Rövşən Əsədov yazır…
2020-ci ilin 12 iyulunda düşmən Tovuz istiqamətində növbəti təxribatını törətdi. Mövqelərimiz, eyni zamanda yaşayış məntəqələrimiz ağır artilleriyadan intensiv atəşə tutuldu. Tarixə Tovuz döyüşləri kimi düşən bu savaşda düşmənə layiqli cavab verilsə də, şəhidlərimiz də oldu. Bu döyüşlərdə Azərbaycan Ordusunun general-mayorunu, Həşimov Polad İsrayıl oğlunu itirdik. İyul savaşından sonra bir daha məlum oldu ki, bu məsələni və bu münaqişəni beynəlxalq təşkilatların ümidinə buraxmaq sadəcə olaraq vaxt itkisidir.
Yeni hərbi əməliyyatların olacağı isə üfüqdə sezilirdi. Düşmənin növbəti təxribatı onun məhv edilməsi ilə nəticələnəcəkdi. Bu, situasiyadan da aydın görünürdü.
Sentyabr ayının 26-sı. Ailəm Ağdamda – keçmiş cəbhə xəttinə yaxın ərazidə olduğu üçün atəş səslərini çox aydın eşidirdi. Əlaqə saxladım, dedilər ki, atəş səsləri intensivləşib. Artıq əks-hücum əməliyyatlarının qapımızı döydüyünü hiss edirdik. Hər ehtimala qarşı onlardan təhlükəsizlik üçün Bakıya gəlmələrini xahiş etdim. Amma heç bir faydası olmadı. Atam dedi ki, mən ölsəm də, burada, ata evimdə öləcəyəm. Bir addım da geriyə çəkilmədi. Birinci Qarabağ müharibəsi veteranı olduğu üçün köhnədən qalma hərbi formasını geyinib oturdu. Axşam isə avtomat səslərini artilleriyanın qulaqbatıran gurultusu əvəzlədi. Çox həyəcanlı idim… Bilirdim ki, ermənilərin kişiliyi yoxdur, sıxışan kimi topların istiqamətini yaşayış massivinə çevirəcəklər. Çünki əvvəl də bir neçə dəfə belə ediblər. Necə deyərlər, təcrübəmiz vardı.
Telefonla danışarkən top atışlarının gurultulu səsini eşidirdim. Səhəri həyəcanla açdıq. Sosial şəbəkələrdən, KİV-dən də prosesləri izləyirdim. Məlumat gəldi ki, Müdafiə Nazirliyinin brifinqi olacaq. Mənimlə bərabər, demək olar, bütün ölkənin gözü o brifinqdə idi. Nəhayət Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov əks-hücum əməliyyatlarının başladığını elan etdi, ardından isə işğaldan azad edilən kəndlərin və yüksəkliyin adlarını açıqladı.
O qədər sevincli idim ki, bayıra qaçdım, dedim, bəlkə, bunu eşitməyən olar küçədə, müjdələyim ki, xəbəriniz var, bir neçə kəndi işğaldan azad etmişik?!. Tez evə zəng etdim, anamın kövrək səsi hələ də qulağımdadır:
“Şükürlər olsun ki, bu günü görmək bizə nəsib oldu. Allah Ordumuzu qorusun!”
Ermənilər 30 il ərzində torpaqlarımızı işğalda saxlamaqla yanaşı, orada güclü müdafiə sistemi, səngərlər, istehkamlar da qurmuşdular. Onların illərlə qurduğu mifi, keçilməz səddi ordumuz bir neçə saata darmadağın etdi. Bu səddin keçilməsi mənim üçün çox qürurlu bir hadisə idi. Müzəffər Ali Baş Komandanın 27 sentyabrdakı çıxışı ürəyimə inam toxumları səpmişdi. Çox gərgin görünürdü, onu mülki əhali arasında, eyni zamanda hərbçilərimiz arasındakı itkilər çox üzmüşdü. Bununla yanaşı, ermənilərin budəfəki təxribatına qarşı qisasın daha ağır olacağını, 30 illik münaqişənin artıq həllinin vaxtının yetişdiyini ölkə başçısının gözlərindən oxumaq olurdu.
Elə də oldu, 44 gün ərzində düşmənə layiqli dərs verildi və illərlə tapdaq altında qalan torpaqlarımız öz azadlığına qovuşdu. Bu qələbəni, bu qüruru, bu şərəfi bizə şəhidlərimiz, qazilərimiz, hazırda da xidmətdə olan hərbçilərimiz və ən əsası müzəffər Ali Baş Komandanımız yaşatdılar.
Şəhidlərimizi ehtiramla anır, onların uca ruhlarını yad edir, qazilərimizə isə Allahdan şəfa diləyirik! Allah birliyimizi və ölkəmizi qorusun!