***
Gecənin bu vaxtı otelə üstü-başı bu halda girdiyinə görə otel qeydiyyatçısı yəqin ki, onun içkili ola biləcəyini düşünmüşdü. Az öncə cinayət törətdiyi ağlına belə gəlməzdi.
Otağına qalxıb pencəyini yatağın üstünə ataraq kresloya yayxandı. “Bitdi… hər şey bitdi…”, – missiyasını tamamlamağın rahatlığı ilə dedi. Sanki illərdir buna görə yaşamış, buna görə böyümüş və hər şeyə buna görə dözmüşdü.
Bir neçə gün sonra, bəlkə də, bütün xəbər saytları bu ruhsuz adamı cinayətə sürükləyən hadisə ilə bağlı yazacaq, hər kəs məşum ömrün necə yaşandığını düşünəcək, ona yazıqları gələcəkdi.
İndi 25 yaşı vardı. İllərlə ürəyində gəzdirdiyi yara artıq onu incitmirdi. Tam 20 il öncə o böyümüşdü. Ona uşaq olmaq şansı verilməmişdi.
Əzgin bir halda beş yaşındaykən anasının ona aldığı balaca maşını cibindən çıxarıb kreslonun qoltuq hissəsində sürməyə başladı. Üzündə qəribə təbəssüb sezilirdi.
Birdən-birə özünü yenə beş yaşında hiss etdi. Anası onu qucaqlayıb, “Məni həmişə qoru, məni heç vaxt tərk eləmə”, – demişdi. Əlində tutduğu maşına baxarkən ona elə gəldi ki, anası yenə çox yaxınında oturub onun oyuncaq maşını necə həvəslə sürməyini izləyir. Anasının qayğılı, iri gözlərini, nüfuzedici baxışlarını öz üzərində elə güclü hiss etdi ki, yalançı təzyiqin təsiri altında ətrafa göz gəzdirib onun bu otaqda olub-olmadığını yoxlamaqdan özünü zorla saxladı. Sonra anladı ki, anasının illərlə canlanmayan xəyalının indi bu qədər gerçəkçi halda üzünə gülməsinin səbəbi ona verdiyi vədə əməl edə bilməsi idi.
Qapı döyüldü. Yaxınlaşıb tərəddüdlə qapını açdı.
-Bayaq narahat idiniz. Sizə bir şey lazımdır? – otel işçisi onun sanki savaşdan çıxıbmış kimi çirkli və düymələri qopmuş köynəyinə göz gəzdirdi.
-Mənə… – gülümsəyərkən gözlərində yaranan ifadə otel işçisini ürkütdü. Səsi qəribə bir şəkildə uşaq səsinə oxşayırdı. – Mənə oyuncaq maşın lazımdır, – dedi və gedib kreslonun üstündəki oyuncaq maşını gətirib göstərdi: “Bax, bunun kimi”, – deyərək yenidən gülümsədi və əlavə etdi: “Sizdə var bundan? Əgər varsa, gələ bilərsiniz birlikdə oynayaq?”
-Anlayıram sizi. Yaxşı, tam elə olmasa da, bir az fərqlisini gətirərik. – Otel işçisi qəribə narahat üz ifadəsi ilə ona baxdı.
-Sağ olun. – Sevincdən gözləri gülürdü – Hər şey yaxşıdır, mənim həyatımda hər şey yaxşıdır. Mən sadəcə pis adamları öldürmüşəm. Pis adamları. İndi bu maşınla hara istəsəm, gedəcəm. -səsi yenidən uşaq səsini xatırlatdı. -sizi də apara bilərəm istəsəniz.
-Yaxşı, indi bir az işlərim var. Sonra gələcəm, gedərik. – Qapını bağlayıb getdi.
Yenidən qayıdıb kresloda oturdu. Bayaq təzə açdığı araq şüşəsindən bir rumka da içdi.
Uzun müddətdir izlədiyi adamı axır ki öldürdüyünə görə özünü xoşbəxt hiss edirdi. Uşaqlığı qaldığı yerdən davam etməyə başlamışdı. Hələ onun həyatı qabaqda idi.
Gedib hamamdakı kiçik güzgüdə özünə baxdı. Ani olaraq 5 yaşındakı vaxtı, mırıq dişləri, gözünün üstünə tökülən sarışın saçları canlandı. Saçını əli ilə arxaya daradı.
Görəsən, bu gün neçənci gün idi ki, məktəbə getməmişdi? Anası buna görə əsəbləşəcəkdi, yəqin ki. Yox, deyəsən, anası heç nəyə görə əsəbləşmirdi. Axı niyə? Gözündən axan yaşı əlinin arxası ilə silib güldü.
Anası hamı ilə yaxşı danışmağın tərəfdarı idi. Heç kimə pislik etməmişdi və edə bilməzdi. İnsanların içində yaxşı tərəflərin olduğuna inanardı. Dəlilikdir. Dünyada yaxşı olan nə var ki? Ehtiras və nifrətin hökm sürdüyü bu hiyləgər, pis və riyakar dünyada yaxşılara yaşamaq şansı verilməmişdi!
Elə həmin gün… Ögey atasının anasını öldürdüyü gün gözünün önündə canlandı.
-Bu nədir? – Ögey atası anasının ona aldığı maşını əlində tutub soruşdu.
-Oyuncaq maşın. – Anası titrək səsi ilə cavablamışdı. Ürəyi istədi uşağın. Aldım.
– Necə yəni ürəyi istədi aldım?! Sənin küçüyünün ürəyi nəyi istəsə, onu edəcəyik? – Atası içkili idi və deyəsən, nəyəsə bərk əsəbləşdiyi üçün hirsini soyudacaq yer axtarırdı.
Elə bu an gözlərini yumdu ki, qalan səhnələr gözünün önündə canlanmasın. Amma amansız xatirələr beyninə vəhşicəsinə hücuma keçdilər.
Ögey atasının vurduğu sillənin təsirindən anası yerə yıxıldı. Yerdən qalxaraq oturmaq istəyəndə atalığı hirslə ona tərəf gedib başına o qədər vurdu ki, anasının huşu özündən getdi…
Bir neçə gün sonra öldüyündə bunun sadəcə anasının hündür bir yerdən yıxılmağın nəticəsində baş verən qəza olduğu deyilmişdi.
Təkcə o bilirdi hər şeyi. Uşaq evinə verilərkən anasının ona almış olduğu maşını da özü ilə götürmüşdü. Həmin bu balaca qara dəmir maşın o vaxtdan onun cibində olurdu həmişə.
Birdən əsəbləşib nifrət etdi maşına da. Ayağa qalxıb maşını dəfələrlə yerə çırpsa da, qırılmadı. Yerdə oturub bərkdən ağlamağa başladı.
Bir vaxtlar anasını çox sevmiş olsa da, indi ani olaraq ona nifrət etmək keçdi içindən. Bu qadının pul üçün özünü satan fahişələrdən nə fərqi vardı? Axı niyə o adamla yaşamağa məcbur hiss etmişdi özünü? Anası hər şeyə boyun əymişdi. Çünki köləliyin bir gün mükafatlandırılacağına inanmışdı.
Az sonra qapı döyüldü. Bir-birini əvəz edən tıqqıltılar saniyələr keçdikcə daha da şiddətlənirdi, ancaq o qalxıb qapını açmadı.
-Açın qapını. Polisdir. – Qapının ardından səslər gəldi.
Səsin amiranə tonundan diksinib müti halda qapıya doğru getdi və onu açdı.
– Salam. Özünüzü şübhəli apardığınız üçün sizdən şikayət var. Bizimlə gəlin, zəhmət olmasa.
Heç bir söz demədən tabe olub onlarla getməyə hazırlaşarkən dönüb yerə çırpılmaqdan əzilmiş oyuncaq maşına baxdı. Gərək özünə başqasını alsın. O daha əzilmişdi…
İlahə Səfərzadə
Müstəqil.Az