Yağış damcılarının soyuq pəncərə şüşəsinə dəyib göz yaşı kimi axaraq pəncərənin bağrından süzülməyi nəyisə xatırladır mənə. Fəqət yadıma sala bilmirəm. Uzun müddət bu barədə düşünsəm də ağlıma nəsə gəlmir. Sonra haradan yadıma düşürsə, yoxluqdan içimə daman səs köhnə şəkillərin olduğu qutunu açıb oraya baxmalı olduğumu pıçıldayır.
Doğrusu, keçmişi xatırlamağı əksər hallarda sevmirəm. Yaxşı ya da pis olmasından asılı olmayaraq hansısa ilə, günə dönmək istədiyimi də xatırlamıram, nə də arzulamıram. Ancaq mən hələ də uşaqkən yaşadığım evə gedəndə anamın xəyalı həmişə olduğu yerdə dayanıb gülən gözləri ilə mənim gəlişimdən sevinir. Bəlkə də, xəyalı da deyil, elə özüdür.
Bu yaxınlarda çox maraqlı film izlədim. Riçard Mathesonun romanı əsasında çəkilmişdi. Oradan bir epizodda baş qəhrəmana belə bir sual verilir: “Sən nədən ibarətsən? Əlin, ayağın, ya da bədəninin hansısa hissəsi? Heç beynin də sən deyilsən axı. Çünki o da bədəninin digər hissələri kimi bir gün çürüyəcək və yox olacaq. Sən düşüncələrdən ibarətsən. Çünki yalnız düşüncələr yaşayacaq. Fiziki olanlar illuziyadır, düşüncələrimiz gerçək. Beləliklə, sən yoxa çıxmayacaqsan. Sadəcə öləcəksən. Düşüncələrindən özünə yeni dünya quracaqsan.”
Şəkillərin arasından çox köhnə bir kağız tapıram. 2006-cı ildə anamın mənə yazdığı məktubudur. Bükülmüş yerləri bir qədər sürtülüb cırılmaq üçün bəhanə axtarır. Anamın yazdıqları artıq kədərlidir. Cümlələr boynubükük baxır mənə. Oxunmağa həvəs qalmayıbmış kimi tənbəlcə uzanıblar köhnəlib saralmış kağızın yox olmuş sətirlərinə. Məktubun aşağısına çəkdiyi gül rəsmi solub, rənglər insafsızca bir-birinə qarışıb. Həmin il universitetə qəbul olmuşdum və ilk il idi ki, anamdan ayrı qalırdım. Əslində, ara-sıra telefonla da danışa bilirdik, ancaq anam məktub yazmağa üstünlük vermişdi. Çünki o, sevgisini ifadə etməyi bacarmırdı. Mənə xoş sözlər dediyini də xatırlamıram. Beynimin ən dərin qatlarında belə tamam qeyb olublar. Təkcə həmin məktuba yaza bilmişdi. Məndən ayrı qaldığı üçün nə qədər darıxdığını və bir də… İlk dəfə idi ki, onun belə duyğusal danışdığını görürdüm, daha doğrusu, görmürdüm, oxuyurdum.
Mən onun könlü xoş olsun deyə hər şeyi etməyə çalışmışdım. Ancaq indi bu məktubu oxuyanda bəzi xatirələr gözümdə yenidən canlanır. Məsələn, toylara getməyi sevmirəm deyə bütün klassik analar kimi küsürdü məndən. Bu xatirə məni ruh halımdan asılı olmayaraq həmişə gülümsədir. Kaş ki, indi də istəsəydi getməyimi, hətta bir az da irəli gedib tələb etsəydi.
Əgər həmin filmdəki kimi insanlar düşüncələrdən ibarətdirsə, mən indi onun dünyasındayam, yəqin ki. Görəsən, yenə də toylara getməyi sevmirəm, yoxsa anam öz dünyasında məni istədiyi kimi proqramlamağa nail olub?
İnsan doğulur, yaşayır və ölür. Bəlkə də, sırası bu deyil. Əslində isə: insan doğulur, ölür və yaşayır… Ya da nə bilim… Heç özüm də dəqiq bilmirəm. Yaşam üzməyi bilmədən bizi atdıqları dənizdən başqa nədir ki?
Cənnətdən qovularkən Tanrı bizə çox xiffət eləməyək deyə üç şeyi bu dünyaya gətirməyə izin verdi, deyəsən: sevinmək, həyatdan zövq almaq, gülmək. Ayrılığı, kədəri, acını, xəstəliyi, can sıxıntısını və bir-birindən boş ümidlərin hamısını biz özümüz bu dünyada tapdıq.
Heç düşünmədən yaşamaq nə asandır, heç yaşamadan düşünmək də. Həm yaşamaq, həm də düşünmək?!
Həyatın yalın doğruları ədəbsiz olduğu üçün əyninə paltar geyindirib sonra adam arasına çıxarırıq. –deyərək cumub gəldi Şeytan yenə ağlıma. Yavaşca diz çökdü qarşımda və əlinin tərsi ilə üzümə sığal çəkərək astadan dedi:
-Nə baş verdiyini anlamadan xaosun içində taparsan özünü. Silahsız, müdafiəsiz, ayaqların yalın. Bir qılınc parlayar başının üstündə, tək zərbəylə alar canını. Elə-belə qeyri-müəyyən formada bir at başı gözünə dəyər. Boynu qan-tər içində, ağzı köpük, zorla nəfəs alır.
Süvarisi kim idi? Niyə indi? Və niyə mən? –deyə düşünməyə belə macal tapmadan başqalarının dünyasının gerçəyi, öz dünyanınsa yalanına çevrilərsən…