Anarın Şuşadakı “yaxıb-yandıran” fotosu…

Anarın Şuşadakı “yaxıb-yandıran” fotosu…

Yazıçı Anarın Şuşadan paylaşılan bir fotosu günlərdir bir çoxunun müzakirə predmetinə çevrilib: əksəriyyət bu şəklə görə Anara olmazın təhqirlər yağdırır.

Fotoya diqqətlə baxaq: nə var burda?

Bir yaşlı adamın bəlkə də ayaq üstə çox qalmasından – poeziya günlərinə görə – yaranmış yorğunluğu (gözlərindən tökülür), oturacağın genişliyi səbəbindən arxaya daha çox meyillənməsi və ayağını ayağının üstə qoyması…

Bəlkə, “ayaq ədası” xoşunuza gəlməyib?

Ayağını ayağının üstünə qoymasa, inanıram ki, “ayaqlarını aralamasını”, bükülüb otursa, “Şuşada da bu cür məzlum oturarlarmı” misalı təhqirləri izləyəcəkdik…

O ayrı məsələdir ki, Vaqif Poeziya Günlərinə qatılmaq istəyən yazarlar çox olub və AYB onları aparmayıb və yaxud apara bilməyib. Məncə, Şuşaya aparılmamaqdan doğan kin bir yaşlı yazıçının adi fotosuna nifrət ifadə etmək səviyyəsində olmamalıdır.

1990-cı ildən Şuşanın yolunu ermənilər kəsmişdi, gediş-gəliş çox çətin idi, 1992-dən isə işğal edildi. Tam 30 ildən sonra Şuşa işğaldan tam azad edilib, gediş də, gəliş də mümkündür: sizə nə mane olur bilet alıb Şuşaya getməyə?

Anar və Anarın ətrafında olan yazarları heç bəyənmirsiniz, istedadsız sayırsınız. Bəs, onlarla birgə Şuşaya “poeziya günlərinə” getməyə niyə can atırsınız və bu alınmayanda Anarın adi bir fotosunu bəhanə seçirsiniz?

Bilet alın, gedin Şuşaya, keçin Cıdır düzünə, sosial şəbəkədə açın canlı yayım, başlayın “poeziya axşamına” – əlinizdən-qolunuzdan tutanmı var?

Yox, əgər Anara Şuşanı layiq bilmirsinizsə, olduqca böyük səhvə yol verirsiniz.

Ən əvvəl insani baxımdan: Hər birinizin potensial olaraq Şuşada günlərlə qalmaq imkanınız olacaq – abadlaşandan, turizm cənnətinə çevriləndən sonra. Ancaq Anar və Anar yaşda olanlar bir an da gecikə bilməzlər – dərhal getsələr yaxşıdır.

Allah uzun ömür versin, qayım-qədim olsunlar – sözlərimiz pis mənaya yozulmasın. Sadəcə, insanların yaşını nəzərə almaq lazımdır.

İkincisi, Anarın uşaqlığı da Şuşada keçib, gəncliyi də və bir yaşlı yazıçının uşaqlığı və gəncliyinin keçdiyi, 30 il həsrət qaldığı şəhərə getməsini yalnız dəstəkləmək lazımdır. Qoy tez-tez getsin, doyunca gəzsin, xatirələrini oyatsın.

Üçüncüsü, Anar bu xalqın milli şüurunun oyanmasında müstəsna xidmətlər göstərmiş bir ziyalıdır. Onun “Qobustan” jurnalının yalnız bir sayında etdiyi xidməti əksəriyyət bütün həyatı boyu edə bilməyib.

Anar “Kitabi-Dədər Qorqud” dastanı haqda ən mükəmməl tədqiqatın müəllifidir və onun məşhur araşdırması təkcə elmi biliklərə də söykənmir: heyrətamiz, inanılmaz bir intusiya, qan yaddaşı ilə elə bir incəliklərə varmağı bacarıb ki, bunu yalnız müasir tədqiqatçılar anlaya bilər.

Anar “Dədə Qorqud” filminin ssenarisində elə süjetlərdən istifadə edib ki, onlar KDQ-da açıq mətnlə yoxdur və o gizli işarələri hələ indi də qorqudşünaslar tam açıb ortaya qoya bilməyiblər. Anar isə bunları 50 il əvvəl ssenariləşdirib, filmin çəkilməsinə nail olub və o filmin çəkilişlərində birbaşa iştirak edib.

“Dədə Qorqud”un adına çıxdığınız bir çox aforizmlərin müəllifi məhz Anardır – siz hələ hansı fikri Dədə Qorqudun, hansı fikri isə Dədə Qorqud adından Anarın ictimai şüura ötürdüyünü tam ayırmamısınız.

Anar dünyaca məşhur şuşalı Üzeyir bəyin həyatını mükəmməl şəkildə lentə köçürməyi bacaran peşəkardır. “Uzun ömrün akkordları” hansısa kriminal-detektiv əsər deyil, spontan da yazılmayıb – illərin araşdırması, zəhməti, faktların toplanması hesabına başa gəlib.

Bura “Qəm pəncərəsi”ni (Mirzə Cəlil haqda) əlavə edin, Molla Nəsrəddin-66-nı da, “Sübhün səfiri”ni də (Mirzə Fətəli haqda)…

Buqələmunları, “ingilis bayraqları”nı, dünənə qədər rusbaş olub, qəfildən türkçü-millətçiyə çevrilənləri və zamanla “ayaqlaşıb”, həqiqi istedadları məhv edənləri az qala 30 il öncə ifşa edən məşhur “Otel otağı”nı unutmaqmı olar?

“Otel otağı”nda qaldırılan problem bu gün də aktualdır – axtarın, o buqələmunların Şuşaya birinci getməsini müzakirəyə çevirin, Anarı yox.

Anarın Şuşada o cür “yayxanmasından” qoy, ermənilər narahat olsun, 30 ildə balayanlar bizə necə od qoyurdular Şuşadan paylaşdıqları foto-videolar, yazılarla. İndi Anarın bu fotosu Balayanın gözünə girməlidir, onu çatlatmalıdır, bizi deyil!

Hamınızın Şuşa arzusu o qədər doğaldır ki, kimsə bircə irad da bildirə bilməz. Yaxşı edirsiniz, tələb edin, gedin, gəzin, görün, yurdumuzu o ucalıqdan sevin, düşmənə o ucalıqdan meydan oxuyun. Ancaq Şuşa arzunuz, istəyiniz və sevginiz Anarın Şuşadan paylaşılan məğrur, bir az da yorğun, bir az da nastalji təsiri bağışlayan fotosu üzərindən təhqirlərlə müşayiət olunmamalıdır.

Anar Azərbaycan ədəbiyyatında yeri olan bir yazıçıdır: heç kəsin də qələmini əlindən almayıb – yazın, yaradın, Anardan qat-qat önə keçin, daha böyük əsərlər qoyun ortaya, Anarı yaradıcılıq baxımından “yoxa” çıxarın.

Ancaq etiraf edin – bacarmırsınız. Siz adamın hələ də bir fotosu ilə savaşırsınızsa, demək, Anara 21-ci əsrdə də məğlub olursunuz…

P.S. Mən də Anarın Üzeyir bəy haqda film çəkilişləri zamanı Şuşadan bir fotosunu paylaşıram. Özünüz deyin: 1982-ci ildə bu fotonu çəkdirənin 2022-ci ildə Şuşada, lap siz dediyiniz kimi, bir kresloya yayxanmağa haqqı çatmır?

Share: