“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Aprel şəhidləri- “Vətən uğrunda əbədiyyətə…” layihəsinin icrasına başlayıb. Təşkilatdan Müstəqil.Az-a verilən məlumata görə, layihə 01.05.2018-31.07.2018-ciil tarixlərində (3 ay)həyata keciriləcək.
Layihə çərçivəsində 2016-cı ilin aprel ayının 2-də Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı zamanı qəhrəmancasına həlak olan hərbçilərimiz haqqında statistik məlumatlar toplanacaq və döyüşlərdə canını yurdlarına fəda etmiş qəhrəman Vətən övladlarına həsr edilən 25 dəqiqəlik sənədli film hazırlanacaq.Azərbaycan ordusunun döyüş meydanında qazandığı zəfəri özündə əks etdirəcək filmin Bakıda təqdimatı keçiriləcək.
Çox böyük qürurla deyə bilərik ki, 2016-cı ilin aprel ayının 2-də Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı zamanı düşmən ordusu təmas xəttində yerləşən mövqelərimizə hücum çəkib, yaşayış məntəqələrimizi atəşə tutarkən Azərbaycan ordusu düşmənə sarsıdıcı cavab zərbələri vurub.Həmin günü igid oğullarımız nəinki təxribatın qarşısını ala bildi, eyni zamanda daha əlverişli hərbi mövqeləri ələ keçirdi və təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. O günlərdə aparılan hərbi əməliyyatlar nəticəsində böyük hərbi qələbələr qazandıq,amma…Təəsüf ki,itkisiz qələbə olmur, xain düşmənlərin bu xəlvəti hücumu zamanı bizim də qəhrəmancasına həlak olan hərbçilərimiz və mülki şəxslərimiz oldu.
Aprel müharibəsi şəhidlərinin vətənin müdafiəsi sahəsində qəhrəmanlıqlarının təbliği, tanıdılması olduqca əhəmiyyətlidir. Bu qəhrəmanlığın gənclərə nümayişi layihənin əsas məqsədidir.Aprel müharibəsinin əhalinin vətənpərvərlik ruhunun artırılmasında rolunu nəzərə alaraq Azərbaycanın ən yeni tarixinin bu səhifələrinin tanıdılması cox vacibdir. Döyüş iştirakçılarının və şəhid ailələrinin xatirələri və müsahibələri əsasında hadisələr bu filmdə canlanacaq.
Müharibə şəraitində yaşayan ölkəmizdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi əhəmiyyət verilməlidir.Gənclərin aprel döyüşləri barədə məlumatlandırılması ilə bərabər həmin döyüşlərdə şəhid olmuş və torpaqlarımızın müdafiəsi zamanı igid oğullarımızın göstərdikləri qəhrəmanlıq salnaməsi də yazılmalıdır.Həmçinin qeyd etmək lazımdır ki, müharibə qəhrəmanları Azərbaycan gəncliyi üçün örnək olmalıdırlar.
Layihənin icrası nəticəsində daha geniş kütlənin aprel müharibəsi və şəhidlərinə dair məlumatlılığı artırılacaq. Gənclər müharibə şəhidlərinin keçdiyi şərəfli döyüş yolu haqqında bilgilənəcək və inanırıq ki, qəhrəmanları özlərinə örnək seçəcəklər.
Müstəqil.Az