam bu evi xalamın atası Musa Nağıyevdən 1904-cü ildə almış və onun üzərində işləmək üçün Fransadan memar gətirtmişdi. Növbəti il ailəmiz ora köçür və böyük bacım Məryəm Səmədova (həyat yoldaşının familiyası) dünyaya gəlir. Bundan başqa valıdeynlərimin daha dörd övladı bu evdə böyüyüb boya-başa çatmışlar: Əsəd, Hidayət, digəri Səməd və nəhayət mən. Ailəm məni Zuliya deyə çağırırdı.

Ən qəşəng mərtəbə birinci mərtəbə idi. Atamin iş otağı orada idi. Axşamlar o, qardaşlarımı başına yığar və müzakirəyə başlayardı; atam onların dərslərini sual-cavab etməyi xoşlayardı. İkinci mərtəbə bütövlükdə anama məxsus idi, uşaqların otaqları isə üçüncü mərtəbədə yerləşirdi. Hərəmizin öz otağı var idi və bütün otaqlarda soba var idi.

Atam Xələf Meylamov çox sərt adam idi. Bizim nadinclik etməyi xoşladığımıza baxmayaraq bizdən nizam-intizamlı olmağı tələb edirdi. Hətta bir dəfə mürəkkəbi balkondan üzüaşağı tökmüşdük! Cəza olaraq dərs olsun deyə bizi küncə qoydular. Yaxud da özümüzü pis aparanda şirniyyatdan məhrum olurduq.

Axşamlar valideynlərimiz üçün musiqi çalardıq. Bacım və mən piano, böyük qardaşım skripka, o biri qardaşım isə violonçel çalırdı. Musiqi müəlliməmiz yaxınlığımızda yaşayan bir yəhudi qadın idi.

Biz təhsili rus dilində almışıq. Kitabların heç biri azərbaycan dilində deyildi. Müxtəlif mürəbiyyələrlə rus, ingilis, fransız və alman dillərini öyrənirdik. Onlar bizimlə yaşayırdı. Sözün düzü, alman dili müəlliməmizi heç xoşlamırdım; çox sərt qadın idi. Bundan başqa Mirzə Axund adlı din müəllimimiz bizə İslamdan dərs keçirdi. O dərin biliyə malik bir insan idi.

Anamın 18 qulluqçusu və bir ləzgi aşpazı var idi. Bütün bunlara baxmayaraq, anam heç vaxt bizə icazə verməzdi ki, qulluqçulara əmr edək. Bizə öyrətmişdir ki, həmişə nəzakətli olaq və bütün xahişlərimizi “zəhmət olmasa” ifadəsi ilə başlayaq. Xatirimdədir, Milad bayramı vaxtı biz bayram ağacının ətrafında oynayar, alman dilində “O Tanenbaum” kimi mahnılar oxuyardıq.

Təxminən hər üç aydan bir ya Avropaya ya da əmilərimin hər axşam bir stəkan çay içmək üçün toplaşdıqları Mərdəkandakı evimizə gedərdik.

Anam Ağabacı Əsədullayeva həqiqətən çox yaxşı insan idi. Ailəsində ən sonuncu ailə quran о idi. Atası Şəmsi Əsədullayev çox müasir, Avropasayaq bir adam idi.

Qəbirstanlıqdan başqa о heç yerə qızlarını çadra geyməyə qoymazdı. Əslində həmin vaxt Bakının mərkəzində çadra geyinməyən qadın çox idi. İçəri şəhərdə isə əksəriyyəti geyinirdi. Əksinə, babam qızları üçün Parisdən qəşəng şlyapalar gətirərmiş. О vaxt Bakının dini rəhbəri Şeyx İslami babama deyirdi ki, qızları pərt etmək üçün başlarından şlyapaları qapıb qaçarlar. Babam cavab verərmiş, “Hünərin görüm kimsə mənim qızlarımın şlaypasına dəysin.”

İnqilab…

Həyatımız çox xoşbəxt və başqalarından üstün idi. Lakin faciə hər şeyi alt-üst etdi. 1918-ci ildə Şaumyan və Mikoyanın başçılığı ilə Erməni Daşnakların bar-barcasına yürüşü oldu. Onlar şəhəri soyaraq 13 günün içində minlərlə Azərbaycanlını qətlə yetirdilər. Onda biz Türkmənistana, atamın pambıq plantasiyaları və iri fabriki olan Kızıl Arvata getdik. Daha sonra Osmanlı (türk) qoşunu Bakını ələ keçirdi və biz geri qayıtdıq. Həyat öz axarı ilə xoşbəxtcəsinə davam edirdi.

Qızıl Ordu Bakıya daxil olanda mənim altı yaşım var idi. Elə bil hər şey dünən olub. Əslində çox az adam bilirdi ki, Qızıl Ordu gəlir; hamı fikirləşirdi ki, gələn Türk ordusudur. Hökumət bu xəbəri yaymışdı. İndi fikirləşəndə başa düşürəm ki, Məmməd Əmin Rəsulzadə və başqaları əhalidə çaşqınlıq yaratmaq istəmirmiş. Sovetə təslim olmaq lazımdır yoxsa yox sualı ətrafında üç gün parlamentdə müzakirələr getdi. Nəhayət, bolşeviklər əhalini incitməməyə, mülkləri dağıtmamağa söz verdikdən sonra təslim oldular. Onlara inanmaqda necə də əssasız bir mühakimə yürütmüşlər.

23 aprel, 1920-ci il-Bakının küçələrindəki səhnə heç vaxt yadımdan çıxmaz. Atam və anam yemək otağında durub pəncərədən baş verən hadisələrə tamaşa edirdilər. Küçə Qızıl Ordunun yöndəmsiz, çirkli əsgərləri ilə dolu idi. Atam qəmli halda anama tərəf dönüb, “Bizimki bura qədər idi,” dedi. Bundan düzgün deyilmiş ifadə mən həyatım boyu eşitmədim.

Elə həmin dəqiqə köçmək üçün hazırlaşmağa başladıq. Saat altıya qədər evimizin yanına iki fayton gəldi və tezliklə bizi ailə dostumuzun evinə, indi ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yerləşən binaya apardı. Orada bir həftə qaldıqdan sonra bağ evimizə yola düşdük. Sonralar Sovet İttifaqı Mərdəkanda dəniz sahilində yerləşən bu evimizi müsadirə edərək kurort yerinə çevirəcəkdi. Heç olmasa həyət qapısı evin əsl sahibinin kim olduğunu xəbər verən şahidə öz sinəsində yer verib. Löhvədə yazılıb: “Əsədullayevlərin bağ evi”.

Tezliklə ailəmiz parçalandı. Valideynlərimin ikisi də həbs olundu. Son nəhayətdə anam azadlığa buraxıldı, atam isə Fövqəladə İşlər Üzrə Komitənin əmri ilə bir ilə qədər həbsdə qaldı. Hər gün 50 adam edam edilirmiş. Heç özüm də bilmirəm necə olub ki, o sağ qala bilib. Mənə elə gəlir anam vacib şəxslərə öz daş-qaşlarından rüşvət vermişdi ki, onu buraxsınlar. Lakin buna baxmayaraq o yenidən həbs edildi. Yəqin ki, sonda o da öldürülmüşdü. Ona nə baş verdiyindən xəbərimiz yoxdur. Onun Azərbaycanı öz ailəsi ilə birlikdə tərk etmək imkanı olmadı.

Türkiyəyə pənah…

Nəhayət Moskvadakı Türk səfirinin yardımı ilə Türkiyəyə getmək üçün hazırlıq tədbirləri görüldü. İndi “26 komissarlar” kimi tanınan o vaxtkı rəhbərlər, bizi tərk etməyə təhrik etdilər. İndi fikirləşəndə, bizə elə gəlir ki, bunun səbəbi o idi ki, onlar bilirdilər ki, anam özü ilə zinyət əşyalarını götürəcək. Beləliklə 1922-ci ildə qatarla Bakıdan Batuma (Gürcüstan) yola düşən zaman onlar anamı bizdən ayırdılar və qorxutmağa başladılar ki, əgər daş-qaşlarının hamısını verməsə, uşaqlarını öldürəcəklər. Beləliklə anam 20 mücrü gümüş zinyət əşyalarını və 120 karatlıq briliyantını verməli oldu.

Əlbəttə, bu soyğunçular öz cinayətlərinə onunla haqq qazandırdılar ki, bütün bu daş-qaşlar zəhmətkeşlərin qanı bahasına alınıb. Lakin onlar qəbul etmək istəmirdilər ki, mənim atamla babam da fəhlə olmuşlar. Onlar zəhmət çəkərək varlanmışlar. Babamın hər tezdən saat səkkizdə Suraxanı və Balaxanıdakı neft mədənlərinə işə getdiyi hələ də yadımdadır. O xam nefti əl arabasında saflaşdırma zavoduna daşımaqla başlamışdı. Şəxsi biznesini 18 yaşı olanda başlamışdı və nəhayət bütövlükdə ildə 6 milyon bareldən çox neft verən 40 buruğa sahib olmuşdur. Onun həm də bir neçə neft tankerləri, boruları və bir neft saflaşdırma zavodu var idi. Onun var-dövləti və ad-sanı İrandan tutmuş Rusiyaya, Volqa boyunca Lodza, Polşaya gedib çatmışdı.

Beləliklə, 1922-ci ildə İstanbula getdik. Orada türkiyə xalqının lütfakarlığı sayəsində yaşadıq – Atatürk özü qardaşlarım gəlib çatana qədər bizi lazım olan hər bir şey ilə təchiz etdi. Xoşbəxtlikdən Standard Oil Company ilə olan iş əlaqələrinə görə ailəmin hələ bir qədər pulu var idi. Anam ərsiz qaldı demək onun vəziyyətini təsvir etmək üçün çox azdır. Çox əziyyət çəkmişdir – bütün bu problemlər, üç uşaq, mənəvi əzab. Onun həyatı heç də asan olmayıb. Çox yaxşı qadın idi. Hədsiz dərəcədə səbirli idi və heç vaxt Azərbaycan haqqında nalayiq söz danışmazdı. O 46 altı yaşında bağırsaq problemi üzündən Türkiyədə vəfat etdi.

Bacım Məryəm Azərbaycanda qaldı. O, həmin vaxt artıq ərdə idi deyə həyat yoldaşını və onun ailəsini tərk edə bilmədi. Onun əzabları çox olmuşdur. Onu məcbur etmişdilər ki, kiçik daxmada yaşasın. Sonralar mənə danışırdı ki, adamlar onun üzünə tüpürürmüş. Uzun müddət işsiz qalıb—heç kim onu işə götürmək istəmirmiş. Nəhayət o, Moskvaya gedib Baş Katib Kalininə şikayət etmək qərarına gəlir. O baş katibə bildirir ki, Şəmsi Əsədullayevin nəvəsi olması onun günahı deyil. “Mən işləmirəm”—ona deyir. “Acam. Ona görə ya mənə imkan ver Türkiyəyə gedim ya da iş ver.” Onda katib onu işlə təmin edir, o Bakıda müəlliməlik etməyə başlayır.

Sonralar o, Türkiyədə olan ailəsinə baş çəkmək üçün viza almaq istəsə də rəsmi orqanlar ona ölkədən çıxmağa imkan verməmişdi. Mən onu 70 il, 1991-ci ilə qədər görmədim. O məni görəndə çox ağladı amma, sözün düzü, mən görüşdən o qədər də təsirlənmədim. Bacım olmasına baxmayaraq, o mənə yad kimi gəlirdi. Həmin il az sonra vəfat etdi.

Mən Türkiyədə böyüyüb orada universitetdə təhsil aldım və daha sonra orada hidravlik zavod inşaat edən amerikan Qordon Beykerlə evləndim. ABŞ-a getdik və mən orada tarix və coğrafiya üzrə orta məktəb müəllimi kimi işləməyə başladım. Orada özümü yaxşı hiss edirdim, çünki xoş münasibət görürdüm. Təəssüflər olsun ki, evlənəndən yeddi il sonra həyat yoldaşım vəfat etdi. Sonra mən Braziliyada yaşayan qardaşımla görüşdüm və dörd il orada işlədim. İndi təqaüdə çıxmışam.

İndi soruşursunuz yenidən Bakıda özümü necə hiss edirəm? Azərbaycan müstəqililk əldə edəndən bura altıncı səfərimdir. Doğma Vətənimi tərk etməli olduğuma görə təəssüf etmirəm. Türkiyədə çox yaxşı münasibət gördüm, yaxşı təhsil aldım. Həyatım yaxşı keçdi, ən əsası müstəqil idim. Azərbaycana gəldikdə isə bu ölkəyə və prezidentinə çox hörmət edirəm. Mənə elə gəlir ki, Heydər Əliyevin adı 20-ci əsrin ən güclü dövlət xadimlərindən biri kimi tarixə yazılacaq.

Ailəmin var-dövlətinə gəldikdə isə artıq dağılıb, yoxdur. Sözün düzü buna təəssüflənmirəm. Narahat olmağa dəyməz. Xoşbəxtlik pulda deyil, xoşbəxtliyi mən insanlar arasında münasibətdə görürəm. Bunu da biz hamıya edə bilərik, xüsusilə ehtiyacı olanlara…”

Hazırladı: Zülfiyyə Orucəliyeva

Share: