İndiki gənclər bilməz, şükürlər ki, müstəqil olandan sonra day orta məktəb şagirdlərini pambıq yığımına aparmırlar. Şagirdlər bütün güclərini oxumağa, təhsilə verirlər. Ona görə son 30 ildə yusifməmmədəliyevlərin, xuduməmmədovların, arifbabayevlərin (söhbət xanəndə Arif Babayevdən getmir), rafiqəliyevlərin, fərəməzmaqsudovların, əhlimanəmiraslanovların, cəlalallahverdiyevlərin, mirəliqaşqayların və sair və ilaxır sayı o qədər artıb ki, adam sevinməyə bilməz.
Yoxsa mənfur Sovet hökuməti vaxtı təhsil o qədər bərbad idi ki, bir dənə də Xudu Məmmədov yetişdirə bilmirdik, nəinki Yusif Məmmədəliyev. İndiki gənclər üçün yazıram. Deməli, yeni dərs ili başlayandan (onda dərs ili sentyabrın 1-i başlayırdı, 15-i yox) təxminən 10 gün sonra məktəbliləri, daha dəqiq desək, 7-10-cu sinif arası şagirdləri pullu rayonlar avtobuslara doldururdu, kasıb rayonlar üstüaçıq QAZ-51, ya QAZ-53-lərə, aparırdı pambıq yığmağa. Və təxminən bir ay uşaqlar dərsdən ayrılmalı olurdular. Yəni dərs ili 9 ay yox, 8 ay çəkirdi. Ona görə məktəblər Xudu Məmmədov hazırlaya bilmirdi və ya Rafiq Əliyev və ya olsun Misir Mərdanov.
Səhər saat 7-də yığışardıq məktəbin qabağına, hərəmiz də həm fartuk (önlük), həm də günorta yeməyi götürərdik. Kimin nəyə gücü çatardı. İmkanlılar axşam evdə bişən yeməkdən – dolmadan, katletdən, imkansız uşaqlar isə soyutma yumurta və soyutma kartof gətirərdi.
Amma maraqlı burası idi ki, günorta hər kəs gətirdiyi yeməyi tökərdi ortaya. Və hamı birlikdə çörək yeyərdi, kimi istəyərdi dolma, katlet, toyuq soyutması, kimi istəyərdi soyutma kartof və yumurta. Ən maraqlısı o idi ki, soyutma kartofla yumurtanı varlı ailələrin uşaqları yeyirdi.
Yuxarı sinifdə oxuyanda uşaqlar artıq su butılkalarında araq da gətirməyə başlamışdılar. Həmin vaxt mən araq içmirdim, mənim payım üstə dava düşərdi. Gözəl günlər idi.
Amma bizim pambıq yığmağa getdiyimiz kəndlərdə camaat bizə düşmən kimi baxardı, çünki onların min bir əziyyətlə yetişdirdiyi pambığı bizim yığmağımıza razı deyildilər. Ona görə ki, onlar yığdığı hər pambığın kiloqramına görə 20 qəpik, ilin sonunda da əlavə pul alırdılar. Biz isə gedib onların çörəyinə şərik olurduq. Ona görə də yerli camaat bizə nemes kimi baxırdılar.
Həm də pambıq iki cür yığılırdı – biri vəlnən, biri də külləmə. Təbii ki, uşaqlar vəli xoşlamazdılar, külləmə yığardılar, yəni harda yaxşı pambıq vardısa onu götürərdilər. Sonra camaat məcbur idi bizim yığmadığımız pambığı yığsın.
Adətən Ağdam məktəblilərini ya Quzanlıya, ya da Üçoğlana aparardılar. Üçoğlana aparanda sevincimin həddi-hüdudu olmazdı. Çünki Üçoğlanla doğulduğum Ağcabədi rayonunun Hacılar kəndini bir Qaralı qobu ayırardı. Dörd dostuma deyərdim ki, ora bizim kəndimizdi, gəlin gedək. Gedərdik əmimgilə, yeyib-içərdik, sonra da hərəmizə 15-20 kiloqram pambıq verərdilər, bir dənə də maşın, qaytarardılar geri. Həmin gün kef edərdik.
Kəndlilər bizi niyə söyürdü? Çünki yuxarıda dediyim kimi, onlar hər kiloqrama 20 qəpik və sonra da əlavə aldıqları halda, biz yığdığımız pambığa görə kiloqramına 2-3 qəpik də
almırdıq. Deməli, bir ay gedirdik pambığa, sonda aldığımız pul olurdu ya 4 manat 60 qəpik, ya 6 manat 40 qəpik və sair və ilaxır. Mənim oxuduğum məktəb bir ay müddətində çox olsa yığardı 10-15 ton pambıq. Halbuki onu bir pambıqyığan maşın 1-2 günə yığardı.
Bunları niyə yazıram? Ona görə ki, indiki gənclik bilsin ki, biz nə əziyyət çəkmişik və niyə bizim vaxtımızda xuduməmmədovlar yetişmirdi.
İndi gələk əsas məsələyə. Büdcədən ayrılan pul da həmin pambıqpulu kimi bir şeydi. Deməli, Azərbaycan hökumətinin Müdafiə Nazirliyi üçün büdcədən ayrılan pulu gətirib tökürlər Müdafiə Nazirliyinin həyətinə, «KAMAZ»-larla. Sonra Müdafiə Nazirliyinin əməkdaşları da hərəsi bir fartuk (önlük) bağlayıb başlayırlar o pulu yığmağa, kim nə qədər yığdı-yığdı. Necə ki biz pambıqçıların zəhmətini külləmə ilə əllərindən alırdıq, Müdafiə Nazirliyində də fartuk bağlayanlar eləcə xalqın pulunu pambıq kimi yığırlar. Biri iki milyon, biri on milyon, biri on beş milyon, biri səksən milyon… Kim nə qədər bacardı.
İndi baxıram, Müdafiə Nazirliyində «pambıq yığımı» davam edir.
Məsələn, mən bir ay boyu 600 kiloqram pambıq yığırdım, alırdım 6 manat, amma məktəbimizin direktoru alırdı həmin 600 kiloqram pambığın pulunu, yəni 600 manat. Çünki bizlərə kiloqramını, pambıqçılar kimi, 20 qəpikdən yox, 10 qəpikdən verirdilər. O da ordan Maarif müdirinin pulunu verərdi və sair və ilaxır.
İndi oxuyuram ki, Müdafiə Nazirliyində büdcəyə nəzarət edən sabiq rəis 80 milyon manat «pambıq pulunu» mənimsəyib. Görəsən nə qədəri onun özünündür, nə qədəri «Maarif müdirinin»?
Artıq bu, DTX-nın görəcəyi bir işdir.
Yadıma bir köhnə anekdot düşdü.
Heydər Əliyev Murtuz Ələsgərova zəng edir:
– Murtuz müəllim, Rusiyanı Napoleonun hücumundan qoruyan sərkərdənin adı nədir?
– Kutuzov.
– Onun bir gözü yoxuydu də?!
– Bəli, cənab prezident.
Yarım saat keçir, bir də zəng edir:
– Ələsgərov, İngiltərənin istiqlaliyyətini qazananın adı nədir?
– Admiral Nelson.
Bir az keçir, bir də zəng edir:
– Murtuz müəllim, onun da bir gözü yox idi?
– Bəli, cənab prezident.
– Murtuz müəllim, bəlkə biz də Səfər Əbiyevin bir gözünü çıxaraq?!
İndi, uçastkovı, özün başa düşdün də…