AQİL ABBAS: «GÜN KEÇDİ» FİLMİ VƏ «QARABAĞ»

AQİL ABBAS: «GÜN KEÇDİ» FİLMİ VƏ «QARABAĞ»

Rejissor Arif Babayevin çox möhtəşəm  sənət əsərlərindən biri də Anarın  ssenarisi  əsasında çəkdiyi «Gün keçdi» filmidir. Filmdə çox böyük mesajlar var. Nə filmi təhlil etmək  fikrindəyəm, nə də həmin  mesajları yazmaq.  Çünki  mövzum bu deyil.

Amma bir  mesajı, daha  doğrusu, filmdəki bir epizodu  xatırlatmaq istəyirəm. Bir kor İçərişəhərdə əl  ağacı ilə əllərini  divara  sürtə-sürtə öz evinə gedir. Divarların hərarəti, doğmalığı, barmaqlarının  onu duyması  necə gözəl   təsvir olunub? Özü də bu film  çəkilən ərəfədə İçərişəhərdə  söküntü   işləri gedirdi.  Təbii ki, indi heç bir  kor İçərişəhərdə öz evini  tapa bilməz, heç gözlü  adam da tapa bilməz. O qədər  obyektlər, çayxanalar, restoranlar   tikiblər ki, İçərişəhərin  o doğmalığı, o hərarəti itib. Hələ yaxşı ki, gec də olsa qoruq  elan elədilər, bunun  qarşısını aldılar.

Niyə bu  səhnə  mənə doğmadı? Çünki mən də  Ağdam işğaldan  azad olunandan  sonra ilk dəfə şəhərimizə gedəndə öz evimizə getmək istədim. Bir istinad nöqtəsi də yoxdur ki, onu  tapasan, sonra küçəmizi, məhləmizi  tapasan.  Hələ işğal altında  olanda  övladlarım  deyirdi ki, ata, Ağdamdakı  evinizi tapa biləcəksən? Deyirdim, bəli, iyləyib tapacam.

İçərişəhərdə evini  tapan kor məndən  bəxtəvər idi. Heç olmazsa   divarlar vardı, əlini   sürtüb  tapırdı. Ağdamda  divarlar da  yoxuydu. Amma birbaşa getdim  evimizə, həyətimizə, hamı çaşdı qaldı.

Darmadağın  olmuş şəhər mənə o qədər  doğma idi ki, lap gözlərimi  bağlasaydılar da gedib  evimizi tapacaqdım. Çünki dağılmış yurd yerləri də, keçdiyim küçələr də  mənim  üçün  o qədər   əziz idi ki.

İndi gələk mətləbə. Mətbuatda oxuyuram, hamı yazır ki, «Qarabağ» Çempionlar  Liqasına  düşərsə, lap  Avropa Liqasında   oynasa da  ev oyunlarını Beynəlxalq Olimpiya Stadionunda  keçirsin. Səbəb də göstərirlər ki, BOS-un  azarkeş tutumu  Tofiq Bəhramovdan  iki dəfədən  çoxdur.

Filmdəki  kor kimi və elə  mənim Ağdamda  evimi  tapdığım kimi «Qarabağ» komandasının  futbolçuları da  Tofiq Bəhramov stadionunda gözlərini   bağlasalar da otun  ətrindən, torpağın ətrindən  tuta bilərlər topun hardan gəldiyini, hara getdiyini, rəqiblərin  nə etmək istədiklərini. Bu stadionu  əzbər bilirlər, İçərişəhər o kora, Ağdam  mənə  doğma  olan kimi  Tofiq Bəhramov stadionu da «Qarabağ» üçün o qədər  doğmadır.

Beynəlxalq Olimpiya Stadionu futbol  stadionu  kimi  nəzərdə tutulmayıb. Ya BOS-da futbola  baxdın, ya da evdə televizorda – fərq etməz.  Bundan  başqa,  futbolçuların güc aldıqları  bir şey varsa  o da   təkcə azarkeşlərin  hayqırtısı yox, həm də nəfəsidir. BOS-da o nəfəs hiss olunmur.

Hörmətli Qurban Qurbanov,  inşallah,  Çempionlar Liqasına  düşəcəksiniz, amma BOS-da oynamağa   qətiyyən  razı olmayın.

Share: