Analar dini lənətlədi, Dili lənətlədi, İrqi, milliyyəti lənətlədi Balam! Balam! Balam, dedi!

İradə AYTEL

BUDUR HƏQİQƏT!

Xocalıda yüzlərlə körpə süngüyə keçirildi,
Yüzlərlə ananın sinəsi dağlandı!
Suriyada minlərlə uşaq qətlə yetirildi,
Minlərlə ananın fəryadı ərşə çatdı!
Sonamidə yüzlərlə cocuq acından öldü,
Yüzlərlə ananın çörəyi boğazında qaldı.
İraqda,
Fələstində,
Qəzzada…
Saysız-hesabsız azyaşlı oda atıldı,
Saysız-hesabsız ananın sinəsi odlandı!
Yüzlərlə əsgər qatil oldu,
Yüzlərlə ana “qatil” oldu!
Minlərlə hərbiçi şəhid oldu,
Minlərlə ana “şəhid” oldu.
Saysız-hesabsız başlar kəsildi,
Saysız-hesabsız ananın nəfəsi kəsildi!
Minlərlə azyaşlı evsiz-eşiksiz qaldı,
Minlərlə ananı evi-eşiyi üşütdü.
Saysız-hesabsız uşaq xəstəlikdən öldü
Saysız-hesabsız ana sağalmaz xəstəliyə tutuldu.
Minlərlə kişi qol çəkdi müharibəyə,
Davaya,
Döyüşə.
Minlərlə ananın içində müharibə başladı,
Dava başladı,
Döyüş başladı.
Minlərlə kişi adamnan adamı qorumağa,
Vətənnən Vətəni qorumağa,
Oğul gəzdi,
Əsgər gəzdi,
Şəhid gəzdi,
Minlərlə ananın arzuları oğul oldu,
Əsgər oldu,
Şəhid oldu.
Minlərlə güllə tuşlandı
Minlərlə oğula,
Əsgərə,
Şəhidə.
Minlərlə güllə dəydi
Minlərlə anaya!
Anaya!
Anaya!
– Allah, özün saxla!
Deyən, anaların sinəsində
Allah elə güllələndi ki,
O analar dini unutdu,
Dili unutdu,
Irqi, milliyyəti unutdu,
O analar dini lənətlədi,
Dili lənətlədi,
İrqi, milliyyəti lənətlədi
Balam!
Balam!
Balam, dedi!

Share: