Yazıçı Aqil Abbas Ağdamın azad olunmasından və gənclik xatirələrindən danışıb.Müstəqil.Az millət vəkili ilə müsahibəni təqdim edir.
Aqil Abbasın Ağdam nisgili, Qarabağ sevgisi, illər sonra gerçəkləşdirəcəyi arzusu
Gecə yarıdan xeyli keçmişdi… Payıza xas olmayan bürküyə adət eləməmiş şəhər bərk tıncıxırdı. Bir yarpaq belə qımıldamırdı. Qəflətən bu buludsuz, bu aydın, bürküdən ulduzları da yorulub day sayrışmayan göylər sevincdən necə şaqqıldadı və qələbə müjdəsi necə səsləndisə, şəhər dik atıldı… Və dik atılan şəhər özünü atdı bayıra… 30 ilə yaxındır gözlədikləri Şanlı Zəfər gününü zurna-qavallı bir toy-bayram kimi qeyd etməyə…
Bu gün səhər qələbə sevinci ilə açılmışdı. O da divanda əyləşib televizorda şəhərin təntənəsini izləyir, qələbə qoxusunu ciyərlərinə çəkib xoşallanır, buludların arasından süzülən Tanrı işığına tamaşa eləyə-eləyə bu xoşbəxtliyin damları, torpağı, ağacları, pəncərələri döyəcləməsindən yaranan, Tanrıdan başqa heç bir bəstəkarın bəstələyə bilmədiyi qeyri-adi bir musiqiyə qulaq kəsilirdi…
Qəfildən oğlu arxadan kürəyini qucaqladı. Atasının yaşarmış gözlərinə baxıb dedi:
– Məşhur yazıçı oldun, xoşbəxtlikdi, millət vəkili oldun, xoşbəxtlikdi, film çəkdin, xoşbəxtlikdi, fəxri ad aldın, xoşbəxtlikdi… – hər uğurunda səninlə fəxr etdik, sevindik. Amma nə qədər nailiyyət qazansan da, heç zaman səni xoşbəxt görmədim, gözündə həmişə bir kədər vardı. Bu gün isə ilk dəfədir səni xoşbəxt görürəm…
Onu çoxları şən, deyib-gülən, zarafatcıl, bir az da söyüşcül biri kimi tanıyır. Elə mən də kənardan eşitdiklərimə istinadən o cür müsahiblə söhbət edəcəyimi düşünürdüm. Əslində, söhbətə başlamazdan öncə bir lətifə danışması xarakteri haqqında deyilənlərin doğruluğuna işarəydi. Amma bu gerçəklə bərabər bəlkə çoxlarının bilmədiyi bir həqiqət də varmış. Demə, bu dəli-dolu görüntünün altında kövrək, həssas, hətta bəzən ağlamağa bəhanə gəzən bir ürək döyünürmüş… Demə, bu 67 yaşlı ağsaçlı kişinin içində kövrək, gözüyaşlı bir uşaq yatırmış. Sanki anasından, vətənindən, ağ damlı evindən uzaq düşdüyü üçün özünü kimsəsiz sayan, yalnızlığını üzə vurmamaq üçün gülüşü özünə sipər seçsə də, heç nəylə yarasını sağalda bilməyən, illərlə içindən ağlayan nisgilli uşaq… Və düz 28 illik həsrətdən sonra bu “uşaq” yenidən doğma elinə, obasına, vətəninə, ağ damlı evinə qovuşub. İndi daha göz yaşlarını gizlin-gizlin içinə axıtmağa gərək yoxdu… İndi artıq sevincdən, vüsaldan ağlamağın vaxtıdı… Bəli, indi onun həyatının ən xoşbəxt çağıdı… Qarabağın azadlığına, öz balalarına qovuşduğu andır…
“Qarabağ söhbətləri”ndə bu dəfə tanınmış yazıçı, Əməkdar jurnalist, millət vəkili, “Şöhrət” ordenli Aqil Abbasla hər dəfə adını çəkəndə gözlərindən, ürəyindən güldüyü, kədərli xatirələri xatırladıqca kövrəldiyi Ağdamdan, Qarabağdan danışırıq.
Sinifdə mənə “kənddən gəlmiş” deyirdilər
– Mən həmişə özümə ağdamlı deyirəm. Çox adam da məni ağdamlı kimi tanıyır. Bunun da səbəbi var. Harda yaşayırsansa, dostların hardadırsa, səni qız üstündə harda döyüblərsə, ora sənə daha doğmadır. Bir də həmişə deyirdim, nə qədər ki, Ağdam işğaldadır özümü ağdamlı biləcəm, Ağdam azad olunandan, camaat qayıdandan sonra deyəcəm ağcabədiliyəm. Bu gün isə tək mən yox, hamımız ağdamlıyıq, şuşalıyıq, qarabağlıyıq.
Ağcabədinin Bayat kəndinin Kolanlı obasında dünyaya gəlmişəm. Babamın və babamın atasının məzarı ordadır. Amma əslimiz Kəlbəcərə gedib çıxır. Yeddi babamın üçünün məzarı Kəlbəcərdədir, gedib axtarıb tapmışdım orda. Ola bilsin, atamda o nostalji vardı deyə bizi tez-tez Kəlbəcərə aparırdı. 8 uşaqlı ailənin ən böyüyü olmuşam. 10 yaşıma qədər Bayatda yaşamışıq. Bizim kəndlə Ağdamın arası 18, Ağcabədinin arası isə 32 kilometr idi. Ona görə də atam uşaqların məktəb məsələsinə görə Ağcabədiyə nisbətən daha çox inkişaf eləmiş Ağdama köçməyə qərar verdi. Ağdam böyük mədəniyyət mərkəzi idi. Orda 10 məktəb, 3 kinoteatr, 2 muğam evi, dövlət teatrı, 4 texnikum vardı. Ağdam texnikumunun fortepiano şöbəsində tək azərbaycanlılar yox, Leninqraddan, Moskvadan, Kiyevdən gəlib təhsil alanlar da vardı.
Çox səliqəli şəhər idi. Odur ki, biz Ağcabədidən Ağdama köçdük. 2 nömrəli məktəbə getdim. Ora beynəlmiləl məktəb idi. Özü də əvvəl məni sinifdə bəyənmirdilər, “kənddən gəlmiş” deyirdilər. Ancaq 4-cü sinifdə dərsləri məndən köçürməyə başladılar, ondan sonra dostlaşdıq. Həm də gördülər qəşəng dalaşıram. Sinfimizdə təxminən 25 oğlan vardı. Sinif yoldaşlarımın 5-6-sından başqa hamısı Ağdam uğrunda gedən döyüşlərdə şəhid oldu. Mənim Ağdama bu qədər bağlı olmağımın bir səbəbi də məhz budur…
Dağın başına ağ daşlarla “AQİL” yazdım
– Uşaqlıqdan gəzməyi sevirəm. Azərbaycanı kənd-kənd gəzmişəm.Elə bir yer yoxdur ki, orda olmayım. Tək Ağdamı yox, bütün Qarabağı ayaqyalın gəzmişəm. Qarabağın elə bir kəndi, dağı, bulağı yoxdur ki, ora ayaq basmayım. Dünyanın da, demək olar, hər yerində olmuşam. Amma Kəlbəcər gözəllikdə cənnətməkan heç bir ölkədə yoxdur. Hara getmişəm, hətta İsveçrədə həmişə demişəm ki, bura Kəlbəcərin yanında heç nədir. Yayda biz ən çox Kəlbəcərə gedirdik. 5 dəfə Kəlbəcərə gedəndə bir dəfə Turşsuya gedərdik. Kəlbəcərin yaylaqlarını bittə-bittə tanıyırdım… İstisuda “Keti-Meti” dağı var. Ora çıxmaq çox çətindi. 9-cu sinifdə oxuyanda 15 oğlan yığışdıq ki, qalxaq o dağa. Təxminən 5 nəfər axıra qədər gedə bildi. Qalanları yarı yolda geri qayıtdı. Çıxdım dağın başına və ağ daşlarla 10 metr uzunluqda, yarım metr enində “AQİL” sözü yazdım. İçini də daşla doldurdum ki, ot bitməsin. O ad bir kilometr uzaqlıqdan baxanda görünürdü. Yəqin hələ də dağın başında qalır. Kəlbəcərdən Ağdərəyə qədər 10-15 bulağın başında ağacların da üstünə adımı yazmışdım. Eləcə də Şuşada, Turşsuda. O vaxt bu dəb idi… Qarabağda elə bulaqlar var ki, adamın əlini buz kimi kəsir. Biz həmişə mərcə girirdik görək kim bulağın içindən 5 daş götürə biləcək. Çox adam götürə bilmirdi. 5-ci daşı götürmək istəyəndə əli soyuqdan keyiyirdi, bütün daşlar tökülürdü suya. Qeyri-qarabağlılar bilməz, köklü qarabağlılar, özlərini xan-bəy nəvəsi sayanlar İsa bulağının suyunu bəyənməzdilər ki, adamı köpdürür. Zarıslı bulağını xoşlayırdılar. Doğrudan, bu suyun dünyada əvəzi yox idi. Nə qədər yeyirsən-ye, üstündən bircə stəkan o sudan içəndən sonra elə acırdın ki…
Ümumiyyətlə, Ağdamda yayda heç kim soyuducudan su içmirdi. Həyətdəki kranı açırdın, 2-3 dəqiqə axandan sonra suya əlini tuturdun buz kəsirdi. Yəni sözüm odur ki, mən Qarabağı beş barmağım kimi tanıyıram. Hətta hər hansı videoya o dəqiqə deyirəm bura filan yerdir və məlum olur ki, düz tapmışam.
“Qrad” Seyid Lazım ağanın 10 metrliyində torpağa girdi, partlamadı
– Ağdam mənim üçün bir başqa aləmdir. Ağdam general Murtuz Quliyevdir, Xudu Məmmədovdur, Rafiq Əliyevdir, Famil Mehdidir, Adilə Namazovadır. Ağdam Qədir Rüstəmovdur, Arif Babayevdir, Səxavət Məmmədovdur, Rəmişdir. Ağdam Allahverdi Bağırovdur, Fred Asifdir… Ağdam dünyanın ən gözəl, ən varlı şəhəriydi. Mən Nyu Yorkda körpünün altında yatan bomjlar görmüşəm. Ağdamda belə şey olmayıb. Şəhərdə imkansız adam yox idi. Məhlədə 8 ev idik, amma 13 maşın vardı. Ağdam böyük ticarət mərkəzi idi. Qarabağ xanı Pənah xanın çox fərmanları olub, “Batmanqılınc”ı da onun haqqında yazmışam. Pənah xan Şuşanı paytaxt seçəndən sonra Ağdamı da Qarabağın mərkəzi şəhəri elan etdi. İndiki dillə desəm, tapşırdı ki, kim Ağdama investisiya qoysa, ondan vergi alınmayacaq. İmkanlı adamlar Qarabağın ətrafından gəlib orda dükanlar açdılar. Fikir verin, Ağdamdan Bərdəyə, Ağcabədiyə, Füzuliyə 48, Şuşaya 37, Laçına və Yevlaxa 73, Ağdərəyə 37 km, Kəlbəcərə 80, Xankəndiyə 27 kilometrdir. Düz mərkəzdədir. Ona görə oranı seçmişdi Pənah xan. Ağdam da bu səbəbdən inkişaf etdi. Qarabağın hər bölgəsindən şənbə-bazar günləri Ağdam bazarına gəlirdilər. Özü də bazar olduqca səliqə-sahmanlı idi. Ət, toyuq, meyvə-tərəvəz, yağ-pendir satılan yerlər ayrı idi. 200 dəmirçi sexi vardı. Sadıq Murtuzayev sonradan bazara bitişik ticarət mərkəzi tikdirdi, geyim dükanlarını ora köçürdü. Özü də Ağdama atılan ilk “qrad” oranı yandırdı. Çox qəribə hadisə olmuşdu o vaxt. Ağdamda məşhur Seyid Lazım ağa vardı. Ağdamlıların inam yeriydi. Hamının cibində, maşınlarında onun şəkli olardı. Bazarda Seyid Lazım ağanın bir yeri vardı, kreslo qoyurdular otururdu. Nəzir vermək istəyənlər ora gəlirdi. Məsələn, kiminsə balası instituta girəndə gəlirdi onun yanına, Seyid də o uşağın cibinə pul qoyurdu. Bir dəfə bir “qrad” Seyidin 10 metrliyində torpağa girdi, partlamadı. Partlasaydı, azı 300 adam ölərdi. Hamı deyirdi Seyidin cəddi qoymadı “qrad” partlasın. Seyid Lazım ağa müharibədən sonra öldü. Ağdamın Çəmənli kəndində dəfn olundu. Arzu adlı bir yəhudi onun məqbərəsini tikdirdi, o ərazini abadlaşdırdı, ehsan yeri tikdi. İndi ora ziyarətgahdır.
Ağdam torpağının özü də bərəkətli, zəngin torpaq idi. Kəndləri də varlı idi, çünki əkib-becərirdilər. Ağdam ildə 200 min ton üzüm istehsal edirdi. Bu da 160 min ton çaxır demək idi. Ağdamda 13 çaxır zavodu vardı. 70 min ton pambıq verirdi. Əgər müharibə olmasaydı, Qarabağ işğal edilməsəydi, bizim dövlət büdcəmiz 80 milyard dollar olardı. Xankəndinin sənaye, Ağdamın sənaye və kənd təsərrüfatı obyektləri, Füzuli böyük sənaye və kənd təsərrüfatı rayonu olaraq dövlətə nə qədər xeyir verəcəkdi. O da qeyd olunmalıdır ki, dövlət qaçqın və məcburi köçkünlərə nə qədər qayğı göstərdi. Maaşları saxlanıldı, kommunal xərclərdən azad olundular, hər ailə üzvü çörəkpulu aldı. Nə qədər qəsəbələr tikildi, yeni binalar inşa olundu. Bunlar hamısı xərcdi. Yoxsa indi hamı bəy kimi dolanardı…
Ağdamın quruculuğunda xüsusi xidmətləri olan, canla-başla işləyən 3 katibin adını çəkmək istəyirəm. Nadir Abbasov şəhəri səliqəyə salıb. Ağdamın içində qobu vardı, kanalizasiya ora axırdı. Şəhərin başından çıxacağına qədər uzanırdı. Nadir Abbasov suyu borulara aldı, qobunun üstünü örtdü. Ağdam Rayon Partiya Komitəsi, univermaq onun üstündə tikilmişdi, park da salmışdı. Heç kim inanmırdı ki, orda üfunət iyi verən qobu vardı. Oranı cənnətə çevirdi. İkinci, Telman Orucov Ağdamın kənd təsərüffatını, iqtisadiyyatını yüksəltdi, zavod, fabriklər tikdirdi. Sadıq Murtuzayev də heyvandarlığı yüksəltdi, şəhəri abadlaşdırdı, Əmək sarayı, Mədəniyyət evi və başqa binalar, böyük heyvandarlıq kompleksi tikdirdi. 3 yerdə – Şelli, Abdal Gülablı və Şahbulaqda istirahət zonası yaratdı. Yerli camaat orda pulsuz istirahət edirdi. Lap əvvəl isə Ağdamda Kommunal təsərrüfat idarəsinin rəisi Məşədi Abbas olub. O da Ağdamda böyük abadlıq işləri görüb. Muxtar Əliyev isə Qaraağacı qəbiristanlığını düzəltmişdi. O cür qəbiristanlıq Avropada var. Gecə hər yanda işıqlar yanırdı. 3 km uzunluğunda, 2 km enində 2-3 min yaşı olan qədim qəbiristanlıq idi. Qacar nəslinin məzarları da orda idi. 1965-ci ildə İran şahı şah nəslinin nəşini köçürdü ordan. Camaat o məzarların üstündə məqbərə tikmişdi.
“İmarət” qəbiristanlığı isə ağdamlıların Fəxri xiyabanı sayılırdı. Qarabağ xanlarının məzarları o qəbiristanlıqda idi. Pənah xan, İbrahim xan orda dəfn olunublar. Murtuzayev o məzarların üstündə məqbərə tikdirdi. Natəvanın qəbrinin üstündə isə büstünü qoydurdu. Yəqin ermənilər oranın hamısını dağıdıblar. Amma eybi yox, ondan da gözəlini tikəcəyik.
Atama tapança vermişdim ki, əsir düşsən, özünü vurarsan
– Ağdamdakı evimizdə işğaldan 3-4 gün qabaq olmuşdum. Qardaşımın ailəsini çıxarmışdıq. Amma atam işində-gücündə idi. Şıxbabalıda sovxozda baş mühasib işləyirdi. İyulun 23-ü atam işdə olub. Fred Asifin əsgərləri həmin ərazidə döyüşürdülər. Ermənilər üç tərəfdən şəhərə daxil olmuşdular. Əsgərlər gəlib demişdi ki, “dayı, Ağdam yoxdu ey, götürülüb”, nə gəzirsən burda və sağ-salamat Qarqardan keçirmişdilər.
O vaxt atama bir tapança vermişdim. Demişdim, bu tapançanı ermənilərə atmaq üçün vermirəm ha. Qəfil şəhərə girərlər, əsir düşərsən, bilə-bilə sənə nə işgəncə verirlər hamımız diri ölərik. Səni and verirəm inandıqlarına, əsir düşsən, özünü vurarsan… Əsir sahibi olmaq ağır şeydir. Mən görmüşəm o əzabı. Bacımın əri Ağdam polis şöbəsində işləyirdi, sahə müvəkkili, kapitan idi. Ermənilər yalandan demişdi sağdır, 6 aydan sonra bildik şəhid olub. O 6 ayda bacımın, ailəmizin nələr çəkdiklərini görmüşəm. Sonra meyitini verdilər, Ağcabədinin Avşar kəndində dəfn etdik, “Azərbaycan bayrağı” ordeni ilə təltif edildi. Dəfn edəndən sonra hamı rahatlaşdı elə bil. Mən çox əsirlər görmüşəm. Bizdə də erməni əsirləri vardı, amma gündə 3 dəfə yemək, siqaret verirdik. Bizim əsirlərə isə ermənilər dəhşətli işgəncələr verirdilər, ac-susuz qoyurdular…
Şükür, atam əsir düşmədi. Fred Asifin əsgərləri onu Qarqar çayından sağ-salamat keçirib Ağcabədiyə yola salmışdılar. Atam uzun müddət Bayat kəndində qardaşıoğlugildə qaldı. Sonra Bakıya gətirdik. Amma bizimlə yaşamadı, dedi bina evində qala bilmərəm. Montində ona balaca bir həyəti olan ev aldım. Qarşısında xudmani bağ da vardı, atam orda nərd oynayırdı. Yoldaşı şəhid olan bacımla qızı da atamla o evdə yaşayırdı. Atam Ağdamın yoxluğuna 5 il dözdü. 1998-ci ildə 71 yaşında rəhmətə getdi. Heç xəstələnməmişdi də. Almanı sevirdi. Hər gün 2 kilo alma yeyirdi. Şərqşünaslıq məzunuydu, Nizaminin “Xəmsə”sini farsca əzbərdən bilirdi. Uzun illər Şərabçılıq sovxozunun direktoru olsa da, ömrü boyu dilinə içki dəyməmişdi. Qatı dindar da deyildi atam. Sadəcə içkini sevməzdi. Şərab içən adam gözünün düşməni idi. Nə Ağcabədi, nə də Ağdamda evimizdə məclislərdə içki verilməyib. Mən də ilk dəfə 35 yaşımda dilimə içki vurmuşam. Ölənə kimi atam bilmədi içdiyimi, siqaret çəkdiyimi. Özü də bircə vəsiyyəti oldu mənə. Bizim nəslin qəbiristanlığı Kolanıdadı. Amma bir qardaşım 1981-ci ildə 25 yaşında qəzaya düşdü. Atam onu Ağdamda Qaraağacı qəbiristanlığında dəfn etdi. Dedi, mənim ürəyim oğlumu ziyarət etmək istəyəndə Ağcabədiyə getməyəcəm ki. Elə burdan-bura gedib ziyarət edərəm. Anam da qardaşımın yoxluğuna dözmədi, 3-4 il sonra rəhmətə getdi. Onu da elə qardaşımın yanında dəfn etdik. Atamı isə Ağcabədidə öz kəndimizdə torpağa tapşırdıq. Atamın son nəfəsində istəyi o oldu ki, Ağdam işğaldan azad olunandan sonra ananla qardaşını mənim yanıma köçürmə. Qəbirlərini təzədən düzəltdirərsən, ermənilər dağıdıblar. Başqa vəsiyyəti olmadı… Çox şükür 22 ildən sonra atamın vəsiyyətini yerinə yetirə biləcəm…
Qarabağ savaşı dünya hərb tarixinə düşəcək
– Bilirsiz, o vaxt heç kim inanmazdı ki, ermənilər Ağdama girə bilər. Könüllü batalyonları ləğv etmişdilər. Rayonun müdafiəsini də vermişdilər Surətin 709 saylı hərbi hissəsinə. Onlar da erməni güllə atan kimi çıxdılar Ağdamdan. Bircə Fred Asiflə Allahverdi Bağırovun dəstəsi axıra kimi qalıb döyüşdü. Azərbaycanın hər yerindən ora köməyə gəlmişdilər. Kim Ağdamda yaralanıbsa, şəhid olubsa, o, ağdamlıdır. Ağdam 6 mindən çox şəhid verdi. Ağdamın 3 şəhidlik qəbiristanlığı vardı. Sonuncusu Uzundərədə idi. Ağdamdakı, daha dəqiqi, Quzanlıdakı Şəhidlər xiyabanı isə tam fərqlidir. Bu fərqlilik də şəxsən mənim ideyamdır. Orda həm 16 Milli Qəhrəmanımız uyuyur, həm də Ağdamda şəhid olan insanların adları yazılıb. Nizami Sadıqov icra başçısı olanda bu xiyaban salınan zaman məsələ qaldırdım ki, abidədə təkcə ağdamlı şəhidlərin deyil, Azərbaycanın müxtəlif bölgələrindən gəlib Ağdamda şəhid olanların da adları yazılmalıdır, çünki onların hamısı ağdamlıdır. Belə də etdik. Bütün rayonların icra hakimiyyətlərinə məktubla müraciət etdik ki, Ağdamda ölən şəhidlərin ad, soyadlarını göndərin. Təəssüf ki, müraciətimizə laqeyd yanaşdılar. Çoxu göndərmədi. Bir yas yerində icra başçılarından birini gördüm. Dedim, sizə bu məsələ ilə bağlı məktub göndərmişdik, cavab vermədiniz. Təəccübləndi ki, mən elə bir məktub almamışam. Müavininə zəng elədi, danladı ki, niyə yazıb göndərməmisən siyahını. Sözüm ondadır ki, o məktubların əksəriyyətini dərkənar yazıb atıblar qırağa. Şəhidlərin adlarının çoxunu özümüz tapmışıq. Məsələn, Səttar Möhbalıyevin qardaşı Əhməd Möhbalıyev zabit idi. Naxçıvandan Ağdama könüllü gəlib, bir komandir kimi orda şəhid olub. Onun da adını yazdıq. Hələ də bu iş davam edir. Həmin ərazini abadlaşdırmışıq, namaz qılmağa yer var, çayxanada isə çay pulsuzdur, ehsandır…
Biz o vaxt da qeyrətlə vuruşduq, bu gün də. Bu gün niyə qalib gəldik? O vaxt komandanlıq, nizam-intizam, ordu yox idi. İndi möhtəşəm ordu, ali baş komandanlıq, nizam-intizam var. Planla, sxemlə işləyirlər. Qarabağ savaşı dünya hərb tarixinə düşəcək. Belə savaş indiyə kimi görünməyib. Təsəvvür edin ki, Şuşanın 3 tərəfi sıldırımdır. Oranı alpinistlər çıxa bilməz. Bizim xüsusi təyinatlılarımız o sıldırımı çıxır, yaralı yoldaşını da qoymur orda, çiyninə alır qalxır yuxarı. Görün nə oğullar var. Şuşanın azadlığı uğrunda 400 xüsusi təyinatlımız 650 erməni xüsusi təyinatlısı, 2 mindən çox əsgərilə döyüşüb, erməninin 400 xüsusi təyinatlısının, 1500-dən çox əsgərini məhv edib. Rus jurnalisti yazırdı ki, Şuşadan gələn erməni hərbçilərin çoxu tapança və bıçaq yaraları alıblar. Bu o deməkdir ki, Şuşa əlbəyaxa dava ilə işğaldan azad olunub. Bu, qəhrəmanlıq deyil, bəs nədir?!
Evlərimizin qumuna, sementinə, əhənginə həm də sevinc göz yaşlarımızı qatacağıq
– Mən həmişə demişəm, mənim üçün Ağdam yox, Şuşa önəmlidir. Şuşasız Ağdamı istəmirəm. Deyirdim, kim Şuşanın azad olunacağına, ora gedəcəyimizə inanmırsa, 2 metr kəndir alıb özünü assın. İnsan inamsız yaşamaz. Hər zaman Qarabağı azad edəcəyimizə inanmışam. Həm də mən çox şey bilirdim. Ordudan xəbərim vardı. Milli Məclisin Müdafiə komitəsinin üzvü olaraq hərbi hissələrdə çox olurdum. Üstəlik, Prezidentimizin apardığı siyasətə hər zaman inanmışam. Bilirdim ki, torpaqlarımızı erməni işğalından azad edəcəyik. Elə də oldu. Qarabağı azad etdik. Ermənistanı təslimçilik bəyanatına imza atdırdıq. Sülh müqaviləsi bağlananda xalq görəcək nələri əldə etmişik. Hərdən sosial şəbəkələrdə ağız büzənləri görəndə hirslənirəm. İsti yerlərində oturub yekə-yekə danışmaq asandır. Mən bilirəm bu savaşda nə qədər şəhid vermişik. Təkcə Ağdamı, Kəlbəcəri və Laçını azad edəndə bir o qədər şəhid verəcəkdik. Kəlbəcər alınmaz yerdi, orda mindən çox kaha var. Oranı təmizləmək dəhşətli şeydir. Bu torpaqları qansız, şəhid vermədən, Prezidentin müdrik siyasəti nəticəsində aldıq.
Təəssüf ki, Ermənistan bizim şəhər və kəndlərimizi “şumlayıb”. Özü də faşistlərdən betər “şumlayıb”. Təbii ki, bu, bizi ağrıdır. Amma əsas torpaqlarımızın azad olunmasıdır, qalanı təfərrüatdır.
Cocuq Mərcanlını 4-5 ayın içində bərpa edib, güllü-çiçəkliyə çevirən dövlət dağıdılmış şəhər və kəndlərimizin yenidən bərpası üçün yəqin ki, çoxdan plan tutub. Qarabağı bir neçə ilə tikəcəyik. Şükür, pulumuz, varımız da var. Nə lazımdırsa, dövlət hər şeyi edəcək. Bəlkə də şəhər və kəndlərimiz azad olunub minalardan təmizləndikdən sonra icazə veriləcək ki, hər kəs öz kənd-kəsəyinə gedə bilsin. İnsanların əksəriyyəti gedib öz həyətlərində çadır qurub yaşayacaq və dağıdılmış ocaqlarını özləri tikəcək. Daş tapan daşla, daş tapmayan da lap çiy kərpiclə yuvasını quracaq. 27 ildir hamı o torpağa qayıtmaq istəyi ilə yaşayır. Hamı o günü səbirsizliklə gözləyir. Bakıdakı cah-cəlaldansa, Ağdamdakı koma mənə daha maraqlıdı, daha gözəldi, daha müqəddəsdi… Tezliklə Qarabağa böyük köç başlayacaq. Mən burdan ağdamlılara müraciət edirəm. Ağdamlılar bu gün də imkansız adamlar deyillər, daşdan pul çıxara bilirlər. Qoy imkanı olan öz evini özü tiksin, dövlətə çox yük düşməsin. Gücü çatan əlini qonşuya da uzatsın ki, o da evini tikə bilsin. Bilirəm, ağdamlılar bunu edəcək. Biri elə mən. Bir-birimizə və dövlətə əl tutaq ki, daha tez tikib qurtaraq. Üstəlik, daş da əlimizin altında. Ağdamda iki daş karxanası vardı, böyüyü də Şahbulaq. Bütün Qarabağ həmin Şahbulağın daşıyla tikilmişdi. Hər dəfə yolum Şahbulağa düşəndə heyrətlənirdim ki, burdan hər gün nə qədər daş daşınır, amma dağ yerindədir. Elə bil Xəzər dənizindən dolçayla su götürmüsən. Və onu da deyim ki, Şahbulaq daşı Bakı karxanalarındakı daşdan həm möhkəmliyinə, həm də ağırlığına görə fərqlənir. İndi Şahbulaq yerində durur, Qarabağı yenidən tikmək üçün on dəfələrlə artıq daş ehtiyatı var.
Gənclərimiz hərb meydanlarında göstərdikləri şücaəti indi də tikinti meydanlarında göstərəcəklər. Dəfələrlə demişəm və yenə deyirəm, dağılmış evlərimizi və yurdlarımızı daha gözəl və daha yaraşıqlı tikəcəyik. Bilirsiniz niyə? Çünki onun qumuna, sementinə, əhənginə həm də sevinc göz yaşlarımızı qatacağıq.
Çadırda yaşaya-yaşaya atamın evini təzədən tikdirəcəyəm
– Qarabağın işğaldan azad ediləcəyinə olan inam əsərlərimdə də var. Bütün əsərlərimi inam üzərində qurmuşam. “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” əsərimdə bir müəllim obrazı var. Malıbəyliyə, ordan da Xankəndinə gedir ki, evini yandıran Aşotu öldürsün. Hər zaman inanırdım ki, biz də nə vaxtsa gedəcəyik.
Mən Qarabağ müharibəsinin şahidi yox, iştirakçısıyam. Özüm orada doğulduğuma, yaşadığıma görə yox, sadəcə müharibə başlayan gündən ön cəbhədə səngərdə olmuşam. Orada gördüyüm hadisələr, insanlarımızın başına gətirilən faciələr “Dolu”nu doğurdu. “Dolu” romanında mən təkcə Qarabağ müharibəsini deyil, ümumiyyətlə, müharibənin dəhşətlərini, bu dəhşətlərin nəticələrini təsvir etmək istəmişəm. Göstərmək istəmişəm ki, hər bir müharibə ədalətsiz bir ideyanın nəticəsi, buna səbəb olan ölkə isə ədalətsizliyin tüğyan etdiyi bir məkandır. “Dolu” uzun illər yazmaq istədiyim bir əsər idi. Hər dəfə yazmağa başlayırdım, amma başqa bir əsər ortaya çıxırdı. Nəhayət, günlərin bir günü – 2008-ci ildə Qarabağ müharibəsinin yazıçı ürəyinə yağan “Dolu”su yarandı. Əsərin sonunda döyüşdə şəhid olmuş insanların ruhlarının yenidən komandirin ardınca işğal olunmuş torpaqlarımıza doğru irəliləməsi əsərin bədii ideyasının əsasını təşkil edir. Romanın əsas məqsədi insanlarda bu ideyaya inam yaratmaqdır ki, zaman gələcək Azərbaycan əsgəri əsərdə təsvir edilmiş qondarma sərhədi aşacaq. “Dolu” filmində də müqəddəs ruhlar bu sərhədi Ağdamın cəbhə xəttindəki qadağa nöqtəsini keçib gedir və Azərbaycan insanında haçansa bu sərhədi mütləq keçəcəyi inamını yaradır…
Zaman göstərdi ki, bu inam, bu ümid boş deyilmiş… Biz artıq bütün sərhədləri keçdik. İndi Qarabağın hansısa bölgəsinə getmək üçün sərhəd aşmağa gərək yoxdur. İndi öz torpağına uzaqdan həsrətlə, nisgillə baxmaq geridə qaldı. İndi ürəyimiz istəyəndə evimizə, yurdumuza gedəcəyik…
Mən indyə kimi deputat səlahiyyətimdən istifadə etməmişəm. Amma bu dəfə edəcəm. Yəqin Ağdama hamıdan tez gedəcəm. Birinci Pənah xanın qəbrini ziyarət edəcəm. Atamın anası o nəsildəndir. Ondan sonra anamla qardaşımın məzarını tapacam… Daha sonra evimizə gedəcəm. Həyətimizdə çadır quracam. O çadırda yaşaya-yaşaya atamın evini təzədən tikdirəcəm. Özü də əvvəl necə idisə o cür… Və Bakıdan birdəfəlik Ağdama köçəcəm. Oğlum da orda yaşamaq arzusundadır.
Bir istəyim də var. O vaxt Ağdamda 10 mindən çox qədim, müxtəlif növ kitabla zəngin böyük kitabxanam vardı. O kitabxanamın da 30-35 üzvü vardı. Oxuduqları kitabı qaytarıb, təzəsini götürürdülər. Mən Ağdama düşən kimi o üzvlər hamıdan qabaq gəlirdilər ki, təzə kitab gətirmisən? Ağdamda üç şəxsin böyük kitabxanası vardı. Jurnalist Surxay Əlibəylinin, Sadıq Murtuzayevin və mənim. Surxayın kitabxanasının yarısını nərddə mən udurdum. Uduzanda bir maşın kitabını yığıb gətirirdim evə… Evdə kitab saxlamaq çətindir deyə Ağdamın çıxacağında Şuşa yolunun üstündə həyət yeri götürmüşdüm, hasarını da yarımçıq da olsa çəkmişdim. Arzum o idi ki, orda bir ev-kitabxana tikim, hamının üzünə açıq olsun. Heyif ki, tək evim yox, o kitabların da hamısı yandı. Amma bu dəfə o arzumu yerinə yetirəcəyəm. Ölməyə də hələ hazırlaşmıram…
Əvvəl-əvvəl ağzını kəhrizin gözünə dayayıb neçə il həsrətini çəkdiyi, az qala dadını unutmaqda olduğu bal kimi sudan içəcək. Sonra əl-üzünü möhkəm-möhkəm yuyacaq, amma bu o qədər də ləzzət eləməyəcək. Soyunub girəcək kəhrizin göz yaşı kimi təmiz, bumbuz suyuna. Gözlərini yumacaq və xoşbəxt uşaqlığını xatırlayacaq…
…Tez-tez qaçıb gəlirdilər bura. Bu göz yaşı kimi təmiz, bu bumbuz suda çimişməkdən doymazdılar. Onda onların özləri də göz yaşı kimiydilər, amma bumbuz deyildilər, od-alovluydular, təzə-təzə qızların ürəklərini yandırıb-yaxan vaxtlarıydı. Ən çox sevdikləri isə kəhrizdəki balaca balıqları tutmaq idi. Bəzən bu balıqları tutmaq üçün saatlarla yarışırdılar. Amma heç biri bu yarışda qalib gələ bilmirdi…
Gözlərini yumacaq, onunla bu kəhrizdə çimə-çimə böyüyən dostlarını xatırlayacaq. Çoxu müharibədə şəhid olmuşdu…
Uşaqlıqda olduğu kimi, əlini atıb balaca balıqlardan birini də tutacaq, üz-gözündə sevinc açacaq. Neçə iliydi bu xatirələrin, bu şirinliyin, bu duruluğun həsrətini çəkmişdi.
Uzaqdan, lap uzaqdan, eyy lap uzaqdan Qədir Rüstəmovun səsi gələcək:
– Bu dərənin uzunu, Tanrı qaytardı quzunu…
… Qəflətən minlərlə at ağız-ağıza verib necə kişnəyib, göylər necə şaqqıldayacaqsa, çöllər diksinəcək, ağaclar diksinəcək, çaylar diksinəcək, dağlar diksinəcək. Şimşəklər göy üzünü parça-parça eləyəcək. Və göy üzündən də yuxarıdan necə bir Dolu başlayacaqsa, camaat dik atılacaq və sevinclə özünü atacaq bayıra…
“Azərbaycan” qəzeti