Anar Məmmədov Londondan qaçmağa məcbur qala bilər

Xəbər verildiyi kimi, Britaniya hökuməti son günlər “çirkli pullarla” mübarizə tədbirlərini daha da sərtləşdirib. Böyük Britaniya hökuməti hələ ötən ilin aprel ayında korrupsiya ilə mübarizə çərçivəsində dünyada ilk dəfə olaraq oliqarxların daşınmaz əmlakının xüsusi reyestrini yaratmaq qərarı vermişdi. İndi isə Cinayətkarlıqla Milli Mübarizə Agentliyinə verilən yeni səlahiyyətlər bu ölkəyə gəlmiş istənilən şübhəli aktivləri təftiş etməyə imkan verir.
Mənşəyi bəlli olmayan mülk haqqında qanun bu ilin yanvar ayında qəbul edilib. Qanun şübhəli bilinən şəxslərdən aktivlərinin mənşəyini qeyd etməsini tələb edir. Həmçinin bu ölkəyə 50 min funt sterlinqdən artıq sərmayə qoyanlar onun mənbəyini göstərməlidirlər.
Agentlik qısa müddətdə 140-dək mənbəyi göstərilməyən vəsaitin dondurulmasına nail olub. Həmin şəxslərin böyük əksəriyyəti Rusiya ilə əlaqəli şəxslər olduğu bildirilir.  Məlumdur ki, Solsberidə sabiq rus kəşfiyyatçısı Skripalın və qızının zəhərlənməsindən sonra  xüsusilə Rusiyada olan oliqarxlara qarşı maliyyə yoxlamalara başlamışdı. Britaniyanın kəşfiyyat idarəsinin əməkdaşları həmçinin viza ilə Birləşmiş Krallıqda məskunlaşan zənginlərin siyahısını nəzərdən keçirir və bu vizaların “düzgün yolla” alınıb-alınmamasını yoxlayırlar.
Rus oliqarxlardan biri isə deyib ki, indi Böyük Britaniyada məskunlaşmış təkcə rusları deyil, hamını yoxlayırlar.
Adları Azərbaycanda korrupsiyada  hallandırılan bəzi azərbaycanlı oliqarxların Londonda dəyəri milyonlarla ölçülən malikanələrinin olması sirr deyil.  Hələ bir neçə il öncə “The Telegraph” qəzeti  Londonda daşınmaz əmlak alan keçmiş sovet ölkələri vətəndaşları arasında Azərbaycandan olanların olduğunu yazmışdı. Bildirilirdi ki,  Gürcüstan, Qazaxıstan  zənginləri ilə yanaşı azərbaycanlılar da  Londonda daşınmaz əmlaka milyardlarla dollar pul xərcləyirlər.
Londonu “çirkli pulların yuyulması” və qanunsuz daşınmaz əmlakın alınması mərkəzinə çevirən şirkətlərin Azərbaycan oliqarxları ilə sıx işlədiyi də yeni bilgi deyil.  Həmçinin bu istiqamətdə digər beynəlxalq hesabatlarda Milli Təhlükəsizlik Nazirliyinin sabiq başçısı Eldar Mahmudovun oğlu Anar Mahmudovun, Beynəlxalq Bankın həbs olunmuş keçmiş rəhbəri Cahangir Hacıyev və həyat yoldaşı Zamirə Hacıyevanın da adı vardı.
Ötən il sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun da Londonda dəyəri milyonlarla dollar olan mənzil aldığı xəbəri yayılmışdı. Xəbərdə deyilirdi ki, Londonun mərkəzində tikilmiş çox bahalı “One Hyde Park” yaşayış kompleksində mənzil sahiblərindən biri də Anar Məmmədovdur. Təxminən 1,7 milyard dollara başa gələn dünyaca məşhur dəbdəbəli kompleksdə mənzillərin kvadrat metri 100 min dollardan başlayır. Kompleksdə ən ucuz mənzilin dəyəri 29 milyon dollardır. Anar Məmmədovun Böyük Britaniya vətəndaşlığı alması haqda xəbərlər isə nə təsdiqlənir, nə təkzib edilir.
Baş nazirin keçmiş müavini  İsmət Abbasovun da oğlu üçün  Londonun dəbdəbəli Doklands məhəlləsində çoxmənzilli 2 mərtəbədən ibarət böyük və lüks bir penthaus malikanə aldığı barədə dəfələrlə xəbərlər yayılıb. Bildirilir ki,  bu mülk üçün 1,4 milyon funt-sterlinq ödənib.
Londonda yaşayanların korrupsiya pulları ilə alınan əmlaklarını necə xilas edəcəkləri maraq doğurur. Anar Məmmədovun son aylar Türkiyədə peyda olması bu xəbərlər fonunda maraq doğurur. Əcəba, Anar Məmmədovu və digər korrupsiya pulu ilə varlanmış sabiqlərin övladlarını Londondan qovurlarmı?(musavat.com)

Share: