Bu gün dahi rəssam Salvador Dalinin vəfat günüdür…
Kulis.Az məşhur ispan rejissoru Luis Bunuelin “Mənim son nəfəsim” avtobioqrafik kitabından bir fraqmenti təqdim edir.
Kataloniyanın Fiqeras şəhərindən olan, notarius müdirinin oğlu Salvador Dali tələbə iqamətgahına məndən üç il sonra gəldi. O, özünü incəsənətə həsr eləmək istəyirdi və heç özümüz də bilmirdik ki, onu niyə “çexoslovakiyalı rəssam” adlandırırdıq.
Bir dəfə səhər dəhlizdə gedərkən, onun qapısının açıq olduğunu gördüm. Böyük bir portreti bitirirdi. Portret çox xoşuma gəldi. Mən dərhal bu haqda Lorkaya və başqa tələbələrə danışdım: “Çexoslovakiyalı rəssam” əla portret işləyir”.
Hamı onun otağına getdi və portretdən heyrətə gəldilər. Dali bizim qrupa daxil edildi. O, Lorka ilə birlikdə mənim ən yaxın dostum oldu. Biz üçümüz heç vaxt ayrılmırdıq. Xüsusən, Federiko ona heyranlıq duyurdu, amma Dali onun heyranlığına laqeyd idi.
Dali uzunboylu, zəif səsli, utancaq adam idi. Uzun saçları ona mane olduğu üçün onu kəsmişdi. O, çox ekstravaqant geyinirdi: geniş şlyapa, böyük bant, sürtuk və qetro. Onun görkəminə baxanda düşünmək olardı ki, öz geyimi ilə ətrafı heyrətləndirmək istəyir. Əslində isə ona belə geyinmək xoş gəlirdi, hətta baxmayaraq ki, küçədə insanlardan təhqirlər eşidirdi.
Dali də şeir yazırdı və yazdığı şeirlər çap olunurdu. Hələ çox gənc olanda Dalinin Madrid sərgisində Peynado və Vinyeslə birgə əsərləri nümayiş olunmuşdu.
İncəsənət məktəbində imtahan verəndə o, gözlənilmədən müəllimə qəzəblənir: “Burda heç kimin məni mühakimə etməyə haqqı yoxdur, mən gedirəm”.
Və doğrudan da gedib. Atası Madridə gəlib münaqişəni yoluna qoymaq istədi. Amma əbəs. Dali qovuldu.
***
Gizlətmək istəmirəm ki, Qaladan həmişə qaçırdım. Onunla birinci dəfə 1929-cu ildə Kadakesdə Barselona Beynəlxalq Sərgisində qarşılaşdıq. O, ərdə olduğu Pol Elüar və qızı Sesillə gəlmişdi. Margitt, arvadı və Belçika Qoemans qalereyasının sahibi də onlarla idi. Hər şey mənim səhvimdən başladı. Mən Kadakesdən bir neçə kilometr aralı yaşayan Daligildə qalırdım. Dali mənə həyəcanla “ilahi bir qadın gəlib” dedi. Mən ona dedim ki, Qalanın çox iri ombaları məndə ikrah hissi oyadır. Səhəri gün biz çimməyə gedəndə Qalanın ombalarının məhz elə olduğunu gördüm.
Həmin gündən Dalini tanımaq mümkün deyildi. Biz daha bir-birimizi başa düşmürdük. Mən hətta onunla “Qızıl əsr” filminin ssenarisini işləməkdən imtina elədim. O, yalnız Qaladan danışırdı.
Elüar və belçikalılar bir neçə gün sonra getdi. Qala və qızı isə qaldı. Bir dəfə biz balıqçı arvadı Lidiya ilə qayalığa “piknik”ə getdik. Daliyə mənzərəni göstərərək dedim ki, bu, mənə valensiyalı, kifayət qədər ortabab rəssam Sorolinin tablolarını xatırladır. Əsəbiləşən Dali qışqırdı: “Sən bu qədər gözəl qayalar arasında necə sayıqlaya bilərsən”.
Qala onu müdafiə elədi.
“Piknik”in sonunda biz xeyli içmişdik, xatırlamadığım hansısa səbəbə görə Qala məni yenidən özümdən çıxardı. Mən qəfildən sıçradım, onu yerə yıxdım və boğmağa başladım.
Qorxmuş Sesil balıqçı arvadı ilə birlikdə qayalıqda gizləndi. Dali qarşımda diz çökərək onu bağışlamağım üçün yalvarırdı. Çox əsəbiləşdiyimə baxmayaraq, özümə nəzarəti itirməmişdim. Bilirdim ki, onu öldürməyəcəyəm. Mən yalnız onun dişləri arasında sıxılmış dilinin ucunu görmək istəyirdim. Nəhayət, onu buraxdım. Və iki gün sonra o, getdi.
Sonradan mənə danışdılar ki, Parisdə – bizim müəyyən vaxt Monmart məzarlığından bir az aralıda qaldığımız oteldə Elüar küçəyə tapançasız çıxmırdı, çünki Qala mənim onu öldürmək istədiyimi demişdi.
***
“Əndəlus köpəyi” filmi iki yuxunun “görüşməsi” nəticəsinə meydana çıxmışdı. Bir neçə günlük Fiqerasa – Daliyə qonaq getmişdim. Ona yaxında gördüyüm yuxunu danışdım: buludlar ayı yarıya bölüb, ülgüc gözü kəsir. Dali isə yuxuda qarışqa ilə örtülmüş əl gördüyünü dedi: “Bəlkə film çəkək”.
Əvvəlcə onun təklifi məni çox cəlb eləmədi. Amma tezliklə biz Fiqerasda işə başladıq. Ssenari bir həftədən az müddətdə yazıldı. Qarşılıqlı razılaşmaya əsasən, biz sadə qaydaya əməl etdik: sırf rasional, psixoloji və mədəni izah tələb edən şeylərin üzərində dayanmayacağıq. İrrasionallığa yol açmaq. Biz yazlnız, mənasından asılı olmayaraq heyrətləndiyimiz şeyləri qəbul edirdik.
Bizim bir dəfə də olsun mübahisəmiz düşmədi. Qarşılıqlı qüsursuz anlaşma həftəsi… Ssenarini bitirəndə anladım ki, bu, tamamilə qeyri-adi, heyrətamiz film olacaq. Bir kompaniya belə bunun maliyyələşməsinə razı olmazdı. O zaman borc üçün anama müraciət elədim ki, prodüser özüm olum. Tanış notarius anamı zəruri məbləği mənə vermək üçün inandırdı. Mən Parisə qayıtdım.
Film iki həftə ərzində “Biyankur” studiyasında çəkildi. Çəkiliş meydanında 5-6 adam var idi. Aktyorlar mənim göstərişlərimi anlamırdı.
Dali filmin bitməsinə 3-4 gün qalmış gəldi.
Studiyada o, eşşək müqəvvasının gözlərini qətranla doldururdu. Səhnələrdən birində mən ona rahib obrazını verdim. Amma kadr filmə daxil olmadı. Özüm də bilmirəm niyə. O, filmin sonunda çimərlikdəki adamı oynayırdı.
***
Mən tez-tez sürrealistlərə Dalidən danışırdım. Onun rəsmlərinin fotolarını göstərirdim, amma onlar Daliyə ehtiyatla yanaşırdılar. Sürrealistlər özləri onun İspaniyadan gətirdiyi tabloları görəndə münasibəti dəyişdilər. Onu dərhal qrupa daxil etdilər və o, sürrealistlərin toplantılarında iştirak edirdi. Əvvəldə Dalinin Bretonla münasibəti yaxşı idi. Amma Qalanın təsiri altında Dali dəyişdi, xəsisləşdi və hərəkatdan qovuldu. Bu, dörd-beş il sonra baş verdi.
***
Bir dəfə Parisdən Fiqerasa gəldim. Dalinin evinə yaxınlaşanda mübahisə səsləri eşitdim. Dalinin atasının notarius idarəsi evlərinin birinci mərtəbəsində yerləşirdi. Bütün ailə (ata, bibi və bacı Anna Mariya) ikinci mərtəbədə yaşayırdı. Qapını kobud açan ata qəzəblə Dalini itəliyərək onu “Yaramaz” adlandırdı. Dali özünə haqq qazandırmağa çalışırdı. Mən yaxınlaşıram və ata oğluna işarə edərək, bu donuzu bir də evində görmək istəmədiyini dedi. Onun atasının qəzəbinə səbəb olan fakt Barselondadkı sərgidə Dalinin tablosunun küncündə yazdığı cümlə olub: “Anamın portretinə tüpürmək mənə zövq verir”.
Fiqerasdan qovulan Dali onu Kadakesə ötürməyimi xahiş elədi. Burda biz iki-üç gün ərzində ssenari yazdıq. Amma “Əndəlus köpəyi”ni işləyərkən aldığımız zövq artıq yox idi. Ümumi dil tapa bilmirdik. Bəlkə bu, Qalanın təsiri idi? Biz bir-birmizin təkliflərini rədd edirdik. Başa düşdük ki, əməkdaşlığımız alınmayacaq və biz dostyana ayrıldıq. Mən ssenarini tək yazdım.
Sonra Dali mənə məktubunda öz təkliflərini göndərdi. Onlardan biri filmə daxil oldu: bağçada başında daş olan adam gedir. O, başında daş olan heykəlin yanından keçir. Sonradan filmi ekranda görəndə Dali demişdi ki, bu səhnə onun xoşuna gəlib.
1934-cü ildə mən Parisə onu görməyə getdim. Artıq o zaman Qalayla evli olan Dalini böyük ombalı qadın heykəlinin arxasında görəndə həyəcanlandım. O, həyəcanıma laqeyd susqunluqla cavab verdi.
***
İspaniyadakı vətəndaş müharibəsi zamanı o dəfələrlə faşistlərə simpatiyasını bildirib.
Özünün ovaxtkı “Salvador Dalinin gizli həyatı” əsərində məni ateist kimi xarakterizə eləmişdi. Vaşinqtonda katoliklərin maraqlarını müdafiə edən və hökumət dairələrində nüfuzu olan hansısa cənab Prenderqas mənim muzeydən qovulmağıma nail oldu. İşə gələndə katibəmi gözü yaşlı gördüm.
O, mənə qəzetdə məqaləni göstərdi. Orda yazılırdı ki, Bunuel adlı qəribə adama, qalmaqallı “Qızıl əsr” filminin müəllifinə Müasir İncəsənət Muzeyində məsuliyyətli vəzifə verilib. Mən çiyinlərimi çəkdim, birinci dəfə deyil ki, təhqirlərə məruz qalırdım, heç vecimə də deyildim. Amma katibə dedi ki, bu, çox ciddidir. Mənə dedilər ki, Prenderqas muzeyin rəhbərliyinə təzyiq edərək mənim qovulmağımı tələb edir. Muzeyin direktoru təslim olmamağı məsləhət görürdü.
Amma mən istefa verməyi seçdim.
İstefamdan sonra Daliylə barda görüş təyin etdim. O, vaxtında gəldi və şampan sifariş verdi. Qəzəbli və onu döyməyə hazır olsam da, ona dedim: “Sən yaramazsan və mən sənin üzündən küçədəyəm”.
Onun mənə dediyi sözləri heç vaxt unutmaram: “Qulaq as, mən bu kitabı ona görə yazmışam ki, özümü nüfuzdan salım, səni yox”.
Biz bir neçə butulka şampan şərabı içib, keçmişi xatırlayaraq demək olar ki, dostyana ayrıldıq. Amma aramızdakı uçurum çox dərin idi.
***
Pikasso yalnız rəssam idi. Dali isə daha çox şeyə iddialı idi. Hətta onun şəxsiyyətinin mənim üçün çoxdan əhəmiyyətini itirən hansısa cəhətləri – özünü reklam maniyası, diqqət cəlb etmək istəyi, sünilik, özünü orijinal göstərmək cəhdi ikrah hissi oyatsa da, o, dahi idi. Heç kəsə bənzəməyən… O, ən qeyri-praktik adam idi. Onu işgüzar, puldan istifadə edə bilən adam kimi də tanıyırdılar. Əslində isə Qala ilə rastlaşana kimi o, puldan heç nə anlamırdı və arvadım Janna qatara onun üçün bilet almalı olurdu.
Bir dəfə biz Madriddə olanda, Lorka ondan küçəni keçib operetta üçün bilet almağı xahiş edir. Dali gedir, yarım saat keçir, gəlmir və biletsiz qayıdır: “Heç nə anlamıram, bilmirəm bunu necə edirlər”.
Onu sözün tam mənası ilə hipnoz edən Qalanın təsiri ilə pul qazanmağa başladı, qızıl onun həyatının ikinci yarısının tanrısı oldu.
***
Dali praktiki olaraq heç vaxt qadınlarla maraqlanmırdı. Təxəyyülə meylli olan adam kimi, bəzi sadist tendensiyalarla, hətta gəncliyində qadın sevər deyildi və qadınlarla maraqlanan kişiləri məsxərəyə qoyurdu. Qala onun məsumluğunu pozdu. Qala doğrudan da onun sevdiyi yeganə qadın idi. O, başqa qadınları, xüsusən amerikalı milyarderləri də yoldan çıxarmışdı. Amma onları yalnız soyundurur, yumurta qaynadır, onların çiyninə qoyur və heç bir söz demədən evə yola salırdı.
***
1930-cu illərin əvvəlində o, ilk dəfə Nyu-Yorka gələndə – onun səfərini tablolarının ticarətçisi təşkil etmişdi, milyarderlərə təqdim olundu. Və kostyum balına dəvət edildi. Həmin vaxt Amerika məşhur təyyarəçi Lindberqin uşağının oğurlanaraq, öldürülməsinin faciəsini yaşayırdı. Qala bala qan izləri olan uşaq geyimində gəldi. Onu təqdim edən Dali dedi: “O, öldürülmüş uşağın geyimi ilə bəzənib”. Dali nəsə müqəddəs, toxunulması heç bir bəhanə ilə yolverilməz olan tarixə istehza eləməyi özünə rəva bilmişdi. Ticarətçi onu məzəmmət edəndə o, 180 dərəcə dəyişdi və jurnalistlərlə saxta psixoanalitik jarqonda danışmağa başladı ki, Qala “X” kompleksi altında hərəkət edib və söhbət freydsayağı travestiddən (qadın tərəfindən oynanılan kişi və uşaq rolu) gedir.
Parisə qayıdanda onu sürrealistlərin toplantısına çağırdılar. Nümayişkaranə şəkildə sürrealizmdən imtina etməklə səhvə yol vermişdi. Həmin toplantıda mən yox idim. Breton sonra danışırdı ki, Dali göz yaşı içərisində diz çöküb, bütün müqəddəslərə and içərək jurnalistlərin yalan söylədiyini iddia edirdi. Və deyirdi ki, Qala Lindberqin qətlə yetirilmiş uşağını təsvir edirmiş.
***
Çox illər sonra, 1960-cı illərdə o, Nyu-Yorkda yaşayanda film çəkmək istəyən üç meksikalı ona baş çəkmişdi: Karlos Fuentes ssenarist, Xuan İbanyes rejissor, Ameriqo isə filmin direktoru idi.
Onlar Dalidən ancaq bunu xahiş edirdilər ki, o, San Rejis barına girib masaya yaxınlaşsın.
Dali onlarla barda görüşüb Qalayla görüşmələrini məsləhət gördü. Guya bu işlərlə Qala məşğul olur. Qala qonaqları qəbul edərək soruşub: “Sizə nə lazımdır?”
Onlar nə lazım olduğunu izah ediblər. Qala birdən deyib: “Bifşteks sevirsiz? Dadlı, yumşaq, qalın…”
Bir neçə anlıq karıxıb qalan qonaqlar Qalanın onları nahara dəvət etdiyini düşünüb.
Üçü də müsbət cavab verib. Qala davam edib: “Dali də bifşteks sevir. Bəs sizə məlumdur ki, o, neçəyədir?” Qonaqlar nə deyəcəklərini bilməyib.
Qala çəkiliş üçün 10 min dollar istədiyini deyib və qonaqlar əliboş qayıdıb.
***
Lorka kimi Dali də fiziki ağrıdan qorxurdu. Bir dəfə yazmışdı ki, onu heç nə, qəzaya uğramış fəhlə meyitləri ilə dolu üçüncü sinif vaqonunun görüntüsü qədər vahimələndirmir.
Sonralar o, mənə “Gündüz gözəlçəsi” filminə görə “Qızıl şir” almağım münasibətilə təbrik teleqramı yolladı. “Nosoroqi” adlı jurnalın nəşrinə hazırlaşırdı və məni əməkdaşlığa dəvət edirdi. Mən ona cavab vermədim.
Dali haqda düşünərkən, gənclik xatirələrinə, bir neçə əsərinə heyranlığıma baxmayaraq, onun eqosentrizmini və özünü gözə soxmasını, frankoçuları sinikcəsinə müdafiə etməsini və xüsusən, dostluq hisslərinə açıq etinasızlığını bağışlaya bilmirdim.
Bir neçə il əvvəl müsahibədə demişdim ki, ölümqabağı onunla şampan içmək istəyirəm. O, bunu oxuyub “Mən də. Amma daha içmirəm” -demişdi.
Hazırladı: Sevda Sultanova