Vergilər Nazirliyindən bildirilir ki, bu güzəştlərin tətbiqində məqsəd həm müştərilər stimul yaradılması, həm də nağdsız ödəmələrin ən çox “axsadığı” sahədə – pərakəndə ticarət və ictimai iaşə sahələrində nağdsız ödəmələrin həcmini artırmaqdır.
Bununla yanaşı, məlum olub ki, dəyişikliklər yanvarın 1-dən qüvvəyə minsə də, vətəndaşlar verginin onlara çatan hissəsini bir neçə aydan sonra alacaq. Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsinə dəyişikliklərin qüavəyə minməsi ilə bağlı prezidentin fərmanında bu məsələ 1.1.14-cü bənddə əksini tapıb. Həmin maddədə Nazirlər Kabinetinə tapşırılır ki, vergilərin geri qaytarılması, daha dəqiqi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Başqa sözlə, bu qaydalanın hazırlanması üçün Nazirlər Kabinetinə 3 ay vaxt verilib. «Bu qaydalar hazırlanıb qüvvəyə mindikdən sonra vətəndaşlar verginin qaytarılan hissəsini ala biləcəklər»-deyə nazirlikdən bildirilib. Qeyd edək ki, işlər qrafik üzrə getsə, yenilik apreldən qüvvəyə minəcək.
Bununla yanaşı, nazirlikdən bildirilib ki, həmin müddətə qədər edilən alqı-satqılar üçün də vergiləri geri almaq mümkün olacaq. Bunun üçün vətəndaşların kassa və digər çekləri saxlamaları tövsiyə olunur. //Fed.az