Qarşıdan Azərbaycan ordusunun 1920-ci ilin aprelində Qarabağda erməni ordusu üzərində əldə etdiyi tarixi qələbənin 99-cu ildönümü gəlir. Ordumuzun 2016-cı ilin aprelində əldə etdiyi qələbə ilə yanaşı, 99 il bundan əvvəlki qələbəsinin də yada salınması, təntənəli şəkildə qeyd edilməsi məqsədəuyğun olmazmı?
Moderator.az-a açıqlama verən “Şərq” qəzetinin baş redaktoru, Cümhuriyyət dövrünün araşdırmaçısı Akif Aşırlı ordumuzun 99 il əvvəlki qələbəsinin də dövlətçiliyimiz tarixində mühüm rol oynadığını və daim xatırlanması gərəkldiyini bildirib:
“Təbii ki, Azərbaycan ordusunun 3 il bundan əvvəlki qələbəsi kimi, 99 il bundan əvvəlki qələbəsinin də önəmi olduqca böyükdür. 1920-ci ilin martında Əsgəran keçidi erməni ordusunun nəzarəti altında idi. Rusiya tərəfi ermənilərə çox böyük dəstək verirdi. Lakin buna baxmayaraq, ordumuz erməniləri darmadağın etdi. Hərbçilərimiz 4-5 gün ərzində Qarabağda erməniləri ağır məğlubiyyətə düçar etdilər.
Azərbaycan ordusu yalnız 1920-ci ilin mart-aprel ayında qələbə qazanmayıb. Ordumuz bundan əvvəlki tarixlərdə də ermənilərlə mübarizə aparıb, bu mübarizədə mühüm qələbələr əldə edib. Bakı işğaldan azad ediləndən sorna, oktyabrın əvvəllərində Azərbaycan və türk ordusu birlikdə Qarabağda uğurlu hərbi əməliyyatlar aparıb. Həmin döyüşlərdə Andranik ağır məğlubiyyətə uğrayaraq öz dəstəsi ilə birlikdə İrana qaçmağa məcbur oldu. Andranik İrandan bir məktub da yazmışdı. Həmin məktubda qeyd edirdi ki, biz Azərbaycan ordusu qarşısında acı məğlubiyyətimizi etiraf edirik. Bu məktub həmin vaxt qəzetlərdə də dərc olunmuşdu.
Qeyd etdiyiniz kimi, 2016-cı ilin aprel döyüşləri ilə 1920-ci ilin aprel döyüşləri arasında həqiqətən də bir uyğunluq var. 1920-ci ilin aprel döyüşləri nəticəsində Qarabağ ermənilərdən azad edildi. Bu hadisədən 99 il sonra ordumuzun həyata keçirdiyi aprel döyüşlərində iki min hektardan çox torpağımız düşmən işğalından azad edildi. Indiki Azərbaycan ordusu Cümhuriyyət ordusunun varisidir”.
Müstəqil.Az