“Avqustun 26-da Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycanın nəzarəti altına keçib. Həmin gündən etibarən Müdafiə Nazirliyi ilə birgə həmin ərazilərdə mina axtarışına başlanılıb”.
“Report”un xəbərinə görə, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
Qurum rəhbəri xatırladıb ki, bu yaxınlarda Müdafiə Nazirliyi ilə birgə Laçında aparılan minatəmizləmə işləri ilə bağlı məlumat yayıblar:
“Həmin məlumatlarda yeni mina sahələrinin aşkarlanması öz əksini tapmışdı. Aşkar olunan minalar məlum olub ki, Ermənistan tərəfindən müharibədən sonra istehsal olunub. Bu da qarşı tərəfin məkrli siyasətini əks etdirir”.
V.Süleymanov bildirib ki, hazırda Laçında minatəmizləmə işləri davam etdirilir:
“Müdafiə Nazirliyinin və ANAMA-nın əməkdaşları oradadırlar. Əhalinin ora tez bir zamanda qayıtması üçün minatəmizləmə işləri ilə məşğul olurlar”.