Xalq şairi Mirvarid Dilbazinin vəfatının 22-ci ildönümü münasibətilə onun məzarı ziyarət edilib.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə, Xalq şairi Mirvarid Dilbazi vəfatının 22-ci ildönümü münasibətilə məzarı önündə anılıb.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı çıxış edərək bildirib ki, ömrünü poeziyamızın zənginləşməsinə həsr edən Mirvarid Dilbazi dəyərli bir şair, həm müqəddəs bir ana, həm də bu vətənin qürur simvolu kimi yaddaşlara yazılıb. Vətənpərvərlik mövzusunda yazdığı yüzlərlə şeiri Azərbaycan Ordusuna ruh, ilham verib. XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Mirvarid Dilbazi çoxçeşidli mövzularda yazdığı əsərləri ilə böyük bir yaradıcı ömür yaşayıb.
Anım mərasimində iştirak edən Qazax Xeyriyyə Cəmiyyəti, Ramiz Göyüşov, Qazax Xeyriyyə Cəmiyyətinin mətbuat xidmət rəhbəri Səbinə Yusif, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin idarə heyətinin üzvləri Lalə İsmayıl, Tərxanım Müseyibqızı, üzvlərdən Zərxara Tağıyeva, Lilpar Qəzənfər, Rövşən Hüseynov və başqaları çıxış edərək Mirvarid Dilbazinin həyat və yaradıcılığından söz açdılar, onun ədəbiyyatımızın inkişafındakı xidmətlərindən bəhs etdilər.
Mirvarid Paşa qızı Dilbazi 19 avqust 1912-ci ildə Qazax rayonunun Musaköy kəndində dünyaya göz açmışdır.
1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın ilk qadın xalq şairəsi (1979). “Şərəf Nişanı” (iki dəfə), “Qırmızı Əmək Bayrağı” və “İstiqlal” (1997) ordenləri ilə təltif olunub.
APİ-nin dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil almışdır (1929). İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934–1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938–1940) vəzifələrində çalışmışdır.
“Qadınların hüriyyəti” adlı ilk şeiri 1927-ci ildə “Oktyabr alovları” adlı məcmuədə dərc edilmişdir. Bu dərgidə, o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən “Zəhra”, “Qurtuluş”, “Qadın” kimi şeirləri dərc olunmuşdur. Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutmuşdur. Bu illərdə şairənin yeddi kitabı çap olunmuşdur ki, bunların altısı Vətən müharibəsinə həsr edilmişdir. “Məhsəti” (1945), “Əlcəzairli qız” (1961), “Partizan Aliyə” (1972) poemalarının müəllifidir.
Şairin “Məhsəti” poeması süjetinin genişliyi,məzmun zənginliyi baxımından seçilən əsərlərindəndir. “Məhsəti” poeması məşhur rübai ustası M.Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir. “Əlcəzairli qız” əsəri real faktlar əsasında yazılmışdır. İkinci dünya müharibəsindən sonra Şərqdə genişlənən azadlıq hərəkatı, müstəmləkəçiliyə qarşı mübarizə yeni mərhələyə daxil olmuşdur. Bu illərin siyasi mənzərəsini diqqətlə izləyən şairə Əlcəzair hadisələrinin mərkəzində dayanan Cəmiləni və onunla bağlı azadlıq hərəkatını poeması üçün mövzu seçmişdir.
M.Dilbazinin şeirləri yalnız mövzu rəngarəngliyi ilə deyil, həmçinin forma müxtəlifliyi və fikrin bədii ifadəsi baxımından da yetkin sənət nümunəsi səviyyəsinə qalxmış, şeir xəzinəmizi zənginləşdirmişdir. M.Dilbazinin 70–80-cı illərdə “Bənövşələr üşüyəndə” (1970), “Ana qanadı” (1972),”Dağ çiçəyi” (1977), “Yasəmən fəsil”, “Seçilmiş şeirlər” (1979) şeir kitabları və nəhayət, 3 cilddə “Seçilmiş əsərləri” (1982–84) çap olunmuş, ona Azərbaycanın Xalq şairi fəxri adını qazandırmışdır.
Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəsləmişlər.
Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.