İlham Qəhrəman
(24 noyabr anam ölən gündü)
Anam öləndə özümü toplayıb ağlaşmada bacılarıma dediyim ilk söz bu oldu – anamın qollarını ağlayın. Ağlım kəsəndən anamı qarğaşalı görmüşdüm. Yeddi uşağından biri şəlləyində, hər qolunda bir dolu su vedrəsi yoxuşla evə qalxardı. Axşam-səhər inəkləri sağardı, qapı-bacada qalan işləri yerbəyer edəndən sonra ağır süd maşınını evin ortasına qoyub ilınmış südü çəkərdi. Mən yekəlib süd maşınının dəstəyini bılalıyanda (hərləyəndə) bunun nə qədər ağır iş olduğunu öz qollarımda hiss etmişəm. İlahi, anamın qolları nələr eləməzdi – bostan belləyərdi, qurumuş otu çevirərdi, xotman qoyardı, bağda yerə tökülən tutu dənləyərdi, hər öynənin yeməyini bişirərdi, yumurta sarısıynan nehrənin axıdan yerin yamayardı, iri teştdə özü demiş bir “tığ” paltar yuyardı, kömür ütünü yelləyib məktəbli paltarlarımızı ütüləyərdi, toyuq basdırardı, xəmir yoğurar, sac asıb çörək bişirərdi. Evin anamın qollarından keçməyən işi yox idi. Bir belə işin öhdəsindən gələn anamın bir dəfə iş başında üzünü turşutduğunu görmədim. Axşam olanda yorğunluğunu belə bildirərdi – nənənizin qolları düşür! Hamı yerə girib işıq sönəndən sonra anamın rahatlıq tapdığına görə gecənin sahibinə şükür dolu duası eşidilərdi – gecəni xəlq edənə şükür! Səhər yenə hər şey təkrar olardı. Bununla belə yorğun düşən həmən qollar ilə anam bizi bağrına basmağa özündə güc tapardı. Allah anamı sevgi sarıdan yarıtmışdı – hər işi sevgiylə görərdi.
Anam Laçından (şəhərdən) qayıdanda onu gətirən maşın evimizin yanında 4-5 dəqiqə ləngiməliydi ki ev üçün etdiyi bazarlıqlar maşından yerə düşürülsün. Qarpızı çox xoşlayırdı. Qarpız mövsümü olanda bazara apardığı məhsulu satandan sonra çoxlu qarpız alıb gətirərdi. Çırtmasıyla qarpızın yetişmişini kalından dəqiqliklə ayırardı. Kənd arvadları bazarda anamı güdürdülər, anam qarpız seçəndə başına yığışırdılar ki, onlara da qarpız seçsin. Anam alan qarpızlar bal kimi çıxardı. Atam qarpız tanıyan deyildi, ona görə də alanda pərt olmasın deyə kəsdirib alardı.
Evdə yükün, yastıqların üstünə açılmış quş, su pərisi və gül şəkilli hörməli tikmələr vardı. Hamısı özünün əl işləri olan bu tikmələri anam biz dünyaya gələnə qədər (çoxunu da qız vaxtı) tikmişdi. Tikmədə qarşı-qarşıya duran quşlar sevgililərin rəmzi idi. Biz Həkəri çayının yanında təkevli olurduq. Qonum-qonşu uzaq idi. Evin böyük uşağı kimi anamın yorğan-döşək salmasından tutmuş sac asıb çörək bişirməsinə qədər hər işdə ona kömək etməli olurdum. Axşam anam inəkləri sağıb qurtarana qədər mən də keçiləri sağardım. Ən gözümə duran iş bəkməz (tut doşabı) bişirəndə olurdu – mən əvvəldən axıra anamın yanında olmalıydım, çünki bəkməz bişəndən sonra tiyanı ikimiz yerə qoyurduq. Nənəm bu vaxt oynamağa getmək üçün darıxdığımı bilirdi, ona görə də mənə maraqlı bir şey alacağını vəd edib al dilinən məni getməyə qoymazdı. Qapımızda o qədər toyuq olurdu ki, nabələd adamlar (ən çox da ermənilər) görəndə elə bilirdilər həyətimiz toyuq fermasıdır. Ən çətin işim tövlənin dar şiferinin altıyla sürünüb toyuqların yumurtasını yığmaq idi. Bəzən toyuqların yumurtladığı yeri bilmirdik. Bir də yazağzı görürdük ana toyuq qırtdıya-qırtdıya yanında da cücələri şiferin altından yerə tökülürlər – belə olanda anam gülə-gülə ətəyini açıb cücələri tutardı ki, əzilməsinlər. Səxavətli idi. Gəlin köçən qohum qızların cehiz payında anamdan ya bir yorğan, ya bir yastıq, ya da başqa bir əl işi olardı – üstündə də qırmızı lenti. Əli xeyirli idi, təzəbinə olan gəlinlərə həyətdən toyuq damazlığı verərdi. Təmizkar idi, Laçında bizi tanıyan bir çox ziyalı ailələr anamın süd-qatığının, pendirinin müştərisi idilər.
İndiki ağlımla başa düşürəm ki, mən balaca olanda anamın dilmancı olmuşam. Atam evdə olmayanda evimizə tərəf səslənib atamı soruşan yaşlı kişilərə cavab vermək üçün anam yaşmaqlanandan sonra mənim qolumdan tutub həyətə çıxırdı. Anam atamın harda olduğunu və ya soruşan olanda tapşırdığı sözü pıçıltıyla mənə, mən də ucadan gələn adama deyirdim. Yaxın, doğma adam olanda anam pıçıldayırdı ki, evə dəvət elə, denən gəlsin çay içsin. Qəndin tapılmadığı, qıt olduğu vaxtlar tut qurusuyla həmərsin (itburnu) çayı evimizdə həmişə olardı.
Anam çox dilavər qadın idi. Adını yaza bilmədiyi halda danışanda natiq kimi danışardı, çaşmazdı. Həmişə atamın qarasına deyinərdi ki, Allah mağmun yaradıb, dili-ağzı yoxdu, bir yerdə dərdimizi deyə bilmir. Mən dilavərlikdə anama yox, mağmun, dili-ağzı olmayan atama oxşamışam. Hərəkətlərimdən, danışığımdan həyatda özümə yer tapmayacağımı sanki duyurdu – halıma acıyan nəzərlərlə mənə baxıb deyirdi – tükü yatımına darayarlar. Və mən bu günə qədər hələ də tükü yatımına daramağı öyrənə bilmədim.
Anamın həm yazıçı təxəyyülü, həm də güclü yumor hissi vardı. Baş verən hadisəyə özünəməxsus qiymət verər, ad qoyardı. Atamın evdə nagahan (qəfildən) bizə bəlli olmayan səbəbdən bığı qaçanda anam üzünü bizə tutub deyərdi – Allah bilir dədənizin (ailədə anama nənə, atama isə dədə deyirik) hansı toyda oynadığı qız yadına düşdü. Bu sözdən sonra atam dodaqlarını nə qədər bərk sıxsa da xeyri olmazdı, o da bizə qoşulub ürəkdən gülərdi. Bəlkə də atam bığı qaçan an tamam başqa şeyi xatırlayırdı, amma, anamın onun düşdüyü vəziyyət üçün dediyi fikir gözəl yaraşırdı. Simfonik orkestrin konserti başlayanda gülə-gülə deyərdi – quxnuda (mətbəxdə) mis qab-qacaq hamısı bir-birinə dəydi. Qızılca qadınları həmişə öz aralarında anamın pünhan dediyi bu sözü xatırlayıb gülürdülər – Allah bir dəfə də doğmağı kişilərə versin, nə çəkdiyimizi bilərlər! Laçın işğal olandan sonra çağırdığı bayatılar şairliyinə imza atıb təsdiq edəcək gücdədi:
Laçın, səni kim yıxdı?
Pis gözüynən kim baxdı?
Kimlər sənə od vurdu,
Tamaşana kim çıxdı?
Mən aşıq, “haşa” deyim,
Dərdimi daşa deyim.
Tək Laçını demirəm,
Şuşaynan qoşa deyim.
Qayada qarmağım var,
Tutmağa barmağım var,
“Laçın” deyib Allaha
Gündə yalvarmağım var.
Dəqiq bilirəm, şairliyim və güclü yumor hissim anamdan gəlmədi. Atamın bəzən məni qınayaraq “südünə çəkmisən” dediyi fikir burda dəqiq öz təsdiqini tapır.
Anam çox həssas idi. Həkəri çayının qırağnda yol idarəsinin 2 otaqlı kəllayı-dolayı gözətçi evində olurduq. Hələ o vaxt biz olan yerə işıq çəkilməmişdi. 4-də oxuyurdum. Qış gecəsi, hamı o biri otaqda yatanda mən bu biri otaqda tək lampa işığında Mayn Ridin “Başsız atlı”sını oxuyurdum. Zeb Satampın üfüqdə gedən başsız atlını görməsi yerini oxuyub səhifəni çevirəndə illüstrasiyada həmin mənzərənin şəklini görüb pəncərəyə baxdım. Lampa işığının fonunda gözümdəki başsız atlı şəkli pəncərədə hərəkətə gəldi. Qorxudan qaçaraq bu evdən o biri evə təpildim. Anam cəld qalxıb mənə su içirtdi və dolayısıyla hər iki başı da atama çatan yağlı bir söyüş söydü. Bu gün də mənə sirrdi – anam qaranlıqda mənim qorxduğumu nədən duydu?!
Kasıb olsaq da, anamın evdə həmişə ətri olardı. Ətir vuran kimi bilirdim ki, atamla toya gedəcəklər. O dövrün balaca uşaqları kimi mən də ölürdüm toya getməkdən ötrü. Ağlasam da, xeyri olmazdı, aparmırdılar (özü də bu ağlamaq ancaq anamın səmtində olurdu, atam tərəfdə ağlamaq təhlükəli idi). Bəzən böyüklərin toya gedəcəklərini bir gün qabaqdan bilirdim və bir gün əvvəldən gözümün qorasını axıdırdım, amma, yenə xeyri olmurdu. Məndən balacaların isə bu vaxt heç cınqırı da çıxmazdı, ağlamağa ürək eləmirdilər – yəni İlhamı aparmırlarsa, bizim heç ağlamağa da haqqımız yoxdu mənasında. Əgər məni aparmağa razı olsaydılar, mən kiriyirdim, ağlamaq növbəsi məndən sonrakı uşağa çatardı. Anam toyda havanın yatımına, ritminə uyğun çox gözəl rəqs edərdi. Qızılca toylarında anamı ya dayısı, ya da Həvva mamamın (atamın bacısı) əri “Qəhrəmanovun xanımının havasını çalın” deyib aşıqlara sifariş edərdilər. Anam oynayanda toydakı çayçı, aşpaz xanımlar da “Səlbi oynayır” deyib mağara axışardı. “Dilin can incidəndir”, köhnə “Tello”, “Sarıköynək”, “Meşəbəyi” (atamla oynayırdı) “Nazik əllər”, anamın toylarda oynadığı havalar idi.
Balaca vaxtı axşamlar anam ağzında dınqıdı ilə bir çox havanı çalıb uşaqları oynadardı. Belə axşamlarda qohum uşaqları da bizdə olanda lap aləm olurdu. Çırıqqı (çapan, çırtıq) vuranlar çox olduğu üçün ev əsl toy mağarına dönərdi. Arada anam özü də qalxıb bizə qoşular – qol götürüb oynayardı. Təkevli olduğumuz üçün toy, aşıq görməyən uşaqları anam bu yolla gələcək xeyir məclislərinə təlim edirdi. Anamın dınqıdısı evimizə işıq (elektrik xətti) çəkilənə, atam üstündə val oxudan radio alanadək davam etdi.
Anamda tanıdığı və dinlədiyi bəzi maraqlı və gülməli adamları dəqiqliklə yamsılamaq qabiliyyəti (indiki dilnən parodiya etmək) vardı. Qohumlar bizə gələndə anamdan həmin adamlardan birini yamsılamağı xahiş edərdilər. Anam başlayanda gülüşmə düşərdi.
Birinci sinifdə oxuyanda müəllimimiz mənə su qıjısı gətirməyi tapşırmışdı. Evə girən kimi ilk sözüm bu oldu – nənə, müəllim qıjı istədi, məhlim müəllim yemək yeyir?! Anam körpəliyimin avamlığına gözləri yaşarınca gülmüşdü. Və anamın göndərdiyi qıjı bağlançasını məndən qəbul edəndə müəllimin də adi bir insan olduğuna hələ də inanmağım gəlmirdi.
Anam bişirdiyi yeməklər çox dadlı olardı. Dəndolmasını (yalançı dolma) o qədər dadlı bişirərdi ki, dadı damaqdan getməzdi. Özündən yeməklər kəşf edərdi. Şüyüdlü bir yemək bişirib adına “cürcənə” deyərdi. Qışda çay balığını şoraba suyunda soyutma eləyərdi – yeyərdin, doydum deməzdin. Atam evdə olmayanda bizim üçün ya sobada, ya da orta ocaqda hinduşka kababı bişirərdi. Çox hazırcavab idi. Acıyan vaxtımızda yeməyə nə var deyə soruşanda anam bişirdiyi yeməyin adını deyərdi. Əgər uşaqlardan biri o yeməyi xoşlamadığını desə, anam belə deyərdi – sən mizvərə gəzirsən, o da yoxdu. Bu gün də mizvərənin konkret hansı təam olduğunu ailəmizdə heç kim bilmir, amma, bilirik ki, o nədirsə, bizim əlimiz çatan deyildi, bugünkü dilinən desək delikates kimi bir şey.
Mənə görə hər bir insanın təbiətdə bir ağac bənzəri var. Bu mənada nədənsə, atamı sərt dağdağan ağacına, anamı isə zərif şəftəli ağacına oxşadıram. Anam da şəftəli kimi bəstəboy idi, yanaqlarında şəftəli çəhrayısı (həm çiçək, həm meyvə) vardı, barmaqları şəftəli yarpağı kimiydi – bir üzü yumşaq, şümal, o biri üzü cod, qəlbi şəftəli kimi kövrək idi. Anam da saçını şəftəlinin meyvəsində olduğu kimi ortadan tağ ayırardı. Anam da yarpaqlamış şəftəli ağacı kimi yumru idi. Yaxın qohumları və anama ərki çatan rəfiqələri məndən anamı bəzən belə xəbər alırdılar – Yumru nətərdi?
Anam isti sevən idi, tərs kimi soyuq fəsildə torpağa qoyduq. Allaha ağır getməsin, bu da bir ağrımız oldu. Laçında qış olanda lap tezdən durub sobanı çatardı, çaydanın zümzüməsinə biz oyananda evimiz təndir kimi olardı.
Körpəlikdən yetim qalan anamgil üç bacı bir qardaş idilər. Qardaşları əsgərlik etdiyi Tuva respublikasının Kızıl şəhərində yaşayırdı. Laçına 2 dəfə gəldiyi yadımdadı. 20 Yanvar hadisələrində isə ölüm xəbəri gəldi. Böyük xalamgildə yası oldu. Dayım anamın and yeri idi – pul istəyəndə “Şəmşəddin dayının tək canı üçün…” deyəndə inanırdıq ki, pulu yoxdu. Bakıya gedəndə atam xərcliyimi verəndən sonra anam əlini qoynuna salıb pul düyünçəsini çıxardardı, düyünçədəki pulun çoxunu atam verən pulun üstünə əlavə edərdi.
Uzun müddət qaldığım yerdən (Bakıdan, əsgərlikdən) Laçına dönəndə aralıdan məni görən atam sevinsə də, yerindən tərpənməzdi, amma, anama xəbər edərdi, anam isə məni görən kimi sağ əlini sol döşünə çırpıb qabağıma yüyürərdi. Çatanda qollarını açıb məni bağrına basardı, duz kimi yalayardı. Sonra da yaylığının küncünü qaldırıb sevincdən gözünün yaşını silərdi. Yerindən tərpənməyən atamın qarasına deyinirdi ki, uşağına istəyini də bildirə bilmir. Anamı daha çox bu məqamda xatırlayıram – sağ əlini sol döşünə çırpıb üstümə qaçan!
Dilindən duası əskik olmazdı, həmişə balaları üçün dua edərdi – İlahi, özün balalarımı qanadının altında saxla! Qadan nənənə gəlsin! Nənən qadalarını alsın! Nənən ayağının altında ölsün! Nənən çiynində məzara getsin! Canım qurban! Anamın belə bir duası da vardı Allaha – az ağrı, asand ölüm! Dediyi kimi də oldu – evdə oturduğu yerdə qəfildən canını tapşırmışdı.
Öləndə facebook-dakı səhifəmdə belə bir status paylaşdım: Ayaqqabım olmayanda “Yalın ayaqların gözümə girsin!”, xəstələnəndə “İlahi, məni qapındakı itə hesab eylə!”, bir yerim əziləndə “Nənəni daşa dönsün!” – deyən anam öldü. Məni belə sevən anam daşa döndü!
Və son olaraq – ölümündən keçən 2 il ərzində xəyalımdan çox keçirdim, amma, anama şeir yaza bilmədim!